İnsanlara hürriyət, millətlərə istiqlal!

Surət Hüseynovun məzardaşında niyə Milli Qəhrəman yazılıb?

Xəbər verdiyimiz kimi, sabiq baş nazir Surət Hüseynova məzardaşı qoyulub. Bununla bağlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Musavat.com xəbər verir ki, Gəncədə dəfn olunan S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması, eyni zamanda “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!” yazılıb.

suret.jpg (163 KB)

Gəncə Şəhər İcra Hakimiyyətindən Musavat.com-a bildirilib ki, hər hansı mərhumun məzar daşına yazılan yazıların yerli icra hakimiyyəti ilə razılaşdırılması tələb olunmur:

“Sözügedən məsələyə nəzarət Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyil”.

Xatırladaq ki, Surət Hüseynov 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycan qanunvericiliyində ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər barəsində verilmiş hərbi adlara baxılır. Əgər ehtiyac varsa, məhkəmə yolu ilə addan məhrum edilmə məsələsinə baxılır.

CİNGİZ.jpg (28 KB)

Hüquqşünasın fikrincə, Surət Hüseynovun başdaşında Milli Qəhrəman yazılması özfəaliyyətdir:

“Hesab edirəm ki, bu, ictimai rəyi çaşdıra bilər. Mən hüquqşünas kimi dövlətdən və hüquq-mühafizə orqanlarından başdaşı üzərində yazılmış fəxri adın götürülməsi ilə bağlı addım atılmasını istəyərdim. Əslində, Surət Hüseynov həm müharibə dövründə, həm də müharibədən sonra istər indiki, istərsə də o dövrdəki siyasi hakimiyyətə qarşı olub. Siyasi hakimiyyətə qarşı olmaq olar, amma cinayət əməli hesab olunan dövlət çevrilişinə əl atan şəxs dövlətini və xalqını sevə bilməz. O, çoxsaylı insan ölümünə, eləcə də müəyyən uğursuzluqlara səbəb olduğu üçün Milli Qəhrəman adından məhrum edilib. Məzar daşında yazıların yazılması ilə bağlı dövlət müəyyən addımlar atmalıdır”.

Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR