İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh razılaşmasının “qaralama variantı” əvəzinə...qan

Politoloq: “Azərbaycanın və Türkiyənin sülh istiqamətində çağırışları və təşəbbüsləri noyabr ayına qədər öz nəticəsini verməlidir”

Sentyabrın 13 və 14-də Ermənistanın təxribatı nəticəsində sərhəddəki 8 saatlıq döyüşlərdə hər iki tərəfdən ciddi itkilər oldu. Hazırda sərhəddə nisbi sakitlik olsa da, gərginlik qalmaqdadır. Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutmaqda davam edirlər, son olaraq üç hərçimiz yaralanıb. Görünən mənzərə budur ki, Ermənistan son Brüssel görüşündə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən aşıq-aşkar boyun qaçırır. Belə ki, razılaşmaya görə, sentyabr ayında xarici işlər nazirləri sülh sazişi layihəsinin heç olmasa, “qaralama variantı” üzərində işləməli idilər. Amma sentyabr bitir və Ermənistan sərhəddə təxribat törətməkdə, Azərbaycanı qaralamaq və sülh sazişinə doğru irəli yox, geri addımlar atmaqdadır.

“Azərbaycan Ermənistana sülh sazişi layihəsinin müzakirəsi üçün görüş yeri və vaxtı təklif edib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib. “Ermənistan danışıqlarda irəliləyiş əldə etməmək üçün tez-tez təxribatlara əl atırdı. Azərbaycan Ermənistanı münasibətlərin normallaşması prosesinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməyə çağırır”, - deyə XİN rəhbəri bildirib.

C.Bayramoun sözlərinə görə, bu yaxınlarda keçirilən Brüssel görüşündən sonra Azərbaycan Ermənistana sülh sazişi üzərində işləməyə hazır olduğunu bildirdi və görüşdən az sonra Ermənistana saziş üzərində işləmək üçün görüşün konkret tarixi və yeri təklif edildi. Lakin təəssüf ki, Ermənistan münasibətləri normallaşdırmaq əvəzinə hələ də qarşıdurmanı davam etdirməyə sadiqdir.

Ermənistan Brüsseldə sentyabrın sonunadək iki ölkə xarici işlər nazirlərinin Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh razılaşmasının ilkin variantının hazırlanacağı ilə bağlı öhdəliyi aşkar pozdu. Azərbaycanın görüş təklifləri isə havada qalıb. Bu o deməkdir ki, Brüssel danışıqları iflas etdi və Ermənistanın bundan sonra da hər hansı öhdəliyinə əməl edəcəyinə təminat yoxdur? “Qulaqburması” verən kimi bütün dünyaya səs salırsa, o halda Ermənistanı danışıqlar masasında necə oturtmalı?

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, avqustun 31-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra bir sıra mühüm razılaşmalar əldə olunmuşdu və ən önəmli məsələ bir ay ərzində xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi, sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrin aparılacağı haqqında idi. Lakin biz artıq sentyabr ayının sonunu yaşadığımız üçün qeyd edə bilərik ki, bu görüş keçirilmədi və Ermənistan növbəti dəfə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı: “Bu bir aylıq zaman kəsiyində Ermənistan sülhü pozmaq istiqamətində mümkün olan hər şeyi elədi. 12-14 sentyabr aralığında Azərbaycanın dövlət sərhədində hərbi, sonra isə siyasi təxribatlar törədərək sülhü pozmaq pozmaq istiqamətində məkrli niyyətini ortaya qoydu. Ermənistanın aldığı sarsıdıcı zərbələrdən sonra Azərbaycanı beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirmək istiqamətində təşəbbüslər həyata keçirildi. KTMT-yə müraciət olundu. Fransa prezidenti ilə görüşdü, NATO baş katibi ilə görüşdü. Eyni zamanda Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılmadı. Qatılsaydı orada Vladimir Putinin, Rəcəb Tayyib Ərdoğanın, İlham Əliyevin iştirakı ilə dördtərəfli görüş keçirilə bilərdi. Paşinyan isə belə bir görüşdən faktiki yayındı. Lakin bu ərəfədə Paşinyan İrəvanda ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qəbul etdi və Rusiyanın geosiyasi orbitindən çıxmaq istiqamətində müzakirələr aparıldı. Bir sözlə, Ermənistan müxtəlif vektorlar arasında oyun oynayaraq vaxt udmaq niyyəti güdür. Ancaq düşünürəm ki, Ermənistana beynəlxalq səviyyədə pressinq həyata keçirilməlidir. Eyni zamanda Praqada Avropa İttifaqı çərçivəsində keçiriləcək görüşdə Nikol Paşinyan və Cənab İlham Əliyev arasında görüş həyata keçirilə bilər. Bu görüşdə Türkiyə Prezidentinin də iştirak etməsi mühüm hadisə kimi dəyərləndirilir. Əgər belə bir görüş olarsa, bu, Türkiyənin siyasi və diplomatik uğuru kimi də dəyələndirilə bilər”.

Ekspert qeyd etdi ki, eyni zamanda ABŞ çox ciddi şəkildə regiona son dövrlər nüfuz edir. Ola bilsin ki, ABŞ qarşıdakı dövrdə öz vasitəçilik imkanlarını irəli sürəcək: “Ümumilikdə noyabr ayına qədər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatına əsaslansaq, qeyd edə bilərik ki, xüsusi bir mərhələ başlayır. Bu zamana qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması da gözlənilir. Lakin təəssüflər olsun ki, Ermənistan sülhə razılaşmır, sülh müqaviləsi ilə bağlı bütün niyyətləri inkar edir. Hətta maraqlıdır ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da sülh müqaviləsinin imzalanmasının Ermənistan üçün yeganə çıxış yolu olduğunu dilə gətirir. Ona görə də düşünürəm ki, Azərbaycanın və Türkiyənin sülh istiqamətində çağırışları və təşəbbüsləri noyabr ayına qədər öz nəticəsini verməlidir”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR