İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail quru əməliyyatına başlasa, ABŞ...-Ekspert  

 

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah Korpusunun keçmiş komandanı, general-mayor Gerşon Hacohen deyib ki, İsrail ordusu Livana quru sərhədlərindən daxil ola bilər.

"İsrail Hizbullahla davamlı döyüşləri nəzərə alaraq buna nail olmaq üçün mübarizə aparır. İsrail anladı ki, indiyə qədər etdiyi hərəkətlər sakinləri evlərinə qaytara bilməz və buna görə də öz mövqeyini dəyişməlidir”, - deyə o vurğulayıb.

Ardınca Çin vətəndaşlarını İsraili tərk etməyə çağırıb. Çin vətəndaşlarına hələlik İsrailə səfər etməməyi, İsraildə məcburi qalanlara çölə çıxmamağı məsləhət görüb.

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a şərhində bildirib ki, İsrail-HƏMAS toqquşmasından sonra İsrail tərəfinin Livana qarşı da hərbi əməliyyat keçirəcəyi gözlənilən idi:

“Düzdür, İsraildə Livana qarşı, daha dəqiqi Hizbullaha qarşı quru əməliyyatına başlaması birmənalı qarşılanmır. Hizbullaha qarşı quru əməliyyatı istənilən nəticəni verməyə də bilər çünki Hizbullahın son dərəcə ciddi gücü var və peşəkar döyüşçülərdən ibarət nizami ordusu mövcuddur.

İsrail tərəfinin hava hakimiyyəti danılmazdır ancaq hava hakimiyyəti ilə Hizbullah üzərində qələbə qazanmaq mümkün deyil. Netanyahunun bu qərarı verməsi ABŞ-dəki seçkilər, ABŞ-nin müharibəyə cəlb edilməsi və İranın da məcbur qalaraq prosesə qoşulması ilə bağlıdır. Faktiki olaraq ərəb ölkələri İsrailin gücünü qəbul edib və Fələstinə heç bir dəstək vermir. İsrailin tək rəqibi, ona müqavimət göstərən ölkə İrandır. Hizbullahın isə İranın proksi ordusu olduğu danılmazdır. İsrail çalışır ki, onun qarşısında güc qalmasın. Netanyahu bu oyununa ABŞ-i alət etmək istəyir və görünən odur ki, edəcək. İsrail mediası da yazır ki, Netanyahu dayansa, baş nazirlikdən gedəcək, ardınca isə məhkəmə qarşısına çıxacaq. Ona görə də çalışır ki, müharibə nəinki bitsin, əksinə miqyası genişlənsin”.

S.Məmməd hesab edir ki, İsrailin tək başına Hizbullaha qalib gəlmək ehtimalı çox aşağıdır: “İsrail ABŞ-i yanına almaq istəyir. Elə ABŞ də bilir ki, tək Hizbullaha qarşı döyüşsə, İsraili itirəcək. İranın necə addım atacağı isə məlum deyil. Çünki İranın yeni prezidenti sahəyə enmək istəmir. Tamamilə fərqli yön tutmaq niyyətindədir. Ancaq SEPAH-ın sahəyə enmək istədiyi açıq şəkildə hiss olunur. Hizbullahın quru qoşunları elə bir səviyyədədir ki, döyüşmək üçün müraciət edənlərə açıq şəkildə "ehtiyac yoxdur" bəyanatını verdilər”.

Ekspertin fikrincə, İsrail quru əməliyyatına başlasa, Yaxın Şərqdə vəziyyət daha da ağırlaşacaq, müharibənin miqyası genişlənəcək. “İrandan fərqli olaraq Suriyanın müharibəyə qoşulmaq ehtimalı isə daha yüksəkdir”,- deyə o əlavə edib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR