İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarif Şurası dərmanların qiymətinə çarə ola bilmir

Türkiyədə 20 manata olan dərman preparatı Azərbaycanda 50-60 manata satılır

Artıq bir neçə aydır ki, dərman preparatlarının qiymətində kəskin artım müşahidə olunur. Bu gün Azərbaycanda dərmanların qiyməti qonşu Türkiyə və Rusiya ilə müqayisədə dəfələrlə bahadır. Türkiyədə 20 manata olan dərman preparatı Azərbaycanda 50-60 manata satılır. Üstəlik, qiyməti baha olsa da, dərmanların keyfiyyəti aşağıdır. Nisbətən ucuz, lakin keyfiyyətli dərman preparatları isə satışdan yığışdırılıb.

Dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Yanvarın 31-də keçirilən  iclasda yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib, eyni zamanda, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində dəyişikliklər edilib. Bununla da ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif Şurasının rəsmi internet saytında yerləşdirilib.

Bu o deməkdir ki, Azərbaycanın bütün apteklərində dərmanlar eyni qiymətə satılır. Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimum 40 faiz, 100 manata başa gələn dərman isə 14 faiz baha satıla bilər. Azərbaycan özü dərman istehsal etmir. Daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri kifayət qədər xərc yükü formalaşdırır. Ən əsası isə dərman bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə səbəb olur. Qiymətlərə ən ciddi təsir edən  dərman preparatlarına tətbiq edilən ƏDV və rüsumlardır.  Xaricdən gətirilən mallara rüsum o vaxt yüksək ola bilər ki, o məhsul ölkəmizdə istehsal olunsun. Azərbaycanda isə dərman istehsal olunmur. Bu gün Azərbaycana idxal edilən dərman preparatlarına görə ödənilən yüksək rüsum vətəndaşların cibindən çıxır. Əgər rüsumlar azaldılarsa, dərman şirkətlərinin də xərci azalmış olar. Nəticədə dərman preparatlarının dolayı yolla alınıb ölkəmizə gətirilməsinə ehtiyac qalmaz.

Yeri gəlmişkən, Tarif Şurasının rəsmi veb saytında yerləşdirilən dərman siyahısında kiçik araşdırma apardıq və qiymətlərin olduqca yüksək olduğunu gördük. 

Misal üçün, KİVEKSA (Birləşmiş Krallıq) - 969 manat, 81 qəpiyə, ZİTİQA ( İtaliya) - 3892 manat 37 qəpik, BRİMİKA GENUEİR (İspaniya) 331 manat 66 qəpik, VİROFO ADEFOVIR (Türkiyə) 204 manat, 26 qəpik, EYLEA (ABŞ) 1256 manat, ALBUNORM (Almaniya)- 235 manat 61 qəpiyə olduğu qeyd edilib.

Əvvəllər daha ucuz olan dərmanların qiymətində artımlar var. Misal üçün, AERTAL (Macarıstan)- 6 manat 34 qəpik, ASS 200 (Almaniya)- 14 manat 18 qəpik, ASPİRİN KARDİO (Almaniya)- 7,19, KARDİOMAQNİL (Almaniya) 7 manat 75 qəpiyə təqdim edilir.

Qeyd edək ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov açıqlamasında deyib ki, Azərbaycanda dərman qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və bu qiymətlər əczaçılıqla məşğul olan şirkətlərin təqdim etdiyi qiymətə əsasən təyin olunur: “Qiymət tənzimlənməsi şəraitində rəqabət olmur. Bizə daxil olan şikayətlər əsasında onu müşahidə edirik ki, istehlakçılar bioloji aktiv məhsulların qiymətindən narazıdır. Bu məhsullar isə azad rəqabət şəraitində fəaliyyət göstərir və tənzimlənən qiymətlər yuxarı-aşağı satıldığı halda buna nəzarət edirik”.

Rəis müavini həmçinin vurğulayıb ki, Tarif Şurası tərəfindən təyin olunan qiymətlər həmin rəqəmdən fərqli qiymətə satılırsa, birbaşa qanun pozuntusu sayılır və qanunamüvafiq addımlar atılır: “İstisna etmirəm ki, bəzi dərman qiymətləri Tarif Şurası tərəfindən qalxır. Çünki logisitika xərcləri, məhsulun maya dəyərində olan artım buna təsir edir. İstehlakçılar qiymətdən narazı olduğu halda Tarif Şurasının saytında həmin qiyməti araşdıraraq bizə müraciət edə bilərlər”.

Musa Quliyev: Qanunla ağciyərin transplantasiyasının aparılmasına icazə  verilir, amma...

 Musa Quliyev 

 “Dərman vasitələri haqqında” Qanunun İşçi qrupunun rəhbəri, deputat Musa Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərmanlarla bağlı məsələ Azərbaycanda çox ciddi bir problemə çevrilib: “Pandemiya başlayandan biz bu çətinlikləri hiss edirik. İl yarım bundan qabaq mən Milli Məclisdə təklif verdim. Təəssüf ki, o təklifim hökumət tərəfindən dinlənilmədi. Bəzi millət vəkili həmkarlarım da onun əleyhinə çıxdılar. Hesab edirəm ki, indiki zamanda ən yaxşı variant yenə də bu məsələyə qayıtmaq, Azərbaycan və Türkiyənin dərman sənayesini birləşdirməkdən ibarətdir. Hazırda Türkiyə dünyada ən ucuz və keyfiyyətli  dərman istehsal edən, eyni zamanda uyğun şərtlərlə idxal edən ölkələrdəndir. Heç də təsadüfi deyil ki, bizim hər birimiz həkimə müraciət edəndə, həkimlər bildirir ki, "imkan daxilində dərmanı Türkiyədən gətirin" deyirlər. Bu gün biz Türkiyəyə gedib-gələnlərə baxsaq, oradan ən çox gətirilən vəsait dərmandır. Biz Türkiyə ilə hərbi sənayemizi birləşdiririk, təhsilimizi birləşdiririk, bir millət iki dövlətiksə, niyə qorxuruq?! Mən hesab edirəm ki, Türkiyənin dərman sənayesi imkanlarından geniş istifadə etmək lazımdır. Əgər ölkə özü dərman istehsal etmirsə, 95-96 faiz idxaldan asılı bir ölkəyiksə, burada qiymətin tənzimlənməsindən söhbət getməli deyil. Biz azad bazar iqtisadiyyati şəraitində yaşayırıq. Burada da azad rəqabətə imkan verməliyik".

Deputat əlavə edib ki, statistika aparılsa, dərman gətirən cəmi 4-5 böyük şirkətin olduğu, digərlərinin  onlardan asılı vəziyyətdə işlədiyi ortaya çıxar: “Burada da bir monopoliya var. Bu da imkan verir ki, həmin şərtlər daxilində qiymətləri istədiyi şəkildə tənzimlənsin. Bu tənzimləmə də vətəndaşın xeyrinə deyil. Məsələ apteklərin bir neçə aptek şəbəkəsindən asılı olması ilə bağlıdır. Lisenziyanı da onlardan alırlar və fəaliyyətə başlayırlar. Bu  doğru deyil. Yəni biz bir aptek, bir lisenziya sisteminə keçməliyik. Hər bir ərizəsi, diplomu olan adam lisenziya almalıdır. Şirkətlərdən asılılıq aradan qalxmalıdır. Burada monopoliyanın doğurduğu fəsadlar var ki, vətəndaşlarımıza baha başa gəlir, həm də lazım olanda dərman qıtlığı da yaranır və bundan da istifadə edə bilmirlər. Burada kompleks şəkildə tədbir görməliyik”.

Quliyev qeyd edib ki, dərmanların ölkədə qeydiyyatı asanlaşdırılmalıdır: “Təkcə qeydiyyat sənədlərinə baxsaq, 400 səhifəlik bir qeydiyyat sənədi olan toplum görürük. Onu sahibkar necə, nə vaxt oxusun, kiçik sahibkarlardan söhbət gedir. Yeni dərmanlar çıxıb. Biz sahibkarlara sərbəstlik verməliyik, monopoliya imkanlarını minimuma endirməliyik, ən optimal yol isə indiki şəraitdə Türkiyədə qeydiyyatdan keçən dərmanların qeydiyyatsız ölkəyə girişinə təminat verməliyik. Belə olan hallarda qiymətlər də ucuz olacaq, keyfiyyət də yüksək olacaq”.

Azərbaycan Tibb Universiteti | Dosent Aydın Əliyev

Aydın Əliyev 

Farmakoloq-alim, dosent Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda mütləq dərman zavodları açılmalıdır: “Milyardlarla pulumuz xarici ölkələrə gedir. Xarici vətəndaşların yaşayışına gedir. Xaricdən gətirilən dərmanlarda da Azərbaycanda hələlik bu günə kimi yol xərcləri, gömrük, rüsumlar, bütün bunların hamısı dərmanların üzərinə gəlir. Sahibkar da onların hamısını və əlavə qazancını xəstələrdən çıxır. Ona görə də bunun qarşısının alınmağının yolu ölkəmizdə dərman zavodlarının açılmasıdır. Tarixi Qarabağ qələbəsindən qabaq bu fikir var idi ki, təcili bizdə yeni zavodlar açılsın. Yəqin ki o işlər müəyyən dərəcədə gedir. Amma müharibə bu işləri ləngitdi. İnanıram ki, bizdə dərman zavodlarının açılması bir, ya iki ilə gerçəkləşəcək. İkincisi, Azərbaycanda   çox böyük potensial olan təbii vasitələr var. Bizdə flora güclüdür, bunu bizim əczaçı alimlərimiz bilirlər. Onların bu sahədə işləri çoxdur. Deməli, bizim zavod açmağa imkanlarımız yüksəkdir. Digər tərəfdən, çox güclü kimyaçılarımız var, kimya institutumuz var, çox güclü farmakoloq, əczaçılarımız var, bunlar hamısı iş potensialıdır. Bunlardan istifadə edib, mütləq öz zavodlarımızı açmalıyıq ki, həm dövlət büdcəmiz, həm yeni iş yerlərimiz, həm də elmimiz inkişaf etsin. Dərmanla bağlı rüsumları azad etmək lazımdır ki, əhalinin dolanışığına zərbə yox, dolanışığına kömək edək. Bunlar vacib məsələlərdir. Tarif Şurası əvvəl də qərar vermişdi. Amma fikir verdinizmi Tarif Şurasının qərarları işləmədi. İstənilən sahibkar istənilən dərmanı istədikləri kimi satdılar. Arzu edərdim ki, TŞ-nin bu qərarı yerinə yetirilsin. Bu çox vacib şərtdir. Bir də yaxşı olardı ki, Tarif Şurası hansı dərmana qiymət qoyubsa, onları ictimaiyyətə açıqlasın, insanlar da aldığı dərmanın rəsmi olaraq satış qiymətini bilsin”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR