Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı istintaq çərçivəsində konsert zalının sahibləri - Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun hesab etməyib.
Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan xəbər məkanında ilk məlumat yayan Teleqraf.com yazır ki, istintaq orqanı bu qərarı əsas ekspertizaların nəticələri əldə olunana qədər təxirə salıb. Ekspertizalar başa çatdıqdan sonra işə hüquqi qiymət veriləcək və təminat tədbirlərinin tətbiqi məsələsinə baxılacaq.
İstintaq Komitəsi əlavə edib ki, Rusiya qanunvericiliyinə əsasən aktivlərin dondurulması yalnız təqsirləndirilən şəxslərin və ya onların maddi məsuliyyət daşıyan tərəflərinin əmlakına münasibətdə həyata keçirilə bilər.
Xatırladaq ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun çıxışı ərəfəsində terror aktı törədilmişdi. Naməlum şəxslər zala daxil olaraq tamaşaçılara atəş açmış, nəticədə 145 nəfər həlak olmuş, 550-dən çox insan yaralanmışdı.
Musavat.com-un təhlil qrupuna görə, Rusiya istintaqının Ağalarovlarla bağlı bu qərarı Moskva-Bakı münasibətlərində tonun qismən dəyişdiyini göstərir. Analitiklərin fikrincə, Kreml mühitində Azərbaycan və onunla əlaqəli şəxslərə münasibətdə tədricən yumşalma müşahidə olunur.
Bir müddət əvvəl, iki ölkə arasında gərginlik yaşandığı dövrdə, Ağalarov ailəsinin biznesinə təzyiqlər artmışdı. Məsələn, “Crocus” kompleksinin sahibi Araz Ağalarov o zaman Moskvadan Bakıya köçməyə məcbur qalmış, Rusiya mediası bunu “qaçış” kimi təqdim etmişdi.
İndi isə həm istintaq ritorikasında, həm də hüquqi addımlarda fərqli bir ton sezilir.
Maraqlı budur ki, qərar haqqında məlumat Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabrda Qəbələdən Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə etdiyi telefon zəngindən cəmi bir gün sonra yayılıb. Bu, 2025-ci ildə iki lider arasında baş tutan ilk birbaşa telefon təması olub.
Xatırladaq ki, son telefon danışığı 2024-cü ilin sonunda baş vermişdi - o zaman Rusiya Müdafiə Nazirliyi Azərbaycanın mülki təyyarəsini vurmuş, faciə nəticəsində onlarla azərbaycanlı həyatını itirmişdi. Bir müddət sonra Putin Əliyevə zəng edərək o qədər də məqbul olmayan tərzdə üzr istəmişdi. Lakin həmin hadisə və ondan sonra Moskvanın atmadığı addımlar Azərbaycan cəmiyyətində dərin narazılıq yaratmış, münasibətlərdə soyuq dövr və informasiya müharibəsi başlamışdı.
İndi isə Qəbələdən gələn zəng Kremlin ritorikasında və istintaq orqanlarının qərarlarında mülayimləşmənin ilk əlaməti kimi qiymətləndirilir.
Bununla belə, Qəbələdə keçirilən Türk Dövlətləri Sammiti və oradan yayılan xəbərlər fonunda bu müsbət tendensiya Rusiya informasiya məkanında yenidən arxa plana keçib. Kremlə yaxın media orqanları sammiti “anti-Rusiya mesajı” kimi təqdim edir və Bakı ilə Ankaranın bölgədə yeni güc mərkəzi formalaşdırdığını yazır.
Ağalarov ailəsinin Rusiya və Azərbaycan arasında simvolik önəmi də diqqət çəkir. Araz Ağalarov həm məşhur iş adamı, həm də Azərbaycan Prezidentinin nəvələrinin babasıdır. Buna görə də bu ailəyə qarşı atılan hər bir addım - istər müsbət, istər mənfi - Moskvanın rəsmi Bakıya münasibətinin göstəricisi kimi dəyərləndirilir.
Nəticə etibarilə, “Crocus işi” üzrə Ağalarovlarla bağlı istintaqın yumşaq qərarı Moskva-Bakı xəttində emosional gərginliyin azaldığını, lakin tam etimadın hələ bərpa olunmadığını göstərir. Yeni mərhələnin konturları isə artıq Qəbələdən Moskvaya doğru uzanır.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ