İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Mirkişili: “Yanvar-aprel aylarında əlavə dəyər 40 milyard manat olub”

“2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur”.

Musavat.com bildirir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdəki büdcə müzakirləri zamanı söyləyib. Komitə rəhbəri qeyd edib ki, neft qiymətlərində azalma tendensiyasının müşahidə edilməsi beynəlxalq təşkilatların bu xammal üzrə proqnozlarına düzəliş etmələrini şərtləndirib: “Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, 2023-cü ildə orta illik neft qiymətinin ilkin versiyada 85,5 ABŞ dolları olacağı güman edilsə də, cari ilin aprel hesabatına əsasən bu göstəricinin 73,1 ABŞ dolları olacağı proqnoz edilir. BVF-lə yanaşı, Dünya Bankı da neftin qiymətinə dair proqnozunu 4 ABŞ dolları azaldaraq, 88 ABŞ dollarına endirib”.

T.Mirkişili bildirib ki, 2023-ci ilin dövlət büdcəsi haqqınqa qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 30774 milyon, xəclərinin 33 353.3 milyon, kəsirinin isə 2 579.3 milyon manat olacağı planlaşdrılmışdı: “Eyni zamanda 2023-ci ildə ÜDM-in real artım tempinin 2.7%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.5%, inflyasiyanın orta illik səviyyəsinin 6.9%, olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 40 mlrd. manat olub, iqtisadi artım tempi 0,1% təşkil edib. Artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilib, bu sektorun 1,5 faiz bəndi artırıcı təsiri neft-qaz sektorunun 1,4 faiz bəndi azaldıcı təsirini üstələyib. Qeyri-neft/qaz sektorunun artımına müsbət töhfəni əsasən turizm və tikinti sektoru verib”. T.Mirkişili qeyd edib ki, dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib: “2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in 111,6 mlrd. manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 5,6 mlrd. manat artımın 4,4 mlrd. manatının qeyri-neft/qaz, 1,2 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2023-cü il üçün 4.5%-dən 4.9%-ə qədər artırılıb. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 10 dollar artırılaraq 60 dollar səviyyəsinə uyğun həyata keçirilib. 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub, istehlak səbətinin hər 3 alt qrupu üzrə ikirəqəmli qiymət artımı izlənib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası orta illik qiymətləndirmədə 12,9% təşkil edib. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib”.

 Komitə rəhbəri bildirib ki, dünyada İnflyasiya ilə mübarizə fonunda monetar siyasətin sərtləşdirilməsi bəzi təşkilatların iqtisadi artım proqnozlarının azalmasıilə nəticələnmiş, inflyasiya proqnozları nisbətən azaldılsa da, yüksək olaraq qalmaqda davam edib: “2023-cü ildə sərt monetar siyasət və zəifləyən məcmu tələb şəraitində dünyada qiymət artımının nisbətən zəif olacağının proqnozlaşdırılmasına baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən bu göstəricinin hələ də yüksək olduğu vurğulanır. Belə ki, 2022-ci ildə dünya üzrə 8,7% qeydə alınmış inflyasiyanın BVF-in proqnozlarına əsasən, cari ilin sonunda 7 faizə enəcəyi gözlənilir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR