İnsanlara hürriyət, millətlərə istiqlal!

"Delta Telekom”a kiber zərbə təsadüf yoxsa gizli mesaj idi?  

İKT üzrə ekspert Osman Gündüz ölkənin əsas internet magistral operatorlarından olan “Delta Telekom”-a qarşı son günlərdə həyata keçirilən kiberhücumla bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com bildirir ki, onun sözlərinə görə, bu hücum heç də sadə texniki insident kimi qiymətləndirilə bilməz və Azərbaycanın kritik infrastrukturuna qarşı yönəlmiş ciddi risk daşıyır:

"Ötən gün ölkənin əsas magistral operatorlarından olan “Delta Telekom”-a qarşı kiberhücum baş verdi. İlk baxışdan adi texniki problem təsiri bağışlasa da, bu hadisə sıradan bir hal kimi qiymətləndirilə bilməz.

Adətən DDoS hücumları kiçik qurumlara qarşı adi kiber insident hesab olunur. Amma böyük şirkətlərə, xüsusən də magistral provayderlərə qarşı yönəlmiş hücumların məqsədyönlü və sifarişli olma ehtimalı daha yüksəkdir.

Fikrimizcə, ötən gün baş verən hücum da Azərbaycanın kritik infrastrukturuna yönəlmiş ciddi risk kimi dəyərləndirilməlidir.

Mümkündür ki, bu addımı hansısa maraqlı tərəflər və ya xarici dövlətlərə bağlı kiber qruplar həyata keçirib. Hücumun mənbəyi ilə bağlı şübhələr də bunu deməyə əsas verir, ötən gün bu haqda şübhələrimi qeyd etmişəm.

Qanunvericiliyə görə kritik qurumların siyahısı qapalıdır. Amma "kritik infrastruktur" anlayışına diqqət yetirdikdə məhz “Delta Telekom”-un ilk növbədə bu tip qurumlara aid olduğu aydın görünür. Çünki ölkənin əsas strateji müəssisələrinin, dövlət və maliyyə sektorunun internet təminatının böyük hissəsi məhz bu magistral üzərindən keçir.

Bu fakt ötən günkü hücumun təsadüfi olmadığını göstərir.

Xüsusən də dünyanın qarışdığı indiki zamanda, ölkələr arasında  qarşılıqlı fiziki və kiberhücumların artdığı, geosiyasi vəziyyətin gərginləşdiyi bir zamanda belə bir hadisənin baş verməsi çox düşündürücüdür.

Son illərdə Azərbaycanda kritik infrastrukturun təhlükəsizliyi istiqamətində mühüm addımlar atılıb: qanunvericilik qəbul edilib, səlahiyyətlər dəqiqləşdirilib (DTX və XRİTDX), DTX-da Milli Kibertəhlükəsizlik Mərkəzi yaradılıb, kadr hazırlığı aparılıb, qurumlar üçün metodik tövsiyələr və təlimatlar hazırlanıb və s.

Çox güman ki, ötən gün hücumun fəsadlarının qısa zamanda aradan qaldırılması da məhz bu görülən işlərin nəticəsidir".

Ekspert növbəti mərhələdə aşağıdakı addımların atılmasının vacibliyini qeyd edib:

"Fikrimcə, hücumun mənbəyinin və məqsədinin tam araşdırılması çox vacibdir.

Daha güclü anti-DDoS sistemləri qurulmalıdır, internet infrastrukturunda alternativlərin çevikliyi və dayanıqlığının artırılması təmin edilməlidir, kritik qurumlarda dayanıqlıq testləri müntəzəm keçirilməlidir və s.

Düşünmək olar ki, maraqlı tərəflər bu hücumla bəlkə də, ölkənin kritik infrastrukturunun dayanıqlığını “yoxlamaq”, test etmək  istəyiblər. Bu isə ciddi xəbərdarlıqdır.

Odur ki, Azərbaycanın rəqəmsal suverenliyinin daha da möhkəmləndirilməsi hər günün əsas məsələlərindən biri olmalıdır".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR