İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya Prezidentinin Azərbaycana səfəri: Yaxın Şərqdə yeni əməkdaşlıq modeli formalaşır

Xəbər verdiyimiz kimi, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüş keçirib.

Görüşdən əvvəl dövlət başçıları rəsmi foto çəkdirib, səmimi salamlaşma mərasimi baş tutub. Bu səfər təkcə iki ölkə arasında münasibətlərin yenidən qurulması baxımından deyil, həm də regionun gələcək geosiyasi xəritəsində Azərbaycanın artan rolunun nümayişi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan və Suriya prezidentlərinin bu görüşü daha əvvəl Antalyada keçirilmiş forum zamanı baş tutan təmasların davamı kimi qiymətləndirilir. Lakin bu dəfəki görüş Suriyada baş verən mühüm siyasi transformasiyadan sonra ilk rəsmi təmas olaraq tarixə düşür. Azərbaycan Suriyada yaranmış yeni siyasi reallığı tanıyan və bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə dəstək verən ilk dövlətlərdən biri olub. Bu isə Bakının beynəlxalq məsələlərdə prinsipial mövqe sərgilədiyini və geosiyasi güc mərkəzi kimi çıxış etdiyini göstərir.

SİRİYA SON.jpg (150 KB)

Yeni xarici siyasət konsepsiyası: aktiv və çoxşaxəli diplomatiya

Azərbaycan son illərdə klassik “reaktiv” xarici siyasət modelindən çıxaraq, “proaktiv” və çoxqütblü diplomatiya strategiyasına keçib. Avropa və Mərkəzi Asiya ilə paralel şəkildə Yaxın Şərq regionuna da diqqət artırılıb. Azərbaycan yalnız iqtisadi maraqlarını qorumaq üçün deyil, həm də sabitlik, bərpa və tərəfdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.

Bu istiqamətdə Prezident İlham Əliyevin birbaşa göstərişi ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri xüsusilə diqqətəlayiqdir. Səfər zamanı Azərbaycanın Suriya ilə əməkdaşlığının konkret sahələri – xüsusilə bərpa və quruculuq – üzrə imkanları öyrənilib. Bu, Azərbaycanın təkcə donor və ya yardım edən dövlət kimi deyil, həm də strateji tərəfdaş və sistemli qurucu qüvvə kimi ortaya çıxmasından xəbər verir.

Azərbaycanın qlobal enerji siyasətində qaz ixracı həlledici rol oynayır. Hazırda 12 ölkəyə qaz ixrac edən Azərbaycan, Suriyanın da bu siyahıya əlavə olunması ilə ixracat ölkələrinin sayını 13-ə çatdırmağa yaxınlaşır. Türkiyə vasitəsilə Suriyaya 1 milyard kubmetr həcmində qaz ixracı məsələsi artıq real müzakirə mərhələsinə keçib.

SİRİY.jpg (258 KB)

Burada yalnız Suriyanın istehlakçı kimi rolu deyil, həm də tranzit ölkə funksiyası ön plana çıxır. Türkiyə-Suriya qaz kəmərinin artıq bərpa olunması, Suriyanı İordaniya ilə birləşdirən xəttin isə yaxın gələcəkdə bərpa edilə biləcəyi ehtimalları Azərbaycanın qaz strategiyasında Yaxın Şərqi açar mövqeyə daşıyır. Bu, Azərbaycanın Cənubi Qafqazdan başlayaraq Aralıq dənizinə qədər uzanan yeni enerji xəritəsində mərkəzi oyunçuya çevrilməsi deməkdir.

Eyni zamanda, Azərbaycanın elektrik enerjisi sahəsindəki uğurları da bu ölkəyə Yaxın Şərqə enerji ixracatçısı kimi çıxış etmək imkanı verir. İstər yaşıl enerji, istərsə də ənənəvi enerji resursları baxımından Azərbaycan üçün Suriya və ətraf region böyük bazar perspektivinə malikdir.

Qarabağ təcrübəsi: bərpa və quruculuqda unikal model

Azərbaycan müharibədən sonrakı dövrdə – xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində – sürətli və səmərəli bərpa prosesi ilə dünyaya nümunə göstərir. Bu sahədə yaradılmış “ağıllı kənd” konsepsiyası, yol, enerji və rabitə infrastrukturunun sıfırdan qurulması, mina təmizləmə fəaliyyətləri və sosial-iqtisadi layihələr Suriya kimi dağıntı içində olan ölkələr üçün öyrəniləsi modeldir.

AGİL.jpg (140 KB)

Azərbaycanın bu təcrübəni Suriya ilə bölüşməsi, təkcə humanitar və texniki yardım baxımından deyil, həm də geosiyasi nüfuzun yumşaq güc vasitəsilə artırılması baxımından əhəmiyyətlidir.

Azərbaycanın regiondaxili gərginliklərin azaldılması istiqamətində səssiz və praqmatik diplomatiya yürütməsi beynəlxalq aləmdə diqqətlə izlənilir. Bakı son illərdə İsrail-Suriya, Türkiyə-İsrail və ərəb-İsrail münasibətlərində “qaynar xətt” diplomatiyası formatında rol oynayıb. Azərbaycan münaqişələrə birbaşa müdaxilə etmədən, lakin arxa fonda effektiv əlaqələndirmə və vasitəçilik kanalları quraraq sabitliyin qorunmasına töhfə verir.

Bu baxımdan Suriya ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması həm də Azərbaycanın regional sabitlik modelinə inamın artmasından xəbər verir.

Tarixən Azərbaycanla Suriya arasında isti münasibətlər mövcud olub. Lakin uzun illər davam edən Əsəd rejiminin qapalı siyasəti bu münasibətlərin inkişafına əngəl törədib. Bu gün isə yeni siyasi reallıq, Azərbaycanın artan gücü və Suriyanın özünü yenidən qurmaq niyyəti bu əlaqələr üçün yeni bir səhifə açır.

Azərbaycan üçün bu yalnız Suriya ilə ikitərəfli münasibət deyil, eyni zamanda Yaxın Şərqdə yeni əməkdaşlıq modeli yaratmaq, regionda sülh və inkişaf təşəbbüslərində aparıcı rol oynamaq fürsətidir. Bütün bu proseslər Azərbaycanın beynəlxalq siyasi arxitekturada dayanıqlı aktora çevrilmək yolunda strateji addımlar atdığını sübut edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR