İnsanlara hürriyət, millətlərə istiqlal!

Şri-Lankada iğtişaşlar: Prezident komendant saatı rejiminin müddətini uzadıb

Şri-Lanka prezidenti Qotabayya Racapaksa bu gün başa çatmalı olan komendant saatı rejiminin bir sutka uzadılması barədə fərman imzalayıb. Buna ada dövləti ərazisində kütləvi iğtişaşların və toqquşmaların davam etməsi səbəb olub.

AZƏRTAC “Daily Mirror” qəzetinə istinadla xəbər verir ki, prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən buraxılış vəsiqələri istisna olmaqla, heç kimin küçələrə, dəmir yollarına, parklara, oyun meydançalarına, həmçinin çimərliklərə və ya digər ictimai yerlərə çıxmasına icazə verilmir.

Bundan başqa, Şri-Lankanın turizm idarəsi xarici turistləri yerləşdikləri binaları tərk etməməyə çağırıb. Həmçinin hava limanına gedib-gələn əcnəbilər səyahət sənədlərini - pasport və aviabiletləri özləri ilə götürməlidir.

Bu arada Şri-Lankanın hazırkı dövlət başçısının qardaşı, baş nazir Mahinda Racapaksa ölkənin müstəqillik əldə etdiyi 1948-ci ildən bəri üzləşdiyi ən böyük iqtisadi böhran səbəbindən demək olar ki, bütün şəhərləri bürüyən etiraz aksiyaları fonunda istefa ərizəsi yazmağa məcbur olub. Onun istefası prezident tərəfindən qəbul edilib.

Mayın 9-da Şri-Lankada hökumət tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində azı 5 nəfər həlak olub, 150-yə yaxın insan isə yaralanıb. Etirazçılar baş nazirin iqamətgahını, həmçinin nazirlərin və parlament üzvlərinin evlərini yandırıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR