Onlayn ictimai-siyasi qəzet
Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, oktyabrın 8-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.
İndiyə qədər azad olunmuş ərazilərə köçən 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.
“Müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. İşğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçirilir. Bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində 2251 ailə, 8612 nəfərin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Onlardan 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir”, - qeyd olunub.
Anar Əliyev
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda peşə hazırlıq mərkəzi tikiləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş paneldə çıxışı zamanı deyib. O qeyd edib ki, təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqənin qurulmasını təmin edilməlidir: “Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar arasında fikir ayrılığı yoxdur. 2030-cu ilə qədərki inkişaf strategiyasına əsasən regionlar üzrə 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. Biz bu sahəyə özəl sektoru da daxil etməliyik”.
Laçın şəhəri isə 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq. Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə danışıb.
“Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə 2025-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçirəcəklər”, - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Leyla Sarabi
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi son görülən işlərdən danışıb: “Ağdam, Füzuli və Xocavənd rayonlarında, eləcə də bu şəhər mərkəzlərində, kəndlərdə tikinti, bərpa-quruculuq işləri gedir. Layihələndirmə işləri çox sürətlə davam edir. Bizim xidmətimiz də bunun üçün çalışır. Ali missiyamız keçmiş məcburi köçkünlərimizi geri qaytarmaqdır. Amma bunun üçün orada yaşayacaq insanların təhlükəsizliyi təmin olunmalıdır. Bu baxımdan tikintidən öncə ANAMA orada fəaliyyət göstərir. Minalardan, həmçinin əraziləri partlamamış hərbi sursatlardan təmizləyir. Orada əhalinin rahat yaşaması üçün bir sıra infrastruktur obyektləri də tikilir. Bundan əlavə, həmin ərazilərdə minatəmizləmə prosesi getməlidir”.
Hazırladı: Cavanşir ABBASLI
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ