Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp oktyabrın 1-dən hökumətin fəaliyyətinin məhdudlaşması ehtimalını mümkün sayır.
Musavat.com xəbər verir ki, o, jurnalistlərlə söhbətində Senatdakı Respublikaçılar və Demokratlar hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı qanun layihəsi üzərində konsensusa gələ bilməsələr, federal hökumətin bağlanması(ABŞ-da “Şətdaun”- shutdown – adlandırılır-red.) ehtimalının olduğunu deyib: "Biz demokratlarla danışıqlara davam edəcəyik, lakin düşünürəm ki, ölkə bir müddət bağlana bilər. Biz ordunun qayğısına qalacağıq, sosial müavinətlərin qayğısına qalacağıq”.
Trampın sözlərinə görə, hökumətin fəaliyyəti kəskin məhdudlaşsa, "demokratların mübarizə apardıqları bir çox şeylər üçün ödəniş edilə bilməyəcək."
"İşlərin necə inkişaf etdiyini və nə etdiyimizi görəcəyik" deyən Tramp daha əvvəl Nümayəndələr Palatasında təsdiq edilən qanun layihəsinin hökuməti maliyyələşdirməyə davam etmək üçün Senat tərəfindən də dəstəklənməli olduğunu izah etdi: "Bizim(Respublikaçıların –red.) 53 senatorumuz var və bizə 60 səs lazımdır. Bu o deməkdir ki, Senatdakı demokratlar layihəyə səs verməlidirlər. Və onların belə səs verəcəyini düşünmürəm".
Dünən səhər Senat federal hökumətin davamlı maliyyələşdirilməsini nəzərdə tutan iki qanun layihəsini rədd edib. Aşağı palatada qəbul edilən Respublikaçılar tərəfindən hazırlanan qanun layihəsi 48 senatorun, Senatda demokratların hazırladığı qanun layihəsi isə 47 senatorun dəstəyini qazanıb. Beləliklə, Senat oktyabrın 1-də hökumətin mümkün bağlanmasının qarşısını alacaq qanun layihəsini qəbul edə bilməyib. Amerika mediasına görə, bu, hökumətin bağlanması ehtimalını kəskin şəkildə artırır, çünki Konqres gələn həftə tətil edəcək.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ