Onlayn ictimai-siyasi qəzet
Azərbaycan şahmatçıları Macarıstanın paytaxtı Budapeştdə keçirilən şahmat olimpiadasında 189 ölkə arasında 8-ci yeri tutub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, zəka olimpiadasının qalibi Hindistan şahmatçıları olub. Son illərdə bu ölkənin şahmat sahəsində ön yerlərə çıxması davam edir.
İkinci yer dünyanın hər tərəfindən istedadlı şahmatçıları xüsusi diqqət və qayğı nəticəsində özünə cəlb edən ABŞ-nin yığma komandası tutub.
Bürünc medallar Özbəkistan şahmatçılarına qismət olub. Paris olimpiadasında 8 qızıl medal qazanaraq, dünyaya səs salan özbəkistanlılar bu qələbə ilə təkcə döyüş idmanlarında yox, həm də intellektual oyunlarda inkişafda olduqlarını sübut ediblər. Olimpiadanın qalibi olan hindistanlılara yeganə qalib gələn də Özbəkistanın milli komandası olub. Bu komandanın üzvü Şəmsiddin Vohidov qızıl medala, Nodirbek Abdusattorov isə gümüş medala layiq görülüb.
Çin şahmatçıları 4-ü yerlə kifayətlənib. 5-ci və 6-cı yerləri tutan Serbiya və Ermənistan şahmatçılarının nailiyyəti bir qədər gözlənilməz olub.
Bizim üçün daha gözlənilməz nəticə Azərbaycan şahmatçılarının ilk beşliyə düşməməsidir. Şahmatı ən yaxşı oynayan 10 olkədən biri olan Azərbaycanın daha ön pillələrdə olması gözlənilirdi. Bu, tənəzzül sayılır.
Maraqlıdır ki, qadın şahmatçıların yarışmasında hindistanlı qızlar birinci, qazaxıstanlılar ikinci, ermənilər 5-ci olduğu halda Azərbaycanın qadın şahmatçıları 15-ci olublar.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ