İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi üçün yeni tarix - Ermənistan referenduma gedir

Paşinyan yolayrıcında qalıb: ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən nimdaş qanunvericilikdən imtina etməli, ya da revanşistlərin, kilsənin səsinə səs verib, gərginlik ocağını növbəti dəfə alışdırmalıdır...

Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanmasına ümidlər kövrək olaraq qalır. Bu, o deməkdir ki, 2024-cü illə bağlı da ehtimal hələlik 50:50-yə nisbətindədir.

İndiki halda konkret fikir bildirmək, proqnoz vermək çətindir. Çox şey əlbəttə ki, rəsmi İrəvanın nə dərəcədə konstruktiv mövqe tutacağından asılı olacaq. Ermənistan rəhbərliyinə daxil olan şəxslər sülh müqaviləsinin hətta 2023-cü ilin sonlarınadək imzalana biləcəyini, rəsmi İrəvanın buna “siyasi iradəsinin olduğunu” iddia edirdilər. Amma il başa çatdı, yeni ilin ikinci ayıdır, di gəl, Ermənistan hakimiyyəti gah “güzgü prinsipi” ilə qoşunların geri çəkilməsini, gah silahlara nəzarət edilməsini, gah da hansısa qondarma paktın imzalanmasını təklif edərək vaxt uzatmağa çalışır. Paralel olaraq Avropa İttifaqı missiyasının Ermənistandakı oyunbazlıqları, Fransa jandarma generalının şərti sərhədlərə gəlib çıxması kimi qarışdırıcı faktlar, ABŞ-ın İrəvandakı səfirliyinin amerikanlara müraciətlə Azərbaycanla sərhədə getməmək çağırışı etməsi kimi qarışdırıcılıq meylləri sülh prosesinin yaxında olmayacağı qənaətini yaradır.

“İki ölkə arasında sülh sazişi 2024-cü ilin birinci yarısında imzalana bilər”. Qərbin nüfuzlu “Fitch” reytinq agentliyinin proqnozunda belə deyilir. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib ki, artıq Azərbaycanla Ermənistan arasında de-fakto sülh var və bir neçə aydır iki ölkənin sərhədində sakitlik hökm sürür, amma bu prosesi məntiqi yekunlaşdırmağa nail olmaq üçün sülh müqaviləsi imzalamaq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq lazımdır. Bu kontekstdə dövlət başçısı vurğulayıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var və həmin sənədə istinadlar Ermənistan konstitusiyasında da əksini tapıb. Həmçinin Ermənistanın digər hüquqi sənədlərində ölkəmizə qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalar və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər var. Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulsa, Ermənistan konstitusiyasına və digər hüquqi sənədlərə müvafiq dəyişikliklər edilsə, sülhə nail olmaq olar. Eyni zamanda Prezident İlham Əliyev bildirmişdi ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək odun üstünə benzin tökmək prinsipindən çıxış edir. Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bu il yanvarın 19-da hökumətin iclasında bildirmişdi ki, ölkəyə yeni geosiyasi və regional şəraitdə ölkəni daha rəqabətli və həyat qabiliyyətli edəcək yeni konstitusiya lazımdır. Bunu da yada salaq ki, 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir erməni rəsmisi keçmiş Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı sənədə imza ata bilməz. Üstəgəl, Azərbaycana ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyası. O zaman N.Paşinyan sülh müqaviləsi necə imzalaya bilər? Yaxud imzalasa, bu müqavilənin legitim qüvvəsi olacaqmı, əgər Ermənistanın Konstitusiya Məhkəməsi sənədi dərhal qeyri-legitim elan edəcəksə? Nəhayət, həqiqətən də ilin birinci yarısında Ermənistanda konstitusiya referendumunun keçirilməsi və ardınca sülh sənədinin imzalanması mümkünmü? Bu arada “Qraparak” qəzeti yazıb ki, Paşinyan yaxın 4 ayda yeni konstitusiya ilə bağlı referendum keçirməyə hazırlaşır. “Past” erməni nəşri isə yazıb ki, Qərb Azərbaycanla sülh müqaviləsini maneəsiz imzalamaq üçün Nikol Paşinyandan ölkə daxilində əlavə legitimlik əldə etməyi tələb edir. “Diplomatik mənbəmizin sözlərinə görə, Qərb Paşinyanın addımlarına legitimlik vermək və mümkün qədər gözlənilməz nəticələrin qarşısını almaq üçün müəyyən siyasi bonus hədiyyə eləməklə ona hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Qərb ya erkən seçkilər, ya da Nikol Paşinyanın istədiyi kimi, yeni konstitusiya üzrə referendumla Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqları sürətləndirməyə və bu məsələni ən qısa zamanda həll etməyə hazırdır. Mənbəmizin fikrincə, başqa bir bonus Qarabağ ermənilərinin problemlərinin həlli üçün Qərb tərəfindən kifayət qədər ciddi pulların verilməsi ola bilər”, - məqalədə deyilir. Qəzet iddia edir ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazır deyil və bu yöndə imzalanacaq müqavilə daxildə Paşinyana problemlər yarada bilər. Nəşr məhz bu səbəbdən Qərbin Ermənistan daxilində Nikol Paşinyan hakimiyyətinin təhlükəsizliyini gücləndirməyə çalışdığını yazır.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

Təhlükəsizlik eksperti: “Dəyişiklik olmadan sülh müqaviləsi imzalanarsa, bu sənəd mübahisə predmeti olacaq və legitimliyi şübhə altına alınacaq”

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyan hələ 2021-ci ilin martında konstitusiyaya dəyişiklik haqqında referendum keçirilməsi ideyasını irəli sürmüşdü: “Amma o zaman əsas hədəf yarıprezident üsul idarəetməsinə keçid olsa da, Ermənistan Konstitusiya Məhkəməsi 2021-ci ilin aprelində Əsas Qanunun preambula hissəsinin, yəni müstəqillik deklarasiyasına istinadın toxunulmaz olduğu haqqında qərar çıxardı. Referendum alınmadı və növbədənkənar parlament seçkiləri ilə Paşinyan hakimiyyətini qoruya bildi. 2023-də keçirilən 24 saatlıq antiterror əməliyyatından və ermənilərin kütləvi köçündən sonra isə tamam yeni siyasi şərait yarandı və Paşinyan, onu dəstəkləyən Qərb tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirirlər. Əlbəttə, Qərbin bu istəyinin arxasında hədəf olaraq Rusiyanın bölgədə təsirini azaltmaq və tamamilə çıxarmaq dayandığı üçün Paşinyana xeyli "siyasi bonuslar" vəd edə bilər və edir də. Amma Paşinyan üçün bu dəyişikliyi etmək asan deyil". 

İ.İsmayıl qeyd etdi ki, daxili auditoriya, ümumiyyətlə, Azərbaycanla barışığa hazır deyil, üstəlik, müxalif qüvvələr də konstitusiyaya dəyişikliyi Azərbaycanın tələbi kimi təbliğ edərək anti-Paşinyan ovqatını gücləndirir: “Dəyişiklik olmadan sülh müqaviləsi imzalanarsa, bu sənəd mübahisə predmeti olacaq və legitimliyi şübhə altına alınacaq”. 

Ekspertin sözlərinə görə, Ukraynada və Yaxın Şərqdə gedən müharibə, Rusiyada prezident seçkiləri, Ermənistandakı siyasi durumu təhlil edəndə məntiqlə nəinki bu ilin birinci yarısında, heç ilin sonunadək sülh müqaviləsinin imzalanması real görünmür: “Hətta bu vəziyyətdən yararlanmaq məqsədilə Ermənistanda başqa bir xətt də aparılır. Bəzi siyasətçilər konstitusiyaya dəyişikliyə o şərtlə razı olurlar ki, Azərbaycan da bəzi məsələlərdə güzəştə getsin. Yəni anklav kəndlərdən imtina, Zəngəzur yolunun açılması üçün Ermənistanın şərtləri qəbul edilsin və bir az da qabağa gedib Qarabağ ermənilərinin geri dönməsi üçün beynəlxalq təminat həyata keçirilsin. Təbii ki, Azərbaycan üçün bu şərtlər qəbuledilməzdir və qarşı tərəf bunu bilsə də, israrında davam edir. Paşinyan referendumda dəyişikliyin qəbul edilməsinin qeyri-mümkünlüyünü mümkün variant kimi səsləndirsə də, hələ ki erməni cəmiyyətində konsensus əhval-ruhiyyəsinin olmadığı hiss olunur. Ona görə də Qərb maliyyə, vizasız rejim və başqa şirnikləndirici təkliflərlə cəmiyyətdə Paşinyanın planlarına loyal münasibət formalaşdırmağa çalışır. Referendumun keçirilməsi, dəyişikliyə müsbət nəticənin əldə edilməsi hələ suallar altındadır və dünyada baş verən hadisələrin də bu prosesə müsbət və ya mənfi şəkildə təsiri qaçılmaz olduğundan dəqiq proqnoz vermək asan deyil, amma bu elə tuneldir ki, sonunda işıq olacaq”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin indiki şəraitdə bağlanması növbəti mərhələdə sülhə təhdid yaradır: “Çünki Ermənistan konstitusiyası dəyişməlidir. Burada Nikol Paşinyan öz hakimiyyətini gücləndirəcək və Azərbaycana qarşı ərazi iddialarına son qoyacaq. O halda Azərbaycanla sülh müqaviləsi hüquqi cəhətdən konstitusiyaya uyğun olacaq. Azərbaycan tərəfi haqlı olaraq məhz Ermənistan konstitusiyasının yenidən yazılmasını tələb edir. Mövcud konstitusiya ilə sülh isə Ermənistanda qanuni sayılmayacaq”. 

Ekspertin fikrincə, Qərb də prosesi yaxşı bilir. Ona görə də bu məsələdə  Paşinyana dəstək veriləcək: “Təbii ki, Qərb Qarabağ ermənilərinə maliyyə yardımı ayıra bilər. Bu, artıq öz işləridir. Qarabağdan köçən ermənilər Ermənistan vətəndaşlığı alacaq. Ümumi götürdükdə bu il konstitusiya referendumu keçirilə bilər. Və ondan sonra sülh müqaviləsi bağlana bilər. Azərbaycanda da prezident seçkisindən sonra ölkəmizin mövqeyi güclənəcək. Ona görə də Paşinyan yeni konstitusiya qəbul edib, Azərbaycanla hərtərəfli sülhə gedə bilər”.

Görünən budur ki, Paşinyan yolayrıcında qalıb, ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən nimdaş qanunvericilikdən imtina etməli, ya da revanşistlərin, kilsənin səsinə səs verib, gərginlik ocağını növbəti dəfə alışdırmalıdır. Qərbdəki havadarları da silah, maliyyə və siyasi dəstəklə onu ikinciyə həvəsləndirirlər. İtirən Azərbaycan olmayacaq!

 E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR