İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada Türkiyə konsulluğu - Ərdoğanın kritik may səfəri, düşmənə növbəti göz dağı

Rusiya və İranın da Şuşada konsulluqları açıla bilərmi; “Bu cür məsələlərdə presedent anlayışı yoxdur”

“Şuşada konsulluğun açılması ilə bağlı Türkiyə və Azərbaycan arasında danışıqlar gedir. Xarici işlər nazirlikləri arasında müzakirələr davam edir”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Sözsüz ki, belə də olacaq. Şuşada həm də rəsmi olaraq qardaş Türkiyənin bayrağı dalğalanacaq. Konsulluğun açılması ilə həmçinin mədəniyyət paytaxtımızın geosiyasi önəmi artmış olacaq. Qarabağın Azərbaycana geridönməz şəkildə inteqrasiyası sürətlənəcək.

Şuşa konsulluğu habelə Şuşa Bəyannaməsinin ruhuna tam uyğun olmaqla nəinki Şuşanın, bütövlükdə Qarabağın təhlükəsizliyinə növbəti və mühüm zəmanət anlamına gələcək, Qarabağda quruculuq və bərpa işlərinə yeni stimul verəcək, ermənilərə, xüsusən də onların revanşist-radikal çevrələrinə daha bir göz dağı və özlərini yığışdırmaq üçün ciddi mesaj olacaq.

Cahit Bağçı Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım etdi » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Cahit Bağçı 

Qeyd edək ki, mayın 26-29-u arası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Rəsmi məlumata görə, Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak edəcək. 3 günlük səfər zamanı yəqin ki, Türkiyə lideri Qarabağa da gedə biləcək. Bəs səfər çərçivəsində Şuşa konsulluğunun açılması, yaxud konsulluğun yeni binasının təməlinin qoyulması mümkünmü?

Xatırladaq ki, Türkiyənin Bakıdakı səfirliyindən əlavə Gəncə və Naxçıvanda konsulluqları fəaliyyət göstərir. Şuşa konsulluğunu digərlərindən fərqləndirəcək özəlliklər nə olacaq? Bir məqam da var -  Türkiyənin Şuşada konsulluq açması qonşularımızı -  İran və Rusiyanı təsirləndirə, onların da analoji tələblərdə bulunmasını tətikləyə bilərmi? Bəzi dəhliz söhbətlərində belə bir iddia keçir ki, qeyri-rəsmi danışıqlarda İran da Gəncədə və Şuşada konsulluq açmaq istəyini dilə gətirib. Diplomatiyada presedent hüququ anlayışı varmı?

Tofiq Zülfüqarov: “Hiss olunur ki, Patruşevin səfəri vacib bir səfərdir”

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyü, xarici təhlükələr məsələlərində Azərbaycana qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq: "Şuşada Baş Konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə əlavə imkanlar yaratmış olacaq. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, həm siyasi, həm də mənəvi tərəfi var. Burada həm siyasi məqamlar, həm də konkret praktiki məqamlar mövcuddur. Siyasi məqamlar ondan ibarətdir ki, Türkiyə birmənalı olaraq, Azərbaycanı müdafiə edir, Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin qəti şəkildə müdafiə edir. Bu, Qarabağda Türkiyənin varlığının bir daha təsdiqi deməkdir. Bu, eyni zamanda bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.

Odur ki, Türkiyə konsulluğunun açılması vacibdir. Dediyimiz kimi, konsulluğun açılmasının bir çox istiqamətlər üzrə ciddi əhəmiyyəti olar. İlk növbədə indiki geosiyasi proseslərin fonunda Azərbaycana çox ciddi dəstək xarakterli addım sayılacaq. Eyni zamanda yaddan çıxarmayaq ki, burada çox praktiki məqamlar da mövcuddur. Yəni işğaldan azad olunmuş bölgələrdə aktiv şəkildə ciddi quruculuq işləri gedir. Bu işlərə həm də Türkiyə şirkətləri, türkiyəli mütəxəssislər geniş şəkildə cəlb olunurlar. Digər ölkələrin mütəxəssislərinin də cəlb edilməsi istisna olunmur. Eyni zamanda o ərazidə fəaliyyət göstərən monitorinq missiyası var və missiyaya Türkiyə hərbçiləri də daxildir. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını da nəzərə alsaq, Şuşada Türkiyə konsulluğunun açılmasının zərurətə çevrildiyi meydana gəlir. Bu baxımdan Şuşada Türkiyə konsulluğunun açılması həm siyasi, həm də iqtisadi məsələlər baxımından vacibdir. Konsulluğun açılması çox böyük uzaqgörənliyi əks etdirən addım olacaq.

Praktiki məsələlər baxımından da Şuşada konsulluğun açılması Türkiyə üçün vacib addım olacaq. Bəllidir ki, Qarabağ bölgəsində Türkiyə hərbçiləri monitorinq qrupunda xidmət aparır. Hesab edirəm ki, monitorinq qrupunun fəaliyyəti genişləndirilməlidir. Məncə, Türkiyə hərbçilərinin sayı artırılacaq. Digər tərəfdən bəllidir ki, Türkiyə şirkətləri işğaldan azad edilən ərazilərdə bərpa, quruculuq işlərində, digər iqtisadi layihələrdə iştirak edirlər. Konsulluğun açılması bu iştirakçılığın daha da genişləndirilməsinə gətirib çıxaracaq. Yəni bu baxımdan da konsulluğun açılması çox faydalı olacaq".

Sabiq nazirin sözlərinə görə, əgər biz dünyanın mənzərəsinə baxsaq görəcəyik ki, Ermənistandan başqa dünyada Qarabağın Azərbaycan torpaqları olduğunu inkar edən dövlət yoxdur: "Bu baxımdan biz arxayın mövqedən bu və digər məsələlərə qiymət verməliyik. Şübhəsiz ki, Şuşada Türkiyənin konsulluğunun açılması Ermənistana və müxtəlif siyasi maraqlarına görə onları qızışdıran mərkəzlərə yeni mesaj olacaq. Bu mesajlar yeni hava limanının istifadəyə verilməsi, Şuşaya yeni yolun çəkilməsi və digər addımlarla da verilib. Konsulluğun açılması isə tam yeni bir ciddi mesaj olacaq”.

Tofiq Zülfüqarov hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda Azərbaycanda səfərdə olarkən Şuşaya da gedə bilər və konsulluğun açılması, yaxud da binasının təməlinin qoyulması reallaşa bilər: “Bu ehtimal çox realdır. Mən əminəm ki, səfər proqramında bu məsələ də olacaq. Hər halda, şəxsən mən bunun olmasını çox istərdim. Bilirsiniz ki, ötən il iyun ayının 15-də Şuşada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması törənində Türkiyənin Şuşada Baş  Konsulluğunun açılacağını bəyan eləyib. İkinci dəfə isə məhz mayın sonlarında Şuşaya səfər edə və bu dəfə konsulluğun açılması istiqamətində praktiki addım atıla bilər”.

Sabiq nazirin fikrincə Şuşada Türkiyə konsulluğunun açılması Rusiya və İranın da bu fikrə düşməsinə təsir edə bilər: “Hər iki qonşu dövlət bu istəkdə ola bilər. Amma konsulluğun açılması birtərəfli qaydada verilən qərarla həll olmur. Hər iki tərəfin qərarı olmalıdır. Həm konsulluğunu açmaq istəyən ölkə, həm də qəbul eləyən ölkənin razılaşmaları olmalıdır. Yəni bu iş qarşılıqlı şəkildə həllini tapan məsələdir. Azərbaycan razılıq versə, Türkiyədən başqa da hansısa ölkənin konsulluğu açıla bilər. Bu cür məsələlərdə presedent anlayışı yoxdur.

Zəngəzur dəhlizinin açılması, 3+3 əməkdaşlıq formatı ideyasının reallaşması halında Şuşada və ya azad edilən digər hansısa şəhərlərimizdə konsulluq açmaq istəyən ölkələrin sayı çox olacaq. Bu sırada Rusiya və İran da təbii ki, olacaq. Konsulluq ilk növbədə bu və ya digər ölkələrin vətəndaşlarına xidmət eləmək funksiyaları daşıyır. Onun siyasi funksiyaları bir qədər məhduddur, amma praktiki funksiyalar daha çoxdur.

Rusiya və İranın konsulluqlarının açılması, məncə, başqa digər hadisələrdən sonra baş verə bilər. Buna ən ciddi təkan verən hadisə Zəngəzur dəhlizinin işə düşməsi olar".

Müəyyən dəyərlərdən imtina etməyi bacarmalıyıq ki, daha müasir dövlətə  çevrilək” – Fazil Mustafa ilə MÜSAHİBƏ - 24media.az

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa isə bildirdi ki, Şuşa şəhərində Türkiyənin konsulluğunun açılması əvəldən səslənən ideyadır və bu ideya təqdirlə qarşılanmışdı. Azərbaycan tərəfi buna müsbət yanaşıb. Sadəcə, ümumi siyasi abhavanı nəzərə alaraq bu ideyanın reallığa çevrilməsinin vaxtı məsələsi müəyyənləşməliydi. Bu ideyanın gerçəkləşməsi bizim maraqlarımıza tam uyğundur: “Şuşada Türkiyə konsulluğunun açılması siyasi, psixoloji, iqtisadi baxımdan Azərbaycan üçün avantaj yaradacaq. Yəqin ki, Türkiyə prezidentinin Azərbaycana növbəti səfərində bu məsələnin həlli istiqamətində müzakirələr ola bilər. Mən ümid edirəm ki, ləngimədən bu iş reallaşacaq. Şuşa Qarabağın əsas döyünən ürəyidir və orada Türkiyənin diplomatik missiyasının rəsmi şəkildə yerləşməsi, həm də Xankəndindən görünməsi olduqca vacibdir. Bu, yəqin ki, reallaşacaq. Şuşa Bəyannaməsindən sonra artıq Türkiyənin Azərbaycanda siyasi, iqtisadi, mədəni xarakterli bütün addımları qarşısında hüquqi maneə yoxdur. Ona görə də konsulluğun açılmasının reallaşdırılması da özümüzdən asılıdır. Yəqin ki, cənab Ərdoğan Azərbaycana gələndə bu məsələlər öz həllini tapacaq”.

Fazil Mustafa sualımıza cavab olaraq qeyd etdi ki, Şuşada Türkiyə konsulluğunun açılmasından sonra Rusiya və İran da Şuşada konsulluq açmaq istəyərlərsə, bu məsələ də müzakirə oluna bilər: “Bu məsələyə normal yanaşa bilərik. Öncə Türkiyə konsulluğu açılsın. Sonra digər dövlətlər də müraciət eləsə, bunun məqsədəuyğunluğu müzakirə oluna bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR