İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsinə kimlər mane olur - Rusiya, yoxsa...

II Qarabağ savaşından sonra maraqlı bir tendensiya yaranıb: Vətən müharibəsinin qalibi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən hər görüş ərəfəsində, ya da görüşdən dərhal sonra işğalçı ölkəni etiraz aksiyaları bürüyür. Mayın 22-də Brüsseldə keçirilən görüşdən sonra da eyni vəziyyət yaranıb.

Bir sözlə, Azərbaycan-Ermənistan arasında sülh razılaşmasının əldə olunmasını istəməyən, pusquda dayanan qüvvələrin belə görüşlər vaxtı üzə çıxdıqları müşahidə olunur. Bu da haqlı olaraq, bir sıra suallara yol açır.  

Sülhə ən böyük təhdid haradan gəlir? İlham Əliyevlə Paşinyan arasında hər görüşdən sonra Ermənistanda o kritik kütləni meydanlara, küçələrə kimlər, hansı qüvvələr çıxarır? Bu proses Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinə çoxmu təhlükə törədir? Həmin teatrın rejissoru Qərbdir, ya Rusiya?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu işlərin arxasında dayanan qüvvənin bəlli olduğunu düşünür: “Ermənistanda artıq uzun müddətdir ki, davam edən etiraz aksiyalarının təşkilatçılarına baxdıqda sifarişin haradan gəldiyi məlum olur. Sifarişçi təbii ki, Rusiyadır. İstər 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşmanın, istərsə də 2021-ci ilin 11 yanvar razılaşmasının tələblərinin icra olunmaması nəticə etibarı ilə tərəfləri Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar aparmağa sövq etdi. Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlər isə Moskva görüşlərindən fərqli olaraq detallı oldu və görüləsi işlərin konkret müddətlərini özündə ehtiva etdi. Avropa İttifaqının təşəbbüsü öz əlinə almasından və tərəfləri sülhə yaxınlaşdırmasından ehtiyat edən Rusiya isə məhz o görüşlərdən sonra təzyiqi artırmağa başladı. Əgər baş verən hadisələrin ardıcıllığına fikir versək, təzyiqlərin arxasında məhz Rusiyanın dayandığını açıq-aydın görə bilərik. İkinci Brüssel görüşündən dərhal sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan Rusiyaya çağırılır və Lavrovla görüşür.

Rəşad Bayramov: “Bu, yalnız Rusiyanın vasitəçilik missiyasının fiaskoya  uğraması halında mümkündür” - Azinforum.az İnformasiya Portalı

Rəşad Bayramov: “Etiraz aksiyalarının təşkilatçılarına baxdıqda sifarişin haradan gəldiyi məlum olur”

Görüşün nəticələri ilə bağlı mətbuat konfransında Lavrov bəyan edir ki, bundan sonra da Ermənistanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və silahla təminatı baxımından Rusiya əlindən gələni edəcəkdir. Lavrovun bu bəyanatı Prezident İlham Əliyevin Ermənistanın silahlandırılmasına etirazla bağlı açıqlamalarından dərhal sonraya təsadüf edir. Bunun ardınca Paşinyanın Putinlə görüşü keçirilir. Həmin görüşdə Putin Qarabağda hələ çoxsaylı problemlərin qaldığını və bunların içərisində ən mühüm məsələnin ermənilərin təhlükəsizliyi ilə bağlı məsələ olduğunu bildirir. Başqa sözlə, Putin problemin hələ həll olunmadığını bəyan etməklə yanaşı həm də Ermənistana təhlükəsizlik məsələsi ilə bağlı manipulyasiya etmək üçün ismarış verir. Təsadüfi deyil ki, Putinin məlum açıqlamasından sonra separatçı rejimin başçısı Araik Arutyunyan təhlükəsizliklə bağlı məsələni qabardaraq ”biz Rusiya sülhməramlıları ilə birlikdə “Artsax”ın təhlükəsizliyi ilə bağlı mexanizmlər üzərində işləyirik" bəyanatı ilə çıxış edir. Elə həmin vaxtdan etibarən də Ermənistanda demək olar ki, fasiləsiz aksiyalar keçirilir.

Rusiya düşünür ki, indiki məqamda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin müəyyənləşdirilməsi nəticə etibarı ilə sülh sazişinin imzalanması ilə yekunlaşacaq ki, bu da Rusiyanın təzyiq imkanlarını itirməsinə səbəb olacaq. Bu isə zamanla Rusiyanın nəinki müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərindən çıxmasına, o cümlədən də Ermənistandakı hərbi bazadan da məhrum olmasına gətirib çıxara bilər. Odur ki, Rusiya bütün imkanları ilə prosesi tormozlamağa can atır. Elə Ermənistan tərəfindən Birgə Sərhəd Komissiyasının işinin sabotaj edilməsi tapşırığının da məhz Rusiyadan gəldiyi heç kimə sirr deyil. Tərəflərin birbaşa görüşündən narahat olan Rusiya bir neçə dəfə Ermənistanın həmin görüşü təxirə salmasına da nail olmuşdu. Rusiya üçün məqbul olan tək şey kommunikasiya əlaqələrinin bərpasıdır. Çünki kommunikasiya xətlərinin blokadadan çıxarılması Rusiyanın özünün də maraqlarına cavab verir. Yerdə qalan məsələlərlə bağlı isə Rusiyanın mövqeyinin müsbət olduğunu söyləmək mümkün deyil.

Son Brüssel görüşündən sonra Lavrovun dərhal Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə zəng vurması da Rusiyanın narahatlığının ən bariz göstəricisidir. Çünki Paşinyan Rusiyanın bütün təzyiqlərinə baxmayaraq Brüsseldə əvvəllər götürdüyü öhdəlikləri icra etmək üçün yenidən öhdəliklər götürməyə məcbur oldu. Və budəfəki öhdəliklər atılacaq addımlarla bağlı konkret müddətləri də ehtiva edir ki, Rusiya da ən çox bundan narahatdır. Birgə Sərhəd Komissiyasının ilk iclasının artıq baş tutduğu məlumdur və onu qeyd etmək yerinə düşər ki, həmin görüş Ermənistanın təkliflərinə və istəklərinə baxmayaraq Moskvada deyil, iki ölkənin dövlət sərhədində baş tutdu. Bütün bunlar onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə Rusiyanın təzyiqlərinin daha da artdığının şahidi olacağıq. Bu mənada Ermənistanın rusiyayönümlü müxalifətinin daha da aktivləşəcəyini və eyni zamanda separatçı rejimin təxribatlarının da artacağını gözləmək olar.

İndi hər şey Ermənistan hakimiyyətinin bu təzyiqlərə nə dərəcədə tab gətirə biləcəyindən asılıdır. Əgər Paşinyan və onun komandası hər şeyə rəğmən götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində addımlar atacaqsa, sülhə də bir o qədər tez nail olunacaq və bundan ən çox qazanan da elə məhz Ermənistan özü olacaq. Yox, əgər proseslər yenə də öhdəliklərin icrasından yayınmaq istiqamətində olacaqsa, təxribatlar davam edəcəksə, o zaman Azərbaycan konkret addımlar atmaq məcburiyyətində qalacaq".

Əsgər andı"nın qüdrəti - Kənan Novruzovun essesi

Kənan Novruzov: “İrəvan öz ”çətirini" itirəcək, ortada qalacaq"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Paşinyanın tələsdiyini düşünür: “Məlum olduğu kimi, daha əvvəl Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər Azərbaycanla sülh imzalanmasında maraqlı olduqlarını deyiblər. Bu, başa düşüləndir. Çünki Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin nəticəsindən asılı olmayaraq işləri daha da çətinləşəcək. Moskva qalib gələcəyi halda İrəvana təzyiqlər artacaq, əks halda, İrəvan öz ”çətirini" itirəcək, ortada qalacaq. Odur ki, Paşinyan tələsir. Qərb, o cümlədən Avropa İttifaqı isə Kremlin başının qarışıqlığından istifadə edib vasitəçilik təşəbbüsünü ələ almaq istəyir. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin intensivləşməsi də bununla bağlıdır. Əlbəttə, Qərb sülhdə yox, daha çox Rusiyanın regiondakı mövqeyini zəiflətməkdə, öz təsir dairəsini gücləndirməkdə maraqlıdır. Bunun üçün isə Bakı və İrəvan arasında heç olmasa bəzi “düyünləri” açmalıdır. Amma Kreml bunu istəmir. Ona görə də “düyünlərin açılacağını” hiss etdiyi an Ermənistana təzyiqləri artırır. Ermənistanda davam etməkdə olan aksiyalar da bu baxımdan qiymətləndirilməlidir. Amma fikrimcə, Rusiyanın təsir gücü tədricən zəifləyəcək və Ermənistan Qərbə daha da yaxınlaşacaq. Beləliklə, sizin tədbirinizcə desək, Rusiyanın “rejissoru” olduğu “teatrın” “pərdələri çəkiləcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR