İnsanlara hürriyət, millətlərə istiqlal!

Suqovuşandan səsləniş: Baş Komandan dedi, “N” saylı hərbi hissənin əsgəri eşitdi    

 

“...Bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə...”

Prezident İlham Əliyev bu sözləri keçən ilin oktyabrında Suqovuşanda olarkən üzünü Serj Sərkisyan və digər uşaq qatillərinə tutaraq söyləmişdi. Azərbaycan əsgərinin qarşısından qaçıb “siçan deşiyində” gizlənən canilərə! Ardınca da Ermənistandakı Serjik kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edərək “ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”, demişdi.

Sözünü dedi və üstündən bir neçə gün sonra revanşa cəhd edən Ermənistan ordusuna növbəti dərs verildi, kimisi gorbagor oldu, kimisi qolubağlı Bakıya gətirildi, yenə də xahiş-minnətə başladı düşmən. Hər dəfə olduğu kimi, Suqovuşanda edilən xəbərdarlığın da davamı gəldi, tutarlı cavab verildi düşmənə. Yenidən baş qaldırmaq istədilər, Azərbaycan əsgəri azanlı, himnli, uvertüralı xəbərdarlığını etdi, ermənicə səsləndi, kar eləməyəndə əvvəl 60 mm-lik, ardınca 120 mm-lik minaatanlarla hədəfə alındı düşmən. Düzdür, vay-şivən qoparırlar, amma anlayırlar ki, Azərbaycan dövləti dediyini edir, xəbərdarlıq olubsa, sarsıdıcı zərbə də gələcək.

Prezident İlham Əliyevin xalqa budəfəki Novruz müraciətini Tərtər rayonunun  Suqovuşan qəsəbəsindən etməsi də tarixi hadisə olmaqla yanaşı, düşmənə növbəti xəbərdarlıq oldu.

Qarabağdakı tarixi Zəfərimizdən sonra Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva ikinci dəfədir ki, Novruz bayramını doğma Qarabağ diyarında qeyd edir, o məkandan xalqa təbriklərini ünvanlayır. Dövlət başçısı çox gözəl xatırlatdı: illər boyu hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində “inşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcək”, deyirdi, müqəddəs arzuyla yaşayırdı hər kəs. Şükürlər olsun, arzularımız çin oldu və 2021-ci ildə Novruz bayramını Şuşada qalayan qalib ordumuzun Baş Komandanı builki tonqalı Suqovuşanda çatdı, daha bir Türk yurdunda. Ötən il Cıdır düzündən Azərbaycan xalqına müraciət edən ölkə başçısı bu dəfə Suqovuşandan səsləndi insanlarımıza. Dövlət başçısı çox məmnun idi. “Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, söylədi. Bir ölkənin başçısı üçün bundan gözəl nə ola bilər: 30 ilə yaxın işğalda qalmış torpaqların azadlığına rəhbərlik etmək və azad yurddan öz xalqı ilə bayramlaşmaq əsl xoşbəxtlikdir. Şuşadan və Suqovuşandan Novruz – Yeni il təbrikinin ünvanlanmasının həm də rəmzi mənası var. 1923-cü ildə bu ərazilərin də daxil olduğu qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin ərazisindən söhbət gedir axı. İndi nə “muxtar” qalıb, nə “vilayət”, nə də “Dağlıq Qarabağ”. İndi Qarabağ var, Şərqi Zəngəzur var. Dövlətimizin başçısı yenə də “Dağlıq Qarabağ” xülyasında olmaq istəyənlərə xatırladır ki, bu ərazilər də bizimçün vazkeçilməzdir, sözümüzün üstündəyik, Şuşanın, Suqovuşanın ardınca, üzü Ağdərəyə, Xankəndi, Xocavənd, Xocalıya doğru gəlirik, “özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz”.

Ölkə başçısı Suqovuşanda istifadəyə verilən yaşayış mənzillərinə baxış keçirdi. Ürəkaçan, qürurverici mənzərəydi. Bir azdan Böyük Qayıdış başlayacaq Suqovuşana, insanlarımız vüqarlı dağların qoynunda, Suqovuşan dəryaçasının sahilində xoşbəxt ömür sürəcəklər. Dövlət başçısının dediyi kimi, bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Prezidentin mühüm mesajı da oldu: “Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir”. Yəni kimsə burada sülh məramı ilə çıxış edəndə boyundan çox da yuxarı qalxmağa cəhd etməsin, məkanın sahibi var.  Suqovuşanda yeni hərbi hissənin yaradılması da sülh və təhlükəsizliyin təminatı baxımından növbəti böyük hadisədir. Azərbaycan əsgəridir bu bölgənin yeganə söz sahibi, şübhəsi olan olsa, başa salar igidlərimiz.

Erməni vandalları bu, qədim türk yurdunu darmadağın etmişdi. Qələbədən keçən il yarım müddətində artıq mənzərə tamam dəyişib. Azərbaycan qurub-yaradır, inkişaf etdirir, yeni nəfəs gəlib bu yerlərə. Bəli, güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Çünki: “Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”. Biriləri yenə başa düşməyəcəksə, başqa cür başa salacaq dövlətimiz.

2016-cı ilin aprelində Ermənistan və havadarları düzgün seçim etsəydilər, torpaqlarımızdan rədd olub getsəydilər, başlarına sonrakı müsibətlər gəlməzdi, dərələrdə meyit qalıqları axtarmazdılar. O zaman Serjik Sərkisyan Lələ təpə və Talış yüksəkliklərinin itirilməsi ilə barışmaq istəmir, Azərbaycan qarşısında şərt qoyurdu, torpaqlarımızı bizdən geri istəyirdi, həyasızcasına. Nəticəsini bütün dünya gördü. İndi yenə də Şuşaya, Hadruta dil uzadırlar, Ağdərədən Kəlbəcərə gedən yolumuzu kəsirlər. İlham Əliyevin Suqovuşan xəbərdarlığını nə qədər tez anlasalar, Qarabağın yuxarı hissəsindəki erməni quldurları rədd etsələr, Azərbaycan dövlətinə əfv müraciəti etsələr, xilas olarlar, əks variant olmayacaq!

Düşmən Suqovuşan su anbarını illərlə işğalda saxlamaqla Azərbaycana elə böyük zərbə vurmuşdu ki...Yayda suyun qarşısını kəsir, Tərtər, Goranboy, Yevlax və digər ərazilərin torpağını susuzluqdan yandırırdılar, qışda isə suyun ağzını açıb selə verirdilər torpaqlarımızı. İndi azad Suqovuşanda SES-lər çalışır, işıq saçır azad Suqovuşan! 2017-ci ilin avqustunda Ermənistanın baş naziri Karen Karapetyan keçmiş Ağdərə rayonu ərazisinə dəryaçamızda kater sürmüşü, Talış kəndinə gəlib, qanunsuz tikinti işlərinə baxmışdı. Aprel xəbərdarlığı dərs olmamışdı...

2022-ci ilin 20 martında Suqovuşandakı möhtəşəm mənzərələri izlədik. Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binasının əsaslı təmiri, bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yaradılması ilə bağlı planlar və başlanmış işlər qayıdışın addım səsləridir. Məscidin, turizm kompleksinin təməlqoyma mərasimi, həmçinin avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı möhtəşəm idi! Bu, işğaldan azad olunan ərazilərdə ilk idman tədbiri idi, həm də düşmənə göz dağıydı. Yağıdan azad olunmuş daha bir yurdumuzda - Suqovuşanda ikimərtəbəli məscidin təməli qoyuldu! Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərimizdə  milli-mədəni irsimizin, dini məbədlərimizin bərpası ilə bağlı gördüyü işlər davam edir. Qarabağda 70-dək məscidimizi yer üzündən silən erməni vandallarına qurub-yaratmaqla cavab verilir həm də. Vaxtilə Cocuq Mərcanlıda Yuxarı Gövhərağa məscidinin eynisi tikiləndə deyilmişdi ki, Şuşaya qayıdıb, Yuxarı Gövhərağa məscidini də təmir edəcəyik. Oldu və indi təmir gedir. Suqovuşandakı məscid də sonuncu olmayacaq. Dağların o üzündəki yurd yerlərimizdə də azad sədaları ucalacaq...

Amma torpağı qorumadınsa, əkib-becərməyə, qurub-yaratmağa dəyməz, deyib Dədəmiz. Odur ki, Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı dövlətin kompleks tədbirlərinin ən vacib komponentidir. Torpağımıza kəs baxanın gözləri ovulacaq, şübhəmiz yoxdur.

Növbəti zəfərlərə doğru, Azərbaycan! Xalq-ordu-dövlət birliyimiz daim var olsun! Su aydınlıqdır, Novruz təbrikimiz Suqovuşandan gəldi, inşallah çox keçməz qovuşarıq digər yurd yerlərimizə! İnanırıq, “Şuşasız işimiz yarımçıq qalar” deyəndə bəzi şübhəsi olanlar yanıldılar, qovuşduq Şuşamıza. Bu gün Füzuli hava limanına enən Xankəndi təyyarəsinin tezliklə Xocalı hava limanına enəcəyinə əminik! Baş Komandan sözünü dedi, Əsgər eşitdi...Elə dağın o üzündəkilər də...Vaxt gedir!

Elşad Paşasoy,
Musavat.com

 237160_3mukv90bk9.jpg (28 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR