İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil dələduzluqla ələ keçirdiyi 510 min manatı generala qaytarıb

Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bu zaman Elçin Qəmbərov deyib ki, cinayət işi ilə tanışdır, anket məlumatlarını elan etməyə əsas yoxdur: "Mən hüquqlarımdan istifadə edirəm. İfadə verməkdən imtina edirəm".

Hakim isə deyib ki, hazırkı mərhələdə ifadə vermə mərhələsi deyil, tərəflərin tanışlıq mərhələsidir. Daha sonra anket məlumatları dəqiqləşdirilib. Bu zaman Elçin Qəmbərov deyib ki, hazırda vəkillik fəaliyyətinə xitam verilməyib. Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlanma təcridxanasının rəisi Mehman Əhmədovun məhkəməyə göndərdiyi məktub elan olunub. Həmin məktubda Elçin Qəmbərovun məhkəməyə gətirilib-aparılmasında çətinliklərin yaranması, həmçinin E.Qəmbərovun öz istəyi ilə Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib.

Məhkəmə Elçin Qəmbərovun Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul edib. Qərar icra olunması üçün müvafiq quruma göndərilib.

Bundan sonra Elçin Qəmbərovun vəkili Leyla Namazzadə vəsatətlə çıxış edib. Onun ilk vəsatəti məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı olub. Vəkil bildirib ki, cinayət halı təqsirləndirilən şəxsin peşə fəaliyyətinə aiddir. Qanunla peşə, ailə və kommersiya sirrinin yayılması yolverilməzdir. Daha sonra vəkil təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı tam ödəyib, onlar barışıblar, zərərçəkmiş şikayətçi deyil.

Hakim zərərçəkmiş Elgün Şıxəliyevin məktubunu elan edib. Həmin məktubda göstərilib ki, Elçin Qəmbərov tərəfindən ona dəymiş 510 min manat ziyan tam ödənilib. Bu səbəbdən zərərçəkmiş şəxs təqsirləndirilən Elçin Qəmbərovdan şikayətçi olmadığını, gələcəkdə də şikayəti olmayacağını qeyd edib.

Vəsatətlərə münasibət bildirən prokuror Ziya Mansurov qeyd edib ki, təqsirləndirilən şəxsin əməlində peşə sirri ilə bağlı heç bir hal mövcud deyil. Prokuror prosesin qapalı keçirilməsi barədə vəsatətin təmin edilməməsini istəyib. Prokuror həmçinin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə etiraz edib, bildirib ki, vəsatətin təmin olunması üçün əsas yoxdur. O,  cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Müşavirə keçirən hakim heyəti vəsatətləri təmin etməyib. Məhkəmə baxışı martın 7-ə təyin olunub.

Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili idi, "Mərkəz" Vəkil Bürosunun rəhbəri olub.

Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib. Onun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin oğludur. Elgün Şıxəliyev atası Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa növ qətimkan tədbiri ilə əvəz olunması üçün Elçin Qəmbərova 500 min manatdan yuxarı məbləğdə pul verib. E.Qəmbərov Mövlam Şıxəliyevin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün yüksək vəzifəli tanışlarının vasitəsi ilə həll edəcəyinə vəd verib. Amma vədinə əməl etməyib. Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin M.Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

E.Məmmədəliyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR