İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinqrad kimi Mariupol-Rusiya Azovu alıb, “Azov”çularla isə bacarmır


Təslim olmaqdan imtina edən minlərlə “Azov”çu sonadək müqavimət göstərəcəklərini deyir

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərində onlara qarşı döyüşən ukraynalı əsgərlərə bəyan edib ki, silahı yerə qoyan hər kəsə Mariupoldan təhlükəsiz çıxışa zəmanət verəcək.

"Bölgədəki maneələrin aradan qaldırılması üçün ağır silahlardan istifadə olunmadan ev-ev, məhəllə-məhəllə, nöqtə əməliyyatları həyata keçirilib. Görülən təsirli tədbirlər sayəsində millətçilərin yaratdığı qorxu mərkəzindən 59 min 304 nəfər və 139 əcnəbi vətəndaş Rusiyaya köçürülüb. Amma əlimizdə olan məlumatlara görə, hazırda şəhərdə 6 ölkədən 130 minə qədər mülki şəxs və 184 əcnəbi vətəndaş girovluqdadır. Mariupolda rus qoşunlarına qarşı vuruşan Ukrayna əsgərləri, millətçi qruplar və Kiyev administrasiyası üçün çalışan muzdlulara müraciət edirik, silahı yerə qoyun",- Müdafiə Nazirliyinin məlumatında deyilir.



“Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin isə Mariupolun nəzarətə götürülməsinin “iki-üç günün, hətta bir həftənin işi olmadığını” deyib.

“Rossiya 1” telekanalının efirində Puşilin deyib ki, “Azov” batalyonunun əsas istehkamı ərazisi təxminən 11 kvadrat kilometr olan “Azovstal” zavodudur. Ukrayna saytları da yazır ki, Mariupolda güclü ordu qüvvələri yerləşdirilib. Qeyd edək ki, iki gün əvvəl Rusiya ordusu Ukraynanı Azov dənizinə çıxışdan məhrum ediblər.

Qeyd edək ki, Mariupol Ukraynanın regional əhəmiyyətli ən böyük 10 şəhərindən biridir. Rusiya imperator I Pavelin həyat yoldaşı Mariya Fyodrovnanın şərəfinə belə adlandırılıb. Şəhər Ukraynanın cənub-şərqində Donetsk vilayətində, Azov dənizinin şimal sahilində yerləşir. Şəhərin əsası 1778-ci ildə Krımdan gələn yunanlar tərəfindən qoyulub. Vətəndaş müharibəsi zamanı- 1918-ci il mayın 1-də şəhər qısa müddətdə alman qoşunları tərəfindən işğal edilib. 1918-ci ilin noyabrında qoşunlar çıxdıqdan sonra Mariupol Don kazaklarının nəzarətinə keçib.



Hitler Almaniyası ilə müharibə zamanı şəhər təxminən 2 il işğalda (1941-ci il oktyabrın 8-dən 1943-cü il sentyabrın 10-dək) qalıb. Faşistlər şəhərdə 10 minə yaxın insanı güllələyiblər. 50 minə yaxın oğlan və qız Almaniyaya sürgün edilib. Kütləvi edamlara, qəddar işğal rejiminə baxmayaraq, şəhərdə partizan dəstələr fəaliyyət göstərib. 1943-cü il sentyabrın 10-da Cənub Cəbhəsinin 44-cü Ordusunun qoşunları və Azov hərbi flotiliyasının hücumu nəticəsində şəhər işğalçılardan azad edilib. Sovet dövründə şəhər Jdanov adlanıb. 1989-cu il yanvarın 13-də onun sakinlərinin xahişi ilə Mariupolun tarixi adı şəhərə qaytarılıb.

2021-ci il statistikasına görə, əhalinin sayı 400 min nəfərdir. Şəhərdə ukraynalılar, ruslar, yunanlar, beloruslar, ermənilər, yəhudilər və başqa millətlərin nümayəndələri yaşayır. Ukraynalılar şəhərin bütün əhalisinin yarısından bir qədər çoxunu təşkil edir, Mariupolda sayca ikinci ən böyük millət ruslardır. Əsas ünsiyyət dili rus dilidir. İqtisadiyyatın əsas sahələri metallurgiya, maşınqayırma təşkil edir. Şəhər yüksək sənaye, inkişaf etmiş nəqliyyat infrastrukturuna görə Ukraynada investisiyalar üçün ən cəlbedici yerlərdən biridir.



2014-cü ilin aprelində Ukraynanın şərqində baş verən silahlı münaqişə nəticəsində şəhər“Donetsk Xalq Respublikası”nın nəzarətinə keçib. 9 may 2014-cü il hadisələrindən sonra Ukrayna hökumətinə tabe olan bütün hüquq-mühafizə orqanları şəhərdən çıxarılıb. Mayın 25-də şəhərdə Ukraynada prezident seçkiləri keçirildi. Seçici fəallığının aşağı olmasına baxmayaraq, MSK onları etibarlı kimi tanıdı. İyunun 13-də Ukrayna ordusunun hücumu zamanı şəhəri öz nəzarətinə qaytarıb. “DXR” strukturları ləğv edildikdən sonra, Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenkonun sərəncamı ilə regional hakimiyyət orqanları müvəqqəti olaraq Mariupola köçürüldü Digər idarəetmə strukturları isə Donetsk vilayətinin müvəqqəti mərkəzinə çevrilmiş Kramatorskda yerləşir və regionun güc strukturları Mariupolda qalır.

Orxan ƏLİYEV
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR