İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil: “Vahid İstintaq Komitəsinin yaradılması zamanın tələbidir”

Azərbaycanda hüquq-mühafizə sistemində, əksər nazirliklərdə ayrıca istintaq şöbəsinin mövcudluğu cinayət işlərinin obyektiv araşdırılmasına ictimaiyyət arasında şübhələr yaradır.

Hazırda ölkədə prokurorluqla yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin də istintaq orqanı var. İstintaqı aparan şəxslərin eyni qurumun tabeliyində çalışması işin obyektiv araşdırılmasına kölgə salır. Vahid İstintaq Komitəsinin yaradılması məsələsi hələ sovet dönəminə gedib çıxır. Lakin indiyədək reallaşmayıb. Zaman-zaman belə bir komitənin yaradılması təşəbbüsləri olur.

Sonuncu dəfə bu təşəbbüslə deputat Qüdrət Həsənquliyev çıxış etmişdi. Deputat demişdi ki, güclü hüquq-məhkəmə sistemi yaradılmalıdır: “Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Çox az nazirliyin istintaq orqanı yoxdur. Ona görə də ölkədə vahid istintaq komitəsi yaradılmalıdır”.

 

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda Vahid İstintaq Komitəsinin yaradılması vacibdir: “Ölkədə cinayət işlərinin istintaqını aparan çoxlu sayda qurumlar var və son dövrlər bir çox nazirliklər, dövlət xidmətləri özlərinə belə istintaq qurumları yaradıblar. Prokurorluqdan başqa cinayət işlərinin ibtidai araşdırmasını aparan dövlət qurumlarının istintaq orqanı var. Bu qurumların həmçinin nəzarət və əməliyyat-axtarış fəaliyyətini həyata keçirdiyini nəzərə alaraq, onların həmin işlər üzrə istintaq aparmaları korporativ maraqlar baxımından obyektivliyi təmin edə bilməz. Təsəvvür edin, vergi orqanı şəxs barəsində yoxlama aparır və öz istintaqına verir, öz istintaqı isə bu cinayət işinin obyektiv aparılmasını təmin etmək əvəzinə, sadəcə, yoxlama orqanının nəticələrini təsdiq etməklə işi məhkəməyə göndərir”.

Vəkilin sözlərinə görə, eyni misalı digər qurumlarla bağlı gətirmək olar: “Prokurorluğun cinayət işi başlamaq, istintaq aparmaq, istintaqa nəzarət etmək, özünün təsdiq etdiyi ittiham üzrə məhkəmədə dövlət ittihamını müdafiə etmək, məhkəmə qərarlarından protest vermək kimi funksiyaları SSRİ dövrünün qalıqlarıdır. Nəzərə almaq lazımdır ki, Konstitusiyada Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyətinə aid edilib. Dəfələrlə qeyd etmişik, prokurorluq yalnız istintaqa nəzarət etmək və dövlət ittihamını müdafiə etmək funksiyasına malik olmalıdır. Ölkədə olan istintaq orqanlarının vahid istintaq qurumu altında birləşdirilməsi artıq zamanın tələbidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR