Onlayn ictimai-siyasi qəzet
"Pasiyentlər sağlamlıqlarını təhlükəyə atmamalı, "padvalaltı" şəraitdə edilən estetik əməliyyatlardan və qeyri-peşəkar şəxslərdən uzaq durmalıdırlar. Təəssüf ki, əvvəllər ingilis dili müəllimi, manikür ustası, saç ustası və ya taksi sürücüsü olmuş şəxslərin bu gün liposaksiya əməliyyatı apardığına dair məlumatlar eşidirik. Bu şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılması və onlara qarşı sərt tədbirlərin görülməsi vacibdir. Bu məsələ təkcə insan sağlamlığına deyil, həm də genefondumuza və həkimlik adına ciddi zərbə vurur".
Bu sözləri Musavat.com-a açıqlamasında plastik cərrah Elnur Mehrəli deyib.
Cərrah bu günlərdə 23 yaşlı Nərmin İsgəndərovanın qarın gərmə və bədən şəkilləndirmə əməliyyatından sonra vəfat etməsi hadisəsinə də münasibət bildirib:
"Deyilənə görə, əməliyyatı icra edən həkim ölkə xaricində təhsil alıb, lakin bu sahə üzrə dövlətimizin attestasiyasından keçməyib və əməliyyatı icra etmək icazəsi olmayan şəxs olub. Çox təəssüf ki, bu cür hallar cəmiyyətimizdə böyük etimadsızlıq yaradır. Hətta etibarlı həkimlərə qarşı güvən məsələsində ciddi şübhələr doğurur. Yəni, "qurunun oduna yaş da yanır". Bu, təbii olaraq, bizi də narahat edir və düşündürür.
Əlbəttə, qadınlar düzgün həkim seçmək məsələsində diqqətli olmalıdırlar. Onlar araşdırma apararaq, uzun illər bu sahədə peşəkar fəaliyyət göstərən, peşəsinə vicdanla və savadla yanaşan həkimlərə müraciət etməlidirlər. Təkcə görüntüyə və ya fotoşopla düzəldilmiş fotolara, videolara aldanmaq olmaz. Lazım gəldikdə, müraciət etdikləri həkimin sertifikasiyasını, diplomunu və peşəkarlığını təsdiqləyən sənədləri tələb edə bilərlər. Bundan başqa, həkimin müayinə və yanaşma tərzi də onun peşəkarlığını müəyyənləşdirmək üçün önəmli göstəricidir.
Həkimlər müraciət edən pasiyentlərin keçirdikləri xəstəliklərə, ürək-damar sistemi problemlərinə, epileptik vəziyyətlərinə və hətta son illərdə dünyanın böyük bəlası olan koronavirusun təsirlərinə xüsusi diqqət yetirməlidirlər. Koronavirus keçirmiş və xəstəxana şəraitində müalicə almış, ağciyərlərində "buzlu şüşə" görüntüsü aşkar olunmuş pasiyentlərdə abdominoplastika əməliyyatı zamanı qarın əzələlərinin yığılması fonunda yaranan gərginlik ciddi fəsadlara yol aça bilər. Eyni zamanda, çəki və yaşla bağlı problemlər də bu pasiyentlər üçün əlavə risk faktoru yarada bilər.
Bu kimi halları nəzərə almayan və özünü plastik cərrah kimi təqdim edərək əməliyyat icra edən şəxslərlə bağlı çoxsaylı şikayətlər eşidirik. Təəssüf ki, ümumi cərrah və ya ginekoloq olduqlarını iddia edərək bu cür əməliyyatlara girişən şəxslər var. Eyni zamanda, kosmetoloji salonlarda, şəraitsiz mühitdə edilən liposaksiya və dolğu prosedurlarının çoxalması da ciddi problemə çevrilib. Bu halların nəticəsində müxtəlif patologiyalar və fəsadlarla bizə müraciət edən pasiyentlər az deyil. Müayinə zamanı texniki səhvlər, əməliyyatın düzgün planlaşdırılmaması və hər kəsə eyni yanaşmanın tətbiq edilməsi kimi problemlər ortaya çıxır. Halbuki, hər bir pasiyent fərdi yanaşma tələb edir. Yaş qrupu, xüsusi vəziyyəti, keçirdiyi xəstəliklər, çəkisi və digər sağlamlıq problemləri nəzərə alınmalıdır".
Elnur Mehrəlinin sözlərinə görə nəticə olaraq, bu sahədə nəzarətin gücləndirilməsi və pasiyentlərin maarifləndirilməsi zəruridir.
"Hər kəs sağlamlığına dəyər verməli və əməliyyat üçün peşəkar həkimlərə müraciət etməlidir", - deyə cərrah qeyd edib.
Xalidə Gəray
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ