İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa İli”ndə Şuşada - “Cənnət”i görən əməkdaşımızın səfər təəssüratları

“Bülbülün, Natəvanın, Üzeyir bəyin heykəlindəki güllə izləri Qarabağın tarixindəki izləri itirə bilməz!..”

Bu həftə yolumuz Qarabağdan, Qarabağın incisi Şuşadan keçdi. Bir qrup jurnalist işğaldan azad edilən Şuşaya doğru yol aldı. Yolun sağına da baxırdıq, soluna da. Hər anı, hər qarış torpağı yaddaşımıza köçürməyə çalışırdıq. Zəfər Yolu ilə Şuşaya çatana qədər yol yoldaşları ilə xeyli söhbət etdik.

Səngərləri, viran edilmiş yaşayış məntəqələrini görməyə başlayanda isə susqunluq çökdü. 30 ilə yaxın düşmən tapdağı altında olan bu yerlərin durumu ürək ağrıdır. Bu cür cənnət məkanı viran qoymaq, sonra da heç bir bərpa aparmadan illərlə əlində saxlamaq: Niyə axı? Məqsəd nə idi? Niyə heç nə qurub yaratmayıblar? Çünki bilirdilər ki, biz qayıdacağıq. Əziz Şuşa, biz qayıtmışıq.

“Şuşa İli” ndə Şuşada olmaq o qədər sevindirir ki. Uşaqlığından bəri nisgillə anılan, adı çəkiləndə durmayan göz yaşları ilə xatırlanan Şuşada. Hər ilin may ayının 8-i bir dialoqu xatırlayıram.

Mən:

- Çox şanslısınız. Bizim ancaq köhnə kadrlarda gördüyümüz yerləri siz öz gözlərinizlə görmüsünüz.

- Yox, düz demirsən.

- Niyə ki? Siz heç olmasa, görmüsünüz, xatirələriniz var.

- Elə buna görə də düz demirsən, Nigar. Biz görmüşük, haranı itirdiyimizi bilirik və bunun ağrısını yaşayırıq. Siz isə haranı itirdiyimizi, sadəcə, təsəvvür edə bilərsiniz, anlaya bilməzsiz.

Bu gün Şuşada, Cıdır düzündə bu sözlərin mənasını daha yaxşı anlayıram. Gözünlə görüb, qəlbinlə duymaq başqa imiş...

Şuşaya 10 km yazılmış lövhəni keçəndə qəfil sakitlik çökdü. Sanki hər kəs ovsunlanmışdı. Yarğanla dik yuxarı, sərt döngələri burula-burula gedirik. Səslər gəlir, aaa baxın, Daşaltıdı, Daşaltı, o Daşaltı. İlahi, insan övladı bu qayalara necə çıxa bilər? Günlərin yorğunluğu, gərgin döyüşlərin bitkinliyi, amma hədəfə doğru dayanmadan dırmaşmaq. Zirvəyə doğru. O zirvə ki, bizi də hər mənada ucaltdı. Başımızı dikəltdi, ruhumuzu pərvazlandırdı, vicdanımızı rahatlatdı. O zirvə ki, o zirvədə Cıdır düzü var. İnsan qaçmaq, uçmaq istəyir. Lap o qartal kimi. Xatırlayırsınız? “Bayatı-Şiraz” səslənəndə dərədə dövrə vuran, buraların əsl sahibi qayıdıb mesajını verircəsinə havada süzən qartal.

Sıldırımın kənarına yaxınlaşdıqca qarışıq duyğular baş qaldırır. Ürəkdən sevinclə qışqırmaq istəyirsən: əziz Şuşa, sən azadsan. Biz azadıq. Səsin dərədə əks-səda versin istəyirsən. Ruhumuz qanad açıb uçur. Azadlıq duyğusu çox gözəl duyğu imiş. Cıdır düzündə qulağına Xan əminin avazı gəlir, Qarabağ atının ayaq səslərini eşidirsən. Şüşədək təmiz havanı udub, yamyaşıl dərəyə, açıq səmaya baxıb bu gözəlliyi yaşamaq şansı verdiyi üçün Tanrıya dua edirsən...

İsa bulağının dupduru, buz kimi suyunu da içmək qismət oldu. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu tarixi məkan Şuşa şəhərinin əsas simvollarından biridir. İşğala son qoyulduqdan sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.

Şəhərdə isə azadlıq duyğusuna nisgil qarışır. Dağıdılmış evlərin divarları illərlə yad əlində qaldığı üçün sanki şikayət edir. Xan sarayının, Xan qızı Natəvanın mülkünün qalıqları, binalar, yüzlərlə ev. Düşmənin amansızlığı insanların talelərini məhv etdiyi kimi onların yadigarı mülkləri də viran qoyub. Sanki tarixi bu yolla dəyişə bilərlər. Bir tikilini dağıtmaq asandır, amma o tikilinin tarixçəsini silmək mümkün deyil. Sanki bu yerlərin ruhunu satın ala bilərlər. Mümkünmü? Əsla.

Bülbülün, Natəvanın, Üzeyir bəyin heykəlində güllə izləri var, amma bu izlər onların Qarabağın tarixindəki izini itirə bilməz!

Şuşanı gəzdikcə insan heyrətdən donur. İllərlə işğal altında qalan bu gözəl şəhərdə gəzən əcnəbi turistlər bu binaların niyə bu vəziyyətdə olduğunu  soruşmayıbmı? Görəsən, yağı düşmən yağmalamanı ört-basdır etmək üçün hansı yalanları uydurub? Bütün bunların fonunda dirçəlmə, yenidənqurma prosesi sürətlə davam edir. Nəinki gündüz, gecələr də qızğın iş gedir. Şuşanı mümkün qədər tez zamanda dirçəltmək üçün dövlət böyük vəsait sərf edir. İşçilər də şəhərə əsl şəhər siması vermək üçün əlindən gələni əsirgəmir.

Bu gün Şuşanın hər yerində 3 rəngli Azərbaycan bayrağı dalğalanır. Hər bayrağı gördükcə də içimizdən deyirik: Allah şəhidlərimizə rəhmət eləsin! Haqqınızı halal edin!

P.S. Səfərin təşkil edən Medianın İnkişafı Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təşəkkür edirik.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
Bakı-Şuşa-Bakı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR