Onlayn ictimai-siyasi qəzet
SSRİ ilə Almaniya arasındakı müharibə ilk günlərdən çox amansız alıb. Bununla belə, tərəflərin sülh danışıqlarına getmək cəhdləri haqqında məlumatlar da var. Ehtimal edilir ki, müharibə illərində Hitler və Stalin danışıb razılaşmaq üçün yeddi, hətta on dəfə cəhd ediblər.
Bolqarıstan səfirinə ümidli olmaq
Sovet kəşfiyyatının ən bilikli işçilərindən biri olan Pavel Anatolyeviç Sudoplatov öz xatirələrində yazıb ki, 1941-ci il iyulun 25-də Beriya ona Bolqarıstan səfiri İvan Stamenovla görüşməyi tapşırıb.
Qeyd edək ki, Bolqarıstan 1940-cı ildən üçüncü reyxin müttəfiqi olub. 1953-cü ildə Beriya güllələndikdən sonra general Sudoplatov təzyiqlərə məruz qalıb. Nəticədə müəyyən sorğu-sual və müxtəlif cinayət işlərində günahkar bilinən Sudoplatov 15 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya dövlət ictimai-siyasi tarix arxivində Pavel Sudoplatovun Almaniyaya sülh təklif etmək cəhdini daha ətraflı əhatə edən izahat qeydi mövcuddur.
Bu sənəddə o yazıb ki, faşist Almaniyasının hücumundan bir neçə gün sonra Beriya ona Bolqarıstan səfirinə bütövlükdə atəşkəs haqqında eyham vurmaq əmri verib. Beriya deyib ki, sovet hökumətinin qərarı var, ona görə də bu məsələ qeyri-rəsmi şəkildə öyrənilməlidir. Çünki Moskva Almaniyanın hansı şərtlərlə atəşkəsə razılaşacağını və qoşunlarının irəliləməsini dayandıracağnı bilmək istəyib.
L.Beriya izah edib ki, bu qərarın məqsədi siyasi manevr, vaxt udmaq cəhdidir. Eyni zamanda sülh müqabilində SSRİ Almaniyaya Baltikyanı ölkələri, Qərbi Ukrayna və Belarusu, Bessarabiya, Bukovina və Kareliya bərzəxini verməyə razılaşıb.
Gizli görüş
Səfirlə görüş Moskvanın “Araqvi” restoranında baş tutub və nəticəsiz bitib. Stamenov Sudoplatova nəzakətlə qulaq asıb və sovet hərbçilərinin qələbəsinə əmin olduğunu bildirib. Diplomat söhbətin məzmununu Sofiyaya çatdırmayıb: “Biz bunu bilirdik, çünki Bolqarıstan səfirliyinin bütün yazışmalarına nəzarət edirdik, kodlarına çıxışımız vardı”, - Sudoplatov deyib. Beriya söhbətin nəticələri haqqında hesabat alıb və bir daha bu mövzuya qayıtmayıb.
Müharibənin ilk günlərində Kreml xalqa söz verdikləri “az qan tökməklə qalib gəlmək” strategiyasının iflasa uğradığını anlayıb. Qoşunlar nizamsız olub, təyyarələrin əksəriyyəti birbaşa aerodromlarda məhv edilib. Burada düşməni gecikdirmək üçün ərazi vermək artıq siyasi gediş olub.
Onlar Almaniyaya “Brest-Litovsk kimi” sülh müqaviləsi təklif etmək istəyiblər. Lakin Bolqarıstan səfiri danışıqlarda vasitəçi kimi çıxış etməyi öhdəsinə götürməyib. Çünki, Hitler çox güman ki, bu sülh təşəbbüslərinə məhəl qoymayacaqdı. O, asan qələbələrin eyforiyasında olub.
Almaniya və SSRİ Britaniya ilə ABŞ-yə qarşı
Hitlerlə sülh bağlamaq üçün ikinci cəhd barədə nüfuzlu bir şəxs söyləyib. Bu hərbi kəşfiyyat veteranı, Sovet İttifaqı Qəhrəmanı və “Novıy Mir” jurnalının keşçmiş baş redaktoru və SSRİ Yazıçılar İttifaqının birinci katibi Vladimir Vasilyeviç Karpovdur.
Onun sözlərinə görə, 1942-ci ilin əvvəllərində Stalin almanlarla atəşkəs haqqında gizli danışıqlar təşkil etməyə çalışıb. Mtsensk vilayətində, Almaniya qoşunlarının yerləşdiyi yerdə, SSRİ xalq daxili işlər komissarının birinci müavini Vsevolod Merkulov sovet hökumət adından Almaniyaya təkliflərin siyahısını general Karl Vulfa təhvil verib.
Təklifə əsasən öncə hərbi əməliyyatlar dayandırılacaq, bundan sonra SSRİ müharibəni qızışdırmaqda beynəlxalq qurumları günahlandıracaq, Böyük Britaniya ilə ABŞ-yə qarşı Almaniyanın tərəfində olacaq. Karpovun sözlərinə görə, almanların cavabında həddindən artıq böyük tələblər olduğu üçün atəşkəs əldə edilməyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ