İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa fatehi bədbəxt hadisənin qurbanı oldu

Ötən ilin sonlarında Yardımlı rayonunun Gavran kəndində baş vermiş bədbəxt hadisə eşidənlərin hər birini sarsıdıb. Dekabrın 29-da Vətən müharibəsi qazisi Qüdrətov Vüsal Himayət oğlu müharibəsin od-alovundan sağ-salamat geri dönsə də, həyətindəki torpaq uçqunu zamanı həyatını itirib...

Vüsal Qüdrətov 1991-ci ilin 5 yanvarında Yardımlı şəhərinin yaxınlığındakı Gavran kəndində dünyaya göz açmışdı. Yaşasaydı, bir gün əvvəl 31 yaşı tamam olacaqdı...Vüsalın atası Himayət müəllim rayonda zəhməti, pedaqoji fəaliyyəti ilə böyük nüfuz sahibidir. Elə övladlarına verdiyi yüksək tərbiyə Vüsalın həyatında böyük rol oynayıb, onu Vətənin ağır günlərində silaha sarılmağa sövq edib.

Vüsal Qüdrətovun bibisi oğlu Hikmət deyir ki, dayısı oğlu uşaqlıqdan vətənpərvərliyi, el-obaya, Azərbaycana bağlılığı ilə hər zaman yaşıdlarından seçilib, nümunəvi davranışları ilə fərqlənib, böyük-kiçik yeri bilməsinə görə hər kəsin sevimlisi olub. Həm ailədə, həm də təhsil aldığı məktəbdə aldığı yüksək vətənpərvərlik dərsləri onu Vətənin ağır günündə rahat buraxmırdı. Hələ 2020-ci ilin iyul döyüşləri zamanı, xüsusilə də general Polasd Hasımovun şəhid olması xəbərindən sonra fikrini qətiləşdirib. Belə ki, Vüsal Qüdrətov bu xəbəri alan kimi, iki azyaşlı övladının (2-3 yaşlarında oğul və qız atası idi-red.) olmasına baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə müraciət edir, könüllü şəkildə orduya getmək istədiyini bildirir. Bir neçə dəfə israrla müraciət etdikdən sonra nəhayət, arzusuna çatır, 44 günlük müharibə başlayanda...

Sentyabr ayının 29-unda könüllü şəkildə orduya yollanan Vüsal Qüdrətov Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə “N” saylı hərbi hissənin tərkibində döyüş yolu keçmiş, qəhrəmanlıqlar göstərmişdi. Müharibə başa çatandan sonra Şuşada Azərbaycan bayrağını fəxarətlə dalğalandırmasını qürurla yaxınlarına göstərər, bu Zəfər yolçuluğunda iştirak etməsinə görə Allahına şükranlıq edərdi.

Dövlətimiz də Vüsalın keçdiyi döyüş yolunu, düşmənlə savaşda göstərdiyi qəhrəmanlıqları yüksək dəyərləndirib. Belə ki, V.Qüdrətov cənab Prezident İlahm Əliyevin Sərəncamı ilə Xocavənd və Şuşanın azad olunması uğrunda medalları ilə təltif olunub. O cümlədən Baş nazir Əli Əsədovun əmrinə əsasən, Vüsal Vətən muharibəsi iştirakçısı medalı ilə təltiflənib. Yaxınları deyir ki, Qarabağ müharibəsi başa çatandan sonra evinə qayıdan V.Qüdrətov ermənilərin təxribat törətməsi nəticəsində qəhrəman oğullarımızın şəhidlik zirvəsinə yüksəlməsi xəbərlərini aldığını eşidəndə yenə də bir neçə dəfə könüllü şəkildə orduya qayıtmağa cəhd göstərib, hərbi komissarlığa üz tutub. Lakin ona bildirilib ki, Azərbaycan ordusunun düşmənin burnunu əzməyə yetərincə şəxsi heyəti və imkanları var.

Vüsal Qüdrətov Yardımlıda yol təsərrüfatında çalışaraq aldığı əməkhaqqı ilə ailə-uşağını dolandırırdı. Övladları ilə bağlı böyük arzuları var idi. Elə ailənin su ilə bağlı problemini həll etmək üçün çalışırmış. Və həmin müdhiş hadisə baş verdi. Yaxınları deyir ki, quyudan gur suyun çıxması Vüsalı o qədər sevindirib ki, tez-tələsik pilləkənlərlə içəri düşüb, həyat mənbəyi olan çeşmə suyunu ovuclayıb, Allahına şükür edib...Bu zaman yuxarıdan torpaq qatı üstünə aşıb və bədbəxt hadisə baş verib, çox təəssüf ki...

Vüsal Qüdrətov Vətən uğrunda igidliyi, Şuşanın fəthində iştirakı ilə Himayət kişi başda olmaqla, bütün doğmalarının başını uca etmiş, qəddini dikəltmişdi, amma baş verən bədbəxt hadisə onları gözüyaşlı qoydu...Çox təəssüflər olsun ki, belə bir gənc oğul od-alovun içərisindən sağ çıxsa da, bir neçə dəfə xəsarətlər almasına rəğmən, ailəsinin yanına salamat qayıtsa da, “həyat mənbəyi” olan suyun qurbanına çevrildi. İndi həyat yoldaşı və iki körpə balası gözüyaşlı qalıb. Ümid edirik ki, Şuşa fatehinin ailəsi dövlət tərəfindən himayəyə götürüləcək, onlara qayğı göstəriləcək və Vüsalın da ruhu şad olacaq.

Allah rəhmət eləsin!

 

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR