İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist Naxçıvanla bağlı SİRLƏRİ AÇDI: "Mənə demişdilər ki, həmin maşın..." - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakıdan bir qrup jurnalist Naxçıvana səfər edib. Onlar Naxçıvanın yeni rəhbərliyi ilə görüşüb, yeniliklər barədə məlumat alıblar.

Həmin səfərdə iştirak edən "Prime TV"nin rəhbəri, jurnalist Aygün Muradxanlı bildirib ki, səfər çərçivəsində onlar Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvanın daxili işlər naziri Süleyman Nemətovla da görüşüblər.

Musavat.com "Prime TV"nin rəhbəri Aygün Muradxanlının səfər təəssüratlarını öyrənib.

A.Muradxanlı bildirib ki, səfər ötən ilin sonunda planlaşdırılıb:

"Planlaşdırmışdıq ki, Naxçıvana gedək, Vasif Talıbov zülmünün bitişini, feodal dönəmin sonunu öz gözlərimizlə görək. Yəni o emosiyaların ilkin mərhələsini biz də görək, naxçıvanlılarla birlikdə yaşayaq. Çünki faktiki olaraq Heydər Oğuz, Tural Səfərov və mən 8 aydır ki, bu prosesi aparırıq. Ötən ilin martından başlayaraq Tural Səfərov bizim israrlarımız üzərinə efirə çıxdı, başına gələn hekayədən başlayaraq Naxçıvanda əslində necə bir dəhşətli rejimin hökm sürdüyünü bütün Azərbaycana bəyan etdi. Heydər Oğuz da bu prosesin ən aparıcı simalarındandır. Biz efirlərdə bunu ehtiyatla danışanda inanırdıq ki, bir gün mütləq "divin ürəyi olan bu şüşə" də sınacaq. Şükürlər olsun ki, dekabrın 22-də Prezidentin səlahiyyətli nümayəndəsinin təyin edilməsi ilə yeni bir dönəm başladı. Biz bu gün Naxçıvan üçün arzu etdiyimiz günləri görürük, yaşamağa başlayırıq. Bu, çox gözəldir.

Mən 2013-cü ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin 75 illik yubileyi ilə bağlı Naxçıvanda olmuşdum. Kələki kəndinə getmişdim, o zaman Naxçıvanda dəhşətli rejim idi. Təbii ki, səfərimiz öncədən planlaşdırılmışdı. Məni qarşılamağa gələcəkdilər. Mənə deyilmişdi ki, bəlli nömrəli avtomobil kənarda dayanacaq, amma sən düşən kimi qətiyyən ona yaxınlaşma. Bir neçə maşına yaxınlaş, danış, anlaşmamaq kimi bir durum yarat, sonra həmin sürücüyə yaxınlaş və danış, guya anlaşdınız, ondan sonra avtomobilə əyləş. Yəni bu dərəcədə gərginlik var idi. Bir jurnalistin hava limanında qarşılanması, Elçibəyin kəndinə aparılması sanki bir cinayət ssenarisi idi. Amma biz bu gün də Naxçıvanda vəzifədə olan bir çox şəxslər haqqında kifayət qədər tənqidi fikirlər səsləndirməyimizə baxmayaraq, bura çox rahat gəldik.

naxcivan.jpg (211 KB)

Vətəndaşlar bizi görən kimi yaxınlaşdılar, özəlliklə Heydər Oğuza. Çünki o, Naxçıvanla bağlı sadəcə "Prime TV"də deyil, əksər televiziya kanallarında ən çox danışan, ən çox fakt səsləndirən, ən kəskin tənqid edən və Prezident İlham Əliyevdən bu məsələlərə diqqət ayırmasını xüsusilə rica edən bəlkə də birinci şəxsdir. Heydər Oğuz Vasif Talıbov çetesi ilə bir cəng etdi. Medianın böyük dəstəyi ilə o, bu cəngdən qalib çıxdı. Əslində, qalib təkcə Heydər Oğuz deyil, qalib Azərbaycandır, qalib bizim cəmiyyətimizdir.

Hava limanından Naxçıvana enişdə artıq biz gördük ki, bir başqa Naxçıvandır. İnsanlar rahat, sərbəstdir, fikirlərini, sevinclərini ifadə edirlər. Biz də o sevincdən xoşbəxt olduq. Biz bu fədakar, Naxçıvanı tərk etməyən, min illər boyu dədə-baba yurdumuz olan bu qədim diyarı tək qoymayan insanlarımızın o fədakarlığın sonunda sevincinin şahidi olduq. Bizim gözlərimiz doldu, çox qürurlandıq ki, Naxçıvan üçün çətin bir dönəm bitdi".

Aygün Muradxanlı qeyd edib ki, biz bu gün qlobal proseslərin içərisindəyik:

"Zəngəzur dəhlizinin açılması təkcə bizim tarixi torpaqlarımıza geri dönüşümüz, yenidən o torpaqlara ayaq basmağımız deyil. Bu, qlobal proseslərin bir parçasıdır. Eyni zamanda Naxçıvanın Azərbaycanın konstitusion tərkibində var oluşunun təsbit edilməsinə doğru atılan addımlar sıradan məsələlər deyil. Vasif Talıbov Muxtar Respublikanın Azərbaycandan, Bakıdan tabeliyinin azaldılması üçün bu illər ərzində çox ciddi şəkildə işləyib, buna ciddi şəkildə nail olub. Naxçıvan Konstitusiyası ilə Azərbaycan Respublikasının Konstitusiyası arasındakı ziddiyyətlər ona imkan verib ki, Naxçıvanı faktiki olaraq Bakının tabeliyindən çıxarıb öz iradəsinə tabe etdirsin. Və Azərbaycan üçün çox ziyanlı prosesləri sərbəst şəkildə həyata keçirə bilsin. Sevindirici haldır ki, o dönəm artıq bitib. Artıq Azərbaycanın Konstitusiyasında yazıldığı kimi bir unitar dövlət modeli yaranır. Biz ümid edirik ki, 2023-cü ildə Konstitusiyamız dəyişəcək, yeni referendum keçiriləcək, Azərbaycanın tərkibində hər hansı muxtar vilayət, respublika olmayacaq. Bu, həm Qarabağın taleyi, həm Naxçıvanın gələcəyi, həm də Azərbaycanın, türk dünyasının bütövlüyü üçün son dərəcə vacib addımlardır. Naxçıvan Türkiyənin Turan qapısıdır. Bu qapı nə qədər əmin əllərdə olsa, sabit, təhlükəsiz olsa o deməkdir ki, Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin Azərbaycan üzərindən digər türk ölkələri ilə qurduğu əlaqələr o qədər təhlükəsiz və möhkəmdir".

"Prime TV"nin rəhbəri Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvanın daxili işlər naziri Süleyman Nemətovla görüşlərindən də danışıb:

"Biz bu gün çox məmnun olduq ki, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə, Naxçıvanın daxili işlər naziri Süleyman Nemətovla görüşdük, onların dilindən, özəlliklə də Fuad bəyin dilindən Naxçıvanla bağlı prosesləri eşitdik. Fuad Nəcəfli Prezidentin ona nələri tapşırdığını bizə yenidən sadaladı, prioritetlər barədə danışdı. O danışıqdan sonra bizdə belə bir təəssürat oyandı ki, dövlətimizin Naxçıvanla bağlı sürətli bir dəyişim planı var. Yəni Vasif Talıbovun o despotik rejimindəki proseslərin dəyişilməsi, Fuad bəyin dediyi kimi, o keyfi qərarların aradan qaldırılması üçün sürətli bir proses başlanır.

aygun.jpg (85 KB)

Gözləntilərimiz odur ki, özəlliklə ictimai məna daşıyan problemlər sürətlə aradan qaldırılacaq. Mənim bir vətəndaş, jurnalist kimi gözləntim sahibkarlarla bağlı məsələlərin həllidir. Çünki Vasif Talıbov Naxçıvanı sözün əsl mənasında elə bir özəlləşdirmə testindən keçirib ki, özündən, övladlarından, qardaşlarından, yaxın ailə üzvlərindən başqa hər kəs o testdən kəsilib. Bu gün Naxçıvanda istənilən ticarət obyektinə baxanda onun təsisçilərinin bir ailə olduğu görünür. Amma qanunsuzluqlara məruz qalmış sahibkarlar hazırda sənədlə Ali Məclisin önündədirlər, səlahiyyətli nümayəndə ilə, daxili işlər naziri ilə görüşürlər.

ali meclis.jpg (83 KB)

Təbii ki, hüquqi prosedurları tez müddətə həll etmək mümkün deyil, amma mən çox inanıram ki, Naxçıvanın inkişafı istiqamətində önəmli olan investisiya cəlbi üçün öncə bu mühiti korlayan faktlar aradan qaldırılacaq. Haqqı yeyilən sahibkarlar öz haqqını almadan Naxçıvanda investisiya mühitini sağlamlaşdırmaq mümkün olmaz. Bunu özəlliklə Naxçıvana rəhbər təyin edilən şəxs, onun komandası, onu dəstəkləyənlərin hər biri bilir ki, xüsusilə orta biznesi dirçəltmədən Naxçıvana böyük köçü təmin etmək çox çətin olacaq".

Aygün Muradxanlının sözlərinə görə, yaxınları Vasif Talıbov rejiminə görə Naxçıvandan didərgin düşmüş xeyli insan var ki, onlar qayıtmağa hazırlaşırlar:

"Bu gün bir neçə ailədə qonaq olduq. Bizi burada sevgi ilə qarşıladılar. Bizə deyirlər ki, siz bu prosesi başlatdınız, Vasif xanı devirdiniz, Azərbaycan mediası nəhayət ki, bu məsələni ölkə gündəminə gətirdi, nə gözəl ki, siyasi iradə nümayiş olundu, Prezident Naxçıvanla bağlı ən doğru qərarlardan birini verdi, üsul-idarənin dəyişməsi üçün çox ciddi bir addım atdı. Ümid edək ki, referendum yolu ilə Naxçıvanın siyasi taleyilə bağlı da çox ciddi qərarlar qəbul olunacaq və hər şey Azərbaycanın, millətimizin xeyrinə olacaq".

serq.jpg (84 KB)

"Prime TV"nin rəhbəri vurğulayıb ki, səfər 3 günlükdür:

"Ayın 8-nə kimi buradayıq. Qarşıdakı 2 gündə çalışacağıq ki, daha çox şikayətçi ilə görüşək, insanları bir də eşidək, yenidən Naxçıvandakı dəyişiklikləri öz gözlərimizlə görək. Naxçıvanda gülən üzlər, ümidli gözlər çox yaxşıdır. Amma bu gün Naxçıvanın küçələri boşdur, Naxçıvan hələ də Vasif Talıbovun yaratdığı o sükutun izlərini daşıyır. Bu sükut yoxdur, amma izləri qalıb. Mən çox ümid edirəm ki, Naxçıvan bizim qaynar bir bölgəmiz olacaq. Naxçıvan öz önəmi, çəkisi ilə strateji bağların qurulmasında önəmli rol oynayacaq".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR