İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi bu ay imzalanacaq? - 2024-ün “yol xəritəsi”ndə nə var...

Türkiyə-ABŞ danışıqlarında da Azərbaycan-Ermənistan münasibətləri əsas müzakirə mövzularından biri oldu; davamında nələri gözləməli? Ekspertlərdən fərqli açıqlamalar

Təzə ilin ilk ayında Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşməsi gözlənilir. İstər Bakı və İrəvandan, istərsə də Moskva, Vaşinqton və Brüsseldən verilən bəyanatlar belə bir nikbin qənaəti yaradır. Rusiyada nəşr olunan “Kommersant” qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, tərəflər sülh müqaviləsini hətta yeni ildən dərhal sonra, yəni yanvarda imzalaya bilər. 

“2023-cü ilin sonunadək Cənubi Qafqaz üzrə danışıqlar prosesində daimi uğursuzluqlara və fasilələrə rəğmən, MDB-nin Sankt-Peterburq sammitindən əvvəl İlham Əliyev və Nikol Paşinyan sülh müqaviləsini imzalamağa və 30 illik münaqişəyə son qoymağa heç vaxt olmadığı qədər yaxın idilər. Bütün öncəki görüşlərdən fərqli olaraq - ötən il onların sayı 5 olub - Sankt-Peterburqdakı təmas Bakının sentyabrdakı bir günlük hərbi əməliyyatından sonra tanınmamış ”dqr"in fəaliyyətini dayandırmasından sonra ilk görüş idi", - nəşr qeyd edib. Məlumat Sankt-Peterburqda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin qeyri-rəsmi söhbəti başa çatdıqdan sonra dərc edilib. Erməni mənbələri bildirir ki, iki lider arasında söhbət zamanı sülh müqaviləsinin imzalanması üzrə danışıqlar prosesinin bəzi aspektləri müzakirə olunub.

“Sülh imkanları heç vaxt bu qədər yaxın olmayıb. Biz bütün qonşularla normal münasibətlər qurmalıyıq. Bəli, çətindir, amma kin-küdurətə, dözümsüzlüyə, tarixdə və reallıqda daha güclü, daha yaxşı nəsə axtarmağa, eləcə də özünü tərifləyib digərindən üstün tutmaq kimi çirkin vərdişlərə son qoymalıyıq”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Yeni illə bağlı sosial şəbəkə hesabında yazıb.

“Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir” - bunu isə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Öz növbəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib ki, sülh sazişi sərhədin delimitasiyasının girovuna çevrilməməlidir. “Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sazişin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur”, - Hacıyev qeyd edib.

Nəhayət, Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında keçirilən son görüşdə də Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları müzakirə mövzuları sırasında olub. Bildirilir ki, ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib. Düzdür, detallar açıqlanmır, amma şübhə yoxdur ki, qardaş ölkənin baş diplomatı mövzu ilə bağlı Ankaranın prinsipial mövqeyini Blinkenin nəzərinə çatdırıb. Xatırladaq ki, bundan əvvəl iki rəsmi şəxsin telefon danışığında da tərəflər, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma proseslərindən bəhs etmişdilər. Beləliklə, aparıcı dövlətlərin rəsmiləri arasındakı görüşlərdə də Bakı-İrəvan münasibətləri əsas mövzular sırasında yer alır. Bəs Nikol Paşinyan hökuməti nəhayət, bu il sözdən əmələ keçəcəkmi? Yanvarda gerçəkdənmi sülh sənədinin imzalanması realdır? Son gəlişmələr nədən xəbər verir, hazırda durum nə yerdədir? Tərəflərin 2024-cü il üçün “yol xəritəsi”ndə nə var? Bütün bunlarla əlaqədar ekspertlərə müraciət etdik.

af9fedd4-2656-4cff-8385-e4f00cb2998f.jpg (58 KB)

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında öncə sülh prosesində moderatorluq etməyə cəhd göstərən rəsmi Vaşinqtonun anti-Azərbaycan siyasətinə diqqət çəkdi: “Yeni ilin ilk günlərində ABŞ Dövlət katibi ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) 2023-cü ilin dekabr ayının 5-də açıqladığı Azərbaycanla bağlı növbəti qərəzli hesabatında əks olunan tövsiyəyə əsaslanaraq Azərbaycanı. ”Xüsusi Nəzarət Siyahısına" (Special Watch List -SWL) daxil edib. Komissiyanın hesabatında Azərbaycanın bu siyahıya əlavə edilməsinin “əsaslandırılması” isə hesabatda göstərilən “Ermənistanla münaqişə kontekstində Azərbaycanın Dağlıq Qarabağ ərazisində hərbi cinayətlər və digər sui-istifadə hallarına yol verməkdə davam etməsidir”. Guya Azərbaycan xristian ermənilərinin dini abidələrini məhv edir. Azərbaycana davamlı olaraq düşmən mövqeyi nümayiş etdirən Komissiyanın bu təklifinin dövlət katibi tərəfindən qəbul olunmayacağına gümanlar az olsa da, hər halda ümid edilirdi ki, bu baş verməyəcək. Amma dövlət katibi bu addımı atdı. “Xüsusi Nəzarət Siyahısı”na (XNS) bütün Xüsusi Narahatlıq Doğuran Ölkə meyarlarına tam cavab verməyən, lakin dini etiqad azadlığının ciddi şəkildə pozulması və dini tolerantlığın olmadığ ölkələr daxil edilir. Belə ölkə kateqoriyası 2016-cı il Beynəlxalq Dini Etiqad Azadlığı Aktına (IRFA) Frank R. Volf düzəlişi ilə daxil edilmişdi".

S.Məmmədov bütün bunları qeyd etməklə vurğuladı ki, ABŞ yenə də Ermənistan dövlətindən və erməni lobbisindən Azərbaycana qarşı dubinka kimi istifadə edir: “Ermənistan və erməniçilik isə buna məmuniyyətlə razılıq verir. Hazırda qlobal informasiya məkanında erməniçilik dövlət katibinin bu qərarını alqışlayan məlumatları total şəkildə yaymadadır. Bu vəziyyətdə sülh danışıqlarına dair verilən optimist proqnozlar hətta özünü doğrultsa belə Ermənistanla qarşıdurma davam edəcəkdir. Ən azı informasiya və beynəlxalq hüquq müstəvisində mübahisə nəinki zəifləməyəcək, hətta daha da vüsət alacaqdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın ”Berliner Zeitung" qəzetinə müsahibəsində “sülh sazişi sərhədin delimitasiyasının girovuna çevrilməməlidir” fikirləri və sülh müqaviləsinin sərhədlərin delmitasiya və demarkasiyası həyata keçirlmədən mümkünlüyünə dair açıqlaması olmuşdu. Yəni yaxın aylarda sülh müqaviləsi imzalansa belə sərhədlərin müəyyən edilməsi prosesi davam edəcəkdir və istisna deyidir ki, bu sahədə razılığa gəlmək o qədər də asan olmayacaq". STM icraçı direktorunun fikrincə, görünən budur ki, Ermənistan hətta sülh müqaviləsini imzalasa belə onun şərtlərinin altından asan çıxmaq üçün maksimum “dişsiz” bir sənədin olmasını istəyir: “Ermənistandan və erməniçilikdən dubinka kimi istifadə etməklə Azərbaycanı təzyiq altında saxlamaq istəyən qüvvələr isə hər hansı bir müqavilənin imzalanmasında maraqlı görünmür və ya sənəd imzalansa belə onun Rusiyada deyil, ABŞ və ya Qərb ölkələrinin birində baş verməsini istəyir. Rusiya isə öz növbəsində buna imkan vermək istəmir. Ermənistan isə hələ ki, sözdən əmələ keçməyib. Azərbaycana qarşı ərazi iddalarından yalnız sözdə imtina edilib. Bir tərəfdə pozitiv açıqlamalar verib, o biri tərəfdə anti-Azərbaycan tədbirlərini davam etdirməkdədirlər. Bu baxımdan 2024-cü ilin ikitərəfli münasibətlərdə o qədər də asan il olmayacağını düşünürəm, hətta sülh müqaviləsi imzalansa belə”.

Bu arada, rəsmi İrəvan absurd iddiasını növbəti dəfə tirajlayaraq bəyan edib ki, qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü şəklində çıxarılması təklifi qüvvədə qalır, Ermənistan Xarici İşlər Nazirliyindən yerli medianın sorğusuna cavab olaraq bildirilib. İddia olunub ki, çıxarma SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında baş tutmalıdır və İrəvan bu məsələ ilə bağlı müzakirələrə tez bir zamanda başlamağa hazırdır.

Ermənistanda Azərbaycan dilinə xüsusi “qayğı”nın səbəbi - 4 məktəbdə...

İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl şübhə etmir ki, burada yeni erməni hiyləsi var: “Bilirlər ki, qoşunların sərhəddən güzgü şəklində çıxarılmasına Azərbaycan müsbət yanaşmır və bu məsələyə sülh müqaviləsindən sonra, delimitasiya, demarkasiya işlərində baxılmağın tərəfdarıdır. Özlərini sülh tərəfdarı kimi göstərib günahı Azərbaycanın üzərinə atmaq istəyirlər. Əvvəl sülh imzalanmalıdır və burada hansı xəritə əsasında iş görülməsi də qeyd olunmalıdır. Yalnız bu razılşamadan sonra dəqiqləşməlidir ki, kim harada dayanmalıdır”.

Ancaq bəzi ehtimallara görə, Ermənistlarla sülhün 2024-cü ildə imzalanacağı da artıq şübhəli görünür. İrəvandan gələn reaksiyalar prosesin süni şəkildə uzadılacağına şübhə yeri qoymur. İ.İsmayıl bildirdi ki, sülh 2024-də imzalana bilər, amma hazırda gedən proseslər sazişin birinci yarımildə imzalanacağına şübhə yaradır: “Azərbaycan son yekun layihəni Ermənistana təqdim edib, amma Ermənistan iqtidarının da, müxalifətinin də mövqeyində pozitiv bir reaksiya yoxdur, əksinə, yeni şərtlər var. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qoşunların sərhəddən geri çəkilməsi şərtinin hələ də gündəmdə olması barədə bəyanat verir, müxalif parlament üzvləri isə sülh sənədini ”kapitulyasiya aktı" kimi təqdim edirlər. Görünür, Paşinyan hakimiyyəti hələ Qərb havadarları ilə sənəd üzərində məsləhətləşmələrini davam etdirirlər. Qarşıda Azərbaycanda, bir ay sonra isə Rusiyada prezident seçkiləri gözlənilir, ona görə də sülh sənədinin yüksək səviyyədə yekunlaşıb imzalanması real görünmür. Qərb öz vasitəçiliyini qabardan siyasət aparacaq və imzalanmanı sürətləndirməyə çalışacaq, amma bu məsələnin yalnız Qərbin istəyilə reallaşacağı inandırıcı gəlmir".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR