Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldlə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Müdafiə naziri Azərbaycanla Böyük Britaniya arasında, digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib. Fergus Auld isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrimizin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Azərbaycan dünyada bir sıra ölkələrlə hərbi əməkdaşlıq edir. Bu əməkdaşlıq müxtəlif səviyyələrdədir. Texniki, informasiya və digər xarakterli əməkdaşlıqlar Azərbaycanın maraqlarına xidmət edir.
Böyük Britaniya da NATO-nun aparıcı ölkələrindən biri olaraq dünyada və Avropada böyük hərbi imkanlara malikdir. O da məlumdur ki, Böyük Britaniya həm də Azərbaycanla çox yaxşı münasibətlərə malik ölkələrdən biridir.
84 milyard funt sterlinqdən artıq sərmayə ilə Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. Azərbaycanın Böyük Britaniyaya yatırımları artıq 2 milyard dolları ötüb. Hazırda 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların fəaliyyəti infrastrukturdan tutmuş səhiyyə və kənd təsərrüfatına qədər müxtəlif sahələri əhatə edir. Böyük Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir. Mart ayında otuz ildən sonra Böyük Britaniyanın Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etməsi Rusiyanın ciddi narahatlığına səbəb olub.
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlığa dair yeni planın imzalanması mümkündürmü?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, artıq uzun müddətdir hər il “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanır və həyata keçirilir. Nazir Zakir Həsənovun səfirlə görüşündə ola bilsin, növbəti maliyyə ili üçün hərbi əməkdaşlıq planının imzalanmasına hazırlıq məsələsi də müzakirə edilib: “Azərbaycan dünyada bir sıra ölkələrlə hərbi əməkdaşlıq edir. Bu əməkdaşlıq müxtəlif səviyyələrdədir. Texniki, informasiya və digər xarakterli əməkdaşlıqlar Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələr əsasən Rusiya, Türkiyə, İsrail, Pakistan, Belarus, Britaniya və digərləridir. Sözügedən ölkələrlə hərbi sahədə qurulan əməkdaşlıq təkcə silah ticarəti ilə bağlı deyil. Bu əməkdaşlıq həm də təcrübə mübadiləsini özündə ehtiva edir. Düzdür, silah idxalı da ön sıradadır. Çünki hər bir müstəqil, suveren dövlət kimi Azərbaycanın da öz müdafiə qüdrətini möhkəmləndirmək hüququ var. Azərbaycan da bundan çıxış edərək vacib addımlar atmaqda və bu sahədə məqsədyönlü siyasət yeritməkdə davam edir. Ancaq bu sahədə əməkdaşlıq çoxşaxəlidir. İldə bir dəfə Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilir, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilir, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunur, əməkdaşlıq planı imzalanır. Bu plana uyğun fəaliyyət qurulur. Böyük Britaniya NATO-nun aparıcı üzvlərindən biri olaraq dünyada və Avropada böyük hərbi imkanlara, ən müasir silahlara malikdir. Böyük Britaniyanın hərbi sahədə əldə etdiyi nailiyyətlər bu dövlətin nüfuzunu daha da artırır. O da məlumdur ki, Böyük Britaniya həm də Azərbaycanla çox yaxşı münasibətlərə malik ölkələrdən biridir. Bu baxımdan Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlığa dair planın imzalanması təbiidir”.
Ekspert qeyd etdi ki, Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq formatının qurulması və aparılan danışıqlar Azərbaycanın hərbi qüdrətinin artmasında mühüm faktorlardandır: “Böyük Britaniya kimi dünyanın güclü və NATO-ya üzv olan bir dövləti ilə hərbi əlaqələrin gücləndirilməsi ordumuz üçün yeni imkanlar açır. Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi nazirliyi arasında əməkdaşlıq ilk növbədə ordumuzun NATO-ya inteqrasiya prosesində də mühüm rol oynayır. Böyük Britaniya ilə qurulan hərbi əməkdaşlıq əlaqələri Silahlı Qüvvələrin təlim və döyüş qabiliyyətinin yüksəlməsi üçün mütəmadi hərbi təlimlərin keçirilməsini də şərtləndirir. İngiltərə, görünür, hərbi əməkdaşlığı Azərbaycanla daha da inkişaf etdirmək niyyətindədir. Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Böyük Britaniyanın Cənubi Qafqazda yalnız əsas iqtisadi tərəfdaşı deyil, həm də, ümumiyyətlə, ən perspektivli tərəfdaşlardan biridir. Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən və işğal olunmuş ərazilər azad edildikdən sonra Britaniya ilə yeni xarakter və miqyas qazanan, artan və intensivləşən siyasi təmasları təhlükəsizlik və hərbi sahədə də dərinləşib”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ