Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq. Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni - 17.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq. Qeyd etmək lazımdır ki, qüvvədə olan Qanunun 17.1.2-ci maddəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb və həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Yeni qaydaların tətbiqi hansı anlamı daşıyır və burada üstünlüklər nədir, sakinlər üçün mənfi tərəfi hansıdır?
Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu yeniliklər getdikcə zamanın tələbindən irəli gəlir. Siyahıda qeyd olunan obyektlərin pasportlaşması gözlənilən addımdır. Çünki məhz bu pasport əsasında dəqiq siyahıyaalma aparılacaq və enerji ödənişlərində yayınma halları sıfıra enəcək. Təbii ki, bu baxımdan üstünlüklər dövlət, qurumlar və qanunvericilik üçün əhəmiyyətlidir. Çünki pasportlaşma prosesi hər hansı qurumun işçilərinin nəzarətindən kənarda qalan hallarının qarşısını alır.
Cahid Həsənov
Sakinlər tərəfdən isə vəziyyət bir qədər fərqli görünür. Burada bəzən ödənişdən yayınma halları, maddi çatışmazlıqlar səbəbindən pasportlaşmaya münasibətdə narazılıqlar ola bilər. Ona görə də bəzi sakinlər bu prosesi qanuni olsa da, incidici və məcburi bir addım kimi qiymətləndirə bilərlər.
Pasportlaşma prosesində hər bir detalın sənədləşdirilməsi və prosedurun uzanması işçilərin də iş yükünü artırır. Bu isə müəyyən razılaşdırma və koordinasiya çətinlikləri yaradır. Digər tərəfdən, sakinlər və ya iş adamları bunu mənfi qarşılayaraq narazılıqlarını bildirə bilərlər. Əsas narazılıqlar heç də qanunvericiliyin dəyişilməsi ilə bağlı olmur. Hər bir detalda proseduraların uzanmasındadır və ödənişlərin çox olmasıdndadır. Ümumilikdə isə pasportlaşma işlərin sistemləşməsini və möhkəmlənməsini təmin edir. Sadəcə, rəsmi sənədləşmə və rəsmiləşdirmə mərhələsində, xüsusilə də maddi məsələlərdə və ödənişlərlə bağlı hissədə müəyyən güzəştlərin tətbiq olunması vacibdir. Söhbətin əsas məğzi də buradadır".
Günay İsmayılqızı
Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bizimlə söhbətdə qeyd edib ki, enerji effektivliyi pasportunun əsas məqsədi binalarda enerji resurslarının daha səmərəli istifadəsini təmin etmək, istismar zamanı enerji itkisini azaltmaq və ekoloji dayanıqlılığı artırmaqdır. Onun sözlərinə görə, bu sənəd binanın enerji sərfiyyatı ilə bağlı texniki göstəriciləri sistemləşdirilmiş şəkildə təqdim edir və həm dövlət orqanları, həm layihəçilər, həm də vətəndaşlar üçün şəffaf informasiya mənbəyi rolunu oynayır. İstehlakçılar bu sayədə binanın enerji səmərəliliyi sinfi barədə öncədən məlumat alaraq daha qənaətcil seçim edə bilirlər.
Ekspertin fikrincə, pasportun tətbiqi nəticəsində istismar dövründə enerji xərcləri azalır, xüsusilə də qışda isitmə, yayda soyutma xərcləri optimallaşır. İstehlakçılar müxtəlif binaların enerji göstəricilərini müqayisə edə və daha sərfəli seçim edə bilirlər. Tikinti şirkətləri üçün rəqabət üstünlüyü yaranır, çünki yüksək enerji effektivliyinə malik binalar daha tez satılır və bazar dəyərini qoruyur. Dövlət səviyyəsində enerji resurslarının səmərəli istifadəsi təşviq olunur, karbon emissiyaları azalır və beynəlxalq öhdəliklərə uyğunluq təmin edilir.
Günay İsmayılqızı qeyd edib ki, ilkin mərhələdə bu tələbin mənzil qiymətlərinə müəyyən təsiri ola bilər. Belə ki, layihələrə əlavə texnoloji həllər və yüksək keyfiyyətli materiallar daxil ediləcək. Lakin uzunmüddətli dövrdə bu proses bazarda keyfiyyətin yüksəlməsinə və vətəndaşların enerji qənaətli mənzillər seçərək kommunal xərclərə qənaət etməsinə şərait yaradacaq. Enerji pasportunun hazırlanması ilə bağlı xərclərin isə tikinti layihəsinin əvvəlində nəzərə alınması tövsiyə olunur. Bu zaman alıcı üçün əlavə maliyyə yükü yaranmır və qiymətə süni artım olmur.
Ekspert qeyd edib ki, iri tikinti şirkətləri artıq beynəlxalq enerji standartlarına uyğun layihələr hazırlayır: “Kiçik və orta tikinti subyektləri üçün isə dövlət qurumlarının və peşəkar assosiasiyaların dəstəyi ilə maarifləndirici və təlim proqramlarının keçirilməsi zəruridir. Bu, keçid prosesinin daha effektiv həyata keçirilməsinə kömək edəcək”.
Qeyd edək ki, belə bir praktika artıq dünyanın bir çox ölkəsində mövcuddur və Azərbaycandakı yanaşmanın əsasən Avropa modelinə uyğunlaşdırıldığı qeyd edilir. Avropa İttifaqında bu sahədə tətbiq edilən “Energy Performance of Buildings Directive (EPBD)” adlı direktivə əsasən, bütün yeni tikililər və satışa/icarəyə çıxarılan binalar enerji performans sertifikatı ilə təmin olunmalıdır. Bu sənəddə binanın enerji səmərəliliyi sinfi (A-dan G-yə qədər) qeyd olunur və bu, alıcı və ya icarəçi üçün şəffaf məlumat bazası yaradır. Almaniya, Fransa və Böyük Britaniyada bu tələblər həm yeni, həm də müəyyən şərtlərlə köhnə binalara tətbiq edilir. Bəzi ölkələrdə enerji effektivliyi aşağı olan binaların icarəyə verilməsi məhdudlaşdırılıb. ABŞ-də isə bu tələblər federal səviyyədə olmasa da, bəzi ştatlar və şəhərlər böyük obyektlər üçün oxşar sertifikatlaşdırma mexanizmləri tətbiq edir.
Azərbaycanın bu sahədə atdığı addım beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, həm də enerji resurslarının daha səmərəli istifadəsini, tikinti sektorunda şəffaflığı və vətəndaşların uzunmüddətli qənaət imkanlarını təşviq edir. Enerji effektivliyi pasportu gələcəkdə kommunal xərclərin azaldılmasına, daha ekoloji və dayanıqlı şəhərsalma siyasətinin həyata keçirilməsinə xidmət edəcək. Bu sənəd həmçinin tikinti şirkətlərini daha müasir və səmərəli layihələr təqdim etməyə təşviq edəcək, yüksək enerji sinfinə malik binaların bazar dəyəri və rəqabət gücü artacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ