İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyanı böhrandan qurtara biləcək tək ölkə

Türkiyənin yoluna “daş” yığan güclərin məkrli niyyəti

2024 həm də Suriyada 54 illik qanlı Əsəd (BƏƏS) rejiminin süqutu ilə yadda qaldı. Heç şübhəsiz, 2025-in Suriya üçün suverenlik, ərazi bütövlüyü, sabitlik, yeni dövlət quruculuğu və bərpa-inkişaf  baxımından taleyüklü bir dövr olacağı gözlənilir. Bu da əlbəttə ki, xeyli dərəcədə qonşu Türkiyədən asılı olacaq. 

Qardaş ölkə bu yöndə təbii ki, gərəkənləri edir və edəcək. Sözsüz ki, Azərbaycan kimi dost-qardaş ölkələrin də yaxından dəstəyi ilə. Bu da sövq-təbii Türk düşmənlərini ciddi şəkildə narahat edir.

“Türkiyənin Suriyada iştirakı böyükdür: əsas vəzifələr türk agentləri kimi tanınan şəxslərə verilir, tədris proqramlarında artıq dəyişikliklər baş verib. "Osmanlı işğalı dövrü" ifadəsi “Osmanlı hakimiyyəti dövrü” ifadəsi ilə əvəz edilib".

Bunu erməni türkoloq Ruben Safrastyan sosial şəbəkə hesabında yazıb. O, proseslərin gedişatından ciddi narahatlığını bildirib və “hər şey hələ yeni başlayır” qeydini edib.

Xatırladaq ki, Suriyada Müdafiə Nazirliyinin rəhbərliyində türk generalların təmsil olunması və Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə Enes Xəttabın təyin edilməsi antitürkləri bərk təlaşlandırıb. Belə ki, Xəttab Türkiyədə təhsil alıb və MİT-lə geniş əlaqələrə malikdir. O da məlumdur ki, qardaş ölkə Suriya ordusunun təzədən qurulmasına yaxından kömək göstərəcəyini vəd edib.   

Bu arada isə Almaniya və Fransa xarici işlər nazirləri Əsəd rejiminin devrilməsindən sonra qəfildən və ilk dəfə Suriyaya gediblər. Onlar Bəşər Əsədin qaçmasından sonra Suriyaya səfər edən ilk Aİ xarici işlər nazirləridir.

Nazirlər ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparıblar.

“Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb. Əsəd rejimini uzun müddət dəstəkləyən və onun hərbi cinayətlərinə göz yuman Vladimir Putin idi”, - deyə Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə səfəri zamanı bildirib. O vurğulayıb ki, yeni hakimiyyətdən qadın və kişilərin hüquqlarının təminatı ilə yanaşı, bütün etnik və dini qrupların müdafiəsi üçün zəmanət gözləyirlər.

Bu fonda məlum olub ki, ABŞ ordusu Suriyanın şimalındakı Kobani şəhərində (Ayn əl-Ərəb) Türkiyə ilə sərhəddə, terrorçu Xalq Müdafiə Birliklərindən (YPG) olan kürd müttəfiqinə kömək etmək üçün baza tikir. Məlumatı “Middle East Monitor” yayıb. Yerli mənbələr Kobaniyə beton istehkamları daşıyan karvanların və ABŞ ordusunun böyük karvanının şəhərə gəldiyini əks etdirən şəkillər və videolar paylaşıb.

Türkiyə dövləti isə son həftələrdə xəbərdarlıq edib ki, digər bölgələrdə olduğu kimi, kürd qruplaşmasının qalası olan bu şəhərə də daha çox əlavə qüvvə göndərəcək.

Bəs Almaniya-Fransa timsalında AB-nin və üstəgəl, ABŞ-ın Suriyadakı davranışı və maraqları nə dərəcədə Türkiyənin maraqları və mövqeyi ilə ziddiyyət təşkil edir? 

Suriyada hazırda kənar güclərdən ən üstün mövqedə olan hansıdır? Türkiyəyə yaxın olduğu deyilən fiqurların mühüm postlara sahiblənməsi artıq çox şeyin Türkiyənin xeyrinə həll edilməsi sayıla bilər?

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, hələlik görünən müstəvidə üstünlük Türkiyənin tərəfindədir. Hərbi, siyasi, diplomatik parametrlər baxımından bu belədir: "Əgər sonrakı proseslər indiki konfiqurasiya üzərində gedəcəksə, Türkiyə Suriyadakı siyasi quruculuq-abadlıq işlərində öz üstün mövqeyini uzun zaman saxlaya bilər. Lakin Suriyada gedən proseslərin bütün iştirakçı oyunçuları hələ özlərini açıq göstərməyiblər. İraqda 2003- cü ildən sonrakı prosesləri yada salmaq lazımdır. İraqda ilk mərhələdəki siyasi oyunçu qüvvələrin sırası sonra xeyli dəyişdi. Suriyada pərdəarxası yeni qüvvələrin aktiv təsir mövqeyinə keçəcəklərini istisna etmək olmaz. Suriyada indi görünənlərdən başqa yeni qüvvələr ortaya çıxacaq.

Fikrimcə, Türkiyənin bu ölkədə yeni idarəçilik sxeminin formalaşmasında üstün  və həlledici təsiri uzun zaman davam etməyə bilər. Çünki bunu istəməyən başqa və güclü qüvvələr də var.

Yanvarın 20-dən sonra ABŞ-ın Suriya siyasətində hansı mövqeni ortaya qoymasından çox şey asılı ola bilər. Əgər Suriya məsələsində uzun müddət Türkiyə və ABŞ koordinasiyalı siyasət apara bilsələr, hər ikisinə uduşlu olar. Eyni zamanda ABŞ-la birgə hərəkət Suriyada Türkiyə üçün əlavə təsir faktoruna çevrilə bilər".

Aydın Quliyev onu da qeyd etdi ki, 20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacağı ehtimalı da var: “İraqda Səddam Hüseyn ABŞ tərəfindən devriləndən sonra da proses belə getmişdi, lakin hələ də İraqda stabil mərkəzi hakimiyyət yoxdur, ölkə bölünmüş vəziyyətdədir, ölkədə xarici hərbi qüvvələr var. 2003-cü ilin 1 mayında Səddam tam çökdü, Bağdadda Müvəqqəti Amerika administrasiyası quruldu, növbəti ilin iyununda Müvəqqəti Amerika administrasiyası hakimiyyəti sünnilərdən  prezident, şiələrdən baş nazir olan Müvəqqəti İraq hökumətinə verdi. 2004-cü il avqustun 15- də  isə Bağdadda Ümumiraq konfransı çağırıldı. İraqın hər yerindən 1800 nümayəndə iştirak etdi. Konfransda 100 nəfərdən ibarət müvəqqəti parlament seçildi. Onun 81 nəfəri birbaşa konfransda seçildi, 19 yer isə Müvəqqəti İdarəetmə Şurasına verildi. Bir il sonra  2005-ci ildə isə İraq Milli Məclisinə ümumi seçki keçirildi. Cəlal Tələbani prezident, şiə İbrahim Cəfəri baş nazir, sünni Hacı Əl-Həsən parlament sədri oldu.

Ehtimalı etmək olar ki, Suriyada da eynilə 20 il əvvəl İraqdakı kimi müvəqqəti parlament, müvəqqəti prezident və müvəqqəti baş nazir seçiləcək, hakimiyyət etnik və dini qruplar arasında bölüşdürüləcək, ABŞ, İsrail və Türkiyə hərbi qüvvələri ölkədə qalacaq, Suriyanın şimal-şərqində Kürd administrasiyası elan olunacaq, 2004-cü ildə İraqda da eynilə bu cür Kürd Muxtariyyəti yaradılmışdı və bu günə qədər yaşayır. İran rejimi çökdürülənə qədər Suriyada vəziyyət beləcə davam edəcək".

A.Quliyev hesab edir ki, bu gün Türkiyədə Dövlət Baxçalının və prezident Ərdoğanın təşəbbüsü ilə başladılmış “kürd açılımı” prosesi Suriyada həmin kürd administrasiyasının yaradılmasının qarşısını almağa hesablanıb: “Ancaq sonunun necə olacağını deyə bilmərəm... Daha doğrusu, hadisələri qabaqlamaq istəmirəm”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR