İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhü Qərbdə axtaran “demokrat”lar: Ələkçinin qıl verəni olmaq kimi pis vərdiş


Dünya ictimaiyyətinin diqqəti tədricən COP29 kimi nəhəng tədbirə kökləndiyi bir zamanda bəzi Qərb dairələrinin tapşırığı ilə bu mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı yenidən qara piar kampaniyası təşkil olunur.

Bu, ABŞ başda olmaqla Qərbin dünya ictimaiyyətinin diqqətini bir sıra mühüm məsələlərdən yayındırmaq və başqa istiqamətə yönəltmək niyyəti ilə birbaşa bağlıdır.

Məlumdur ki, COP29-dan əsas gözlənti inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim fəaliyyəti üzrə yeni maliyyə məbləğinin müəyyənləşdirilməsidir. Bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilib.

COP29 Azerbaijan - United Nations Climate Change Conference

Bakı COP-unda dövlətlərin qarşısında duran əsas məqsəd yeni məbləği müəyyən etmək olacaq. Hazırda mövcud olan 100 milyard maliyyə hədəfi qlobal istiləşmənin 1,5 dərəcə selsi hədəfinə nail olunması, iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil.

Bu hədəfin ciddi şəkildə artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon dollar həcmində müəyyən edilməsinə ehtiyac var. Dünya ictimaiyyəti inkişaf etmiş ölkələrdən bunu gözləyir. Bu da təbiidir, çünki ekologiyanın çirklənməsi, karbon emissiyasının yüksəlməsinin əsas səbəbkarları da texnoloji cəhətdən inkişaf etmiş ABŞ və Qərb ölkələridir. Ədalət naminə qeyd olunmalıdır ki, Avropa İttifaqı, xüsusilə də Almaniya bu sahədə öhdəliklərini yerinə yetirirlər.

Amma iqlimi ən çox çirkləndirən ölkələrdən biri kimi ABŞ öhdəliklərini iqnor edir və COP-a ən az maliyyə ayıran ölkələr sırasındadır. Öz öhdəliklərindən qaçmaq, dünya ictimaiyyətinin diqqətini mətləbdən yayındırmaq üçün ABŞ COP-un keçirildiyi ölkələri hədəfə götürür, çirkin kampaniyalar təşkil edir və tədbiri siyasiləşdirməyə çalışır.

ABŞ Konqresindəki “26-lar...” - Bakıya qarşı qaralama cəhdi

Azərbaycanın bu təxribatları qulaq ardına vurması və zərurət yarandıqda sərrast cavablandırması isə okeanın o tayında prosesi idarə etməyə çalışanları qıcıqlandırır. Bu gün Azərbaycana qarşı şiddətlənən informasiya təxribatlarının səbəbləri əsasən bu amillə bağlıdır.

İndi də Baş ofisi Londonda yerləşən “The Economist” qəzeti COP-29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycana qarşı hücuma keçib. Belə ki, qəzet AXCP sədri Əli Kərimlinin qara piara hesablanmış yazısını "Dəvətlə" (By İnvitation) rubrikasında çap edib.

Əli Kərimli bölündü və istefa verəcəyini dedi - YENİ "MACƏRA"

Yazıdan bir hissə: “Azərbaycan 1990-cı illərdə Ermənistanın işğal etdiyi torpaqlarını azad etdikdən sonra xalqımız ümid edirdi ki, iki qonşu dövlət arasında sülh sazişi tezliklə imzalanacaq. Azərbaycanlılar ölkəmizdə demokratikləşmə prosesinin başlayacağını və Azərbaycanın (həmçinin bütövlükdə Cənubi Qafqazın) Avro-Atlantik məkana inteqrasiyasının sürətlənəcəyini gözləyirdi.

Qərb də Azərbaycan və Ermənistan arasında sülhü təmin etməkdə maraqlıdır. ABŞ dövlət katibi Antoni Blinken bu həftə hər iki ölkənin xarici işlər nazirlərini Nyu-Yorkda bir araya gətirərək danışıqları uğurla nəticələndirmək istəyir”.

Maraqlıdır,  Əli Kərimli Qərb deyərkən hansı ölkələri nəzərdə tutur? Yoxsa, bu, Ermənistanı silahlandıran ABŞ və Fransadır?!

Elə isə AXCP sədrinin diqqətinə çatdıraq ki, hələ bir müddət əvvəl Caliber.az məlumat yayaraq bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.

Qeyd olunurdu ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.

ABŞ-ın Ermənistandakı 10-cu səfiri Kristina Kvin ilə tanış olun: ABŞ  səfirliyi video paylaşıb

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn isə bu məsələ ilə bağlı sualı cavablandırmaqdan yayınıb qeyri-adekvat cavab vermişdi:

“İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.

ABŞ səfirliyinin bu faktlar qarşısında deyəcəyi söz yox idi. Qərbin özü bu faktı  yalan, dezinformasiya adlandıra bilmədi. 

Daha bir nümunəni isə Fransanın xarici işlər naziri Jan-Noel Barrodan çəkək. Nazir İrəvanın Fransadakı səfirliyində Ermənistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib ki, bir il əvvəl guya “ermənilərin Dağlıq Qarabağdan zorla çıxarılmasına başlanılıb”.

“Fransa heç nəyi unutmur və nə onların geri qayıtmaq hüququ ilə bağlı, nə də mədəni və dini irsinin qorunması ilə bağlı heç nəyi güzəştə getməyəcək”.

Fransa prezidenti Emmanuel Makron isə elə BMT kürsüsündən Azərbaycanın Ermənistana təzyiqindən danışır, aqressiv tezislər söyləyir, ortalığı qızışdırır. Makrona nə düşüb ki, ən mötəbər kürsüdən bütün dünyaya və taleləri ilə barışan ermənilərə Fransanın İrəvanın yanında olduğunu xatırladır?

Makron istefa verə bilər

O deyir: “Fransa Azərbaycanın təzyiqləri və ərazi gərginliyi qarşısında Ermənistanla çiyin-çiyinə dayanır, beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün orada olmalıdır”.

Görünən budur ki, Makron Paşinyandan daha çox ermənilik edir, erməni revanşizmini ürəkləndirəcək açıqlamalar verir. Bir sözlə, Fransa Qafqazda sülh istəmir və iki dövlətin yenidən münaqişəyə girməsi üçün Ermənistanın üstünlüyünü təmin etməyə çalışır.

Cənab Kərimli bu sadaladıqlarım arasında Qərbin sülhpərvər mövqeyini harada gördü? Makron Ermənistanın təcavüzkar və işğalçı konstitusiyası ilə bağlı niyə fikir söyləmir? 250 mindən çox azərbaycanlının 1988-1989-cu illərdə Ermənistandan qovulmasından niyə danışmır? Hansı haqla ədalətli və sülhpərvər rolunda çıxış edir?

“The Economist” qəzetindəki yazıdan daha bir hissə:

“Sülhün bərqərar olması Rusiyanın bölgədəki nüfuzunu azaldar və eyni zamanda Qərbin təsirini artıraraq bu ərazidə demokratik islahatların yayılmasına şərait yaradardı”.

Maraqlıdır, Qərb hansı adla  və ya hansı üzlə bölgəyə nüfuz etmək istəyir? 30 illik işğal dövründə yalançı vədlərdən, sözlərdən başqa nə etdi ki, indi bölgədə söz sahibi olsun.  

Fransana Ermənistana 10 milyon avroluq hərbi yardım edir.  Fransa və Paşinyan hökumətinin təşəbbüsü ilə Azərbaycanın razılıq və icazəsi olmadan Avropa İttifaqının mülki müşahidə missiyası iki ildən artıqdır ki, bölgədə fəaliyyət göstərir. Bu qrupun hazırda sayı 200-dən çoxdur. Onların bölgəyə gəlməsinin təşəbbüskarı Fransadır. O hərbi jandarm missiyalı hərbi qrupdur. 

Kərimli Qərbin bu fəaliyyətində bizim görə bilmədiyimiz hansı demokratik addımı və ya sülh təşəbbüsün görüb?!

Azərbaycana COP29-a evsahibliyi etmək etimadı göstərildiyi ilk günlərdən Qərb yerli “demokratların” əli ilə  qərəzli media prosesinə start verib. Ölkəmizin alternativ enerjiyə çox böyük üstünlük verməsinə baxmayaraq respublikamızın neft-qaz istehsalçısı olması qınaq obyektinə çevrilib.

Prezident İlham Əliyev iyulun­20-də 2-ci Şuşa Qlobal Media Forumunda COP29-la bağlı tədbirlərin mediada işıqlandırılması barədə verilən suala cavabında da bu barədə ətraflı bəhs edib.

Dövlətimizin başçısı Azərbaycanın iqlim konfransına evsahibliyi ilə bağlı namizədliyinə qərar verildikdən sonra Qərb mediasında ölkəmizə qarşı hücumların başladığını və bunun gözlənilən bir hal olduğunu vurğulayaraq bildirib:

 “Bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz, əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün”.

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan  fəal hazırlıq prosesindədir

Prezident İlham Əliyev sözügedən forumda diqqətçəkən bir məqama da toxunaraq Azərbaycanın COP29-a üzv sahibliyi qərarı verilən ilk vaxtlarda Qərb mediasının Azərbaycana hücumunun intensivləşdiyini, sonrakı mərhələdə isə bu sahədə müəyyən sakitlik yarandığını, iqlim konfransı ərəfəsində isə ölkəmizin əleyhinə yazıların yenidən artacağının, ittihamların və hücumların sayının çoxalacağının proqnozlaşdırıldığını bildirib.

COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir.

 Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl” enerji  zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir.

Nuray Əlizadə
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR