İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş cəmiyyətindən Avroparlamentin həyasızlığına etirazlar

İctimaiyyət çirkin qətnaməni fransız deputatların layihəsi adlandırır; bu kampaniyaya hansı lobbilər dəstək verib?

Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə Azərbaycandan etirazlar gəlməkdədir. Bu əski parçası olan qətnaməyə Milli Məclis bəyanat yayaraq kəskin narazılığını bildirib. Bu etirazlara vətəndaş cəmiyyətinin üzvləri də qoşulublar.

Çingiz Qənizadə: Prezidentin parlament qarşısında qoyduğu mühüm vəzifələr  layiqincə yerinə yetirilir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, avropalı parlamentarilər sifariş yerinə yetiriblər. Onun sözlərinə görə, elə qətnamə qəbul olunan günü lobbiçilik ətrafında korrupsiya faktının üzə çıxması deyilənləri təsdiqləyib. Hüquq müdafiəçisi hesab etmir ki, avropalı deputatların Araik və digərlərinə ürəyi yanır: “Hətta Ermənistan Parlamenti onlar barəsində bəyanat qəbul etməyib. Məntiqlə erməni deputatlar bunu etsəydilər, başa düşmək olardı. Göründüyü kimi, Ermənistan Parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamenti özünə əl qatıb. Deməli, burada sifariş var”.

Ç.Qənizadənin fikrincə, erməni lobbisi onları pulla satın alıb, eyni zamanda bu məsələdə Qərbin Azərbaycana təzyiq göstərmək niyyəti var: “Ancaq əbəs yerə bu addımları atırlar. Azərbaycan təzyiqlərə heç zaman boyun əymir. Bu gün keçirilən məhkəmə prosesi həm dünyanın gözü qarşındadır, həm də tarixi ədalətdir. Əminəm ki, avropalı deputatlar öz ölkələrində belə şəxslər olsaydı, onların edam edilməsi təşəbbüsünü qaldırardılar. Azərbaycan isə onların hüquqlarını təmin edib, müdafiəçi, tərcüməçi ayrılıb, ifadə verirlər, saxlanma şəraitindən də narazılıq etməyiblər. Ona görə də Avropa Parlamentinin qətnaməsi heç bir təsir qüvvəsi olmayan bir kağızdır və sadəcə, çirkin kampaniyadır”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə də qeyd edib ki, Avropa Parlamenti həyasız şəkildə erməni separatçılarının azadlığına çağırır: “Qarabağda erməni separatçıları 30 il ərzində Azərbaycana qarşı terror və hərbi cinayətlər həyata keçirib. Amma Avropa Parlamenti bunu görməzdən gəlir. Bu separatçılar Ermənistan rəhbərliyinin yadına düşmür. Avropa Parlamentinin məlum qətnaməsi isə ikitərəfli danışıqlar prosesinə zərbə vurur. Həmçinin sülh prosesini pozmağa xidmət edir. Təbii ki, bu qətnamə fransalı deputatların layihəsidir. Avropa Parlamenti bununla öz fəaliyyətinə kölgə salmış olur”.

M.Əsədullazadənin sözlərinə görə, Avropa Parlamentinə təsir edən erməni və rus lobbiləri bununla Azərbaycanla Qərb arasında əməkdaşlığa da zərbə vurur: “Avropa Parlamenti İttifaq daxilində separatçılıq edən şəxslərə qarşı sərt addımlar atıb. Amma mövzu Azərbaycanla bağlı olduğu üçün "yaxşı-pis separatçı" məntiqi ilə çıxış edir. Avropa Parlamenti beynəlxalq hüququ kobud surətdə pozaraq xalqların təhlükəsizliyinə və təməl hüquqlarına hörmət etməyərək, qatı hərbi cinayətkarları müdafiə edir. Avropa Parlamenti Ukraynaya qarşı işğalı reallaşdıran şəxsləri müdafiə etsə, təəccüblü olmayacaq".

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov da bəyan edib ki, həmin avropalı parlamentarilər özləri də Ruben Vardanyanın, Araik Arutyunyanın yanında mühakimə olunmalıdırlar: “Çünki onlar cinayətləri törədən, uşaq ölümünə səbəb olan şəxsləri dəstəkləyən bəyanatlar verirlər. Və həmin şəxslərin azad olunması üçün çıxışlar edirlər”.

Yada salaq ki, Avropa Parlamentində növbəti dəfə korrupsiya faktlarına görə axtarışlar aparılıb. Belçika polisi martın 13-də, yəni qətnamə qəbul edilən günü Avropa Parlamentində “kommersiya lobbiçiliyi adı altında” korrupsiya ilə bağlı aparılan araşdırmanın bir hissəsi kimi iyirmiyə yaxın axtarış aparıb. Səlahiyyətlilər “cinayətkar təşkilat tərəfindən törədildiyi iddia edilən” əməllərə istinad edərək bildiriblər ki, bir neçə şəxs aktiv korrupsiya əməllərində iştirakı ilə bağlı dindirilmək üçün saxlanılıb. Belçika Federal Prokurorluğu kommunikesində 2021-ci ildən bəri müxtəlif formalarda korrupsiyanın sistemli şəkildə tətbiq edildiyini bildirir. Bura siyasi vəzifəli şəxslərə maliyyə mükafatları, xarici səfərlərin “maliyyələşdirilməsi” , “ezamiyyə və yol xərcləri” görüntüsü ilə böyük miqdarda vəsaitlər və bahalı hədiyyələr kimi korrupsiya halları tətbiq edilir.Prokurorluq rəsmisi bildirib ki, belə hallarda məqsəd siyasi qərarların qəbulunda təsir etmək və sırf şəxsi kommersiya maraqlarını təşviq etmək olub.

Yazını hazırladı:  Emil SALAMOĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR