Onlayn ictimai-siyasi qəzet
İran gələn ilin aprel ayınadək öz düşmənlərinə qarşı istifadəyə hazır ola biləcək 10 nüvə başlığına malik ola bilər. Bu barədə “The Times” qəzeti MAQATE-nin baş direktorunun keçmiş müavini Olli Heynonenə istinadən yazıb.
O qeyd edib ki, İranın oktyabrın 1-də İsrailə hücumu üçün istifadə etdiyi raketlər gələcəkdə nüvə silahının çatdırılması üçün də istifadə oluna bilər. Heynonenin sözlərinə görə, “bu raketlərlə heç bir ölkəni məhv etmək mümkün deyil”, ancaq “onlarla hədələyib daha yaxşı danışıqlar mövqeyi əldə etmək olar”.
Məlumata görə, Heynonen əvvəllər MAQATE missiyaları çərçivəsində dəfələrlə İranın nüvə obyektlərinə baş çəkib və nüvə sektorunda İranın yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxlayıb.
Tehran həqiqətənmi 5-6 aya 10 nüvə başlığı hazırlamaq imkanındadır? Qərb (ABŞ), İsrail buna imkan verərmi?
Xatırladaq ki, İranın dini lideri Əli Xomeneyi vaxtilə nüvə silahının haram olduğunu söyləmişdi. Əgər haramdırsa, - çünki nüvə zərbəsi nəticəsində böyük bir ərazidə günahsız insanlar, qadın, uşaq, qoca, canlı təbiət, fauna və flora da məhv olacaq, - o zaman özünü “islam respublikası” sayan İran nədən atom kütləvi qırğın silahına can atır?
Aydın Mirzəzadə
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə hesab edir ki, bu gün əsas məsələ İranla İsrail arasında düşmənçiliyə son qoyulmasıdır. “Yeni Müsavat”a açıqlamasında millət vəkili iki ölkə arasında gərginliyin azaldılması üçün variantların axtarılmasının önəmini vurğuladı: “Dünya bu gərginlikdən əziyyət çəkir. Bu gün dünyanın əsas diqqəti sosial proqramın həyata keçirilməsinə, ekologiyanın qorunmasına, təbii sərvətlərdən səmərəli istifadəyə deyil, məhz bu iki dövlət arasında qarşıdurmanın nə zaman bitəcəyinə yönəlib. Görünən odur ki, tərəflərin bir-birinə qarşı hərbi hücumları vəziyyəti heç də dəyişmir, əksinə, daha da gərginliyə doğru aparır. Hər iki ölkə nəinki regionun, dünyanın nüfuzlu dövlətlərindəndir. Bir-birini zəiflətmək siyasəti nəticə vermir.Tərəflər münasibətləri yaxşılaşdırmaq üçün variantlar axtarmalıdırlar. Bu gün hərbi ritorikanı, hərbi qarşıdurmanı kənara qoyub dinc danışıqlara getməlidirlər. Regiona sülh gətirməyin yolunu axtarmalıdırlar. Ancaq bu yolla məsələni həll etmək olar. Nüvə tədqiqatlarının, nüvə silahının hazırlanmasına deyil, nüvədən dinc istifadə edilməsinə yönəldilməsi üzərində düşünülməlidir. Bu gün silahlanmaya, hərbi qarşıdurmaya sərf edilən milyardlarla dollar vəsait ölkənin problemlərinin həllinə yönəldilməlidir, maddi çatışmazlıqdan əhalisi aclıq çəkən ölkələrə humanitar yardım götürülməsi işində iştirak etməlidirlər. Hesab edirəm ki, bu məsələdə qarşı-qarşıya duran, bir-birinə qarşı ən kəskin addımları atmağa çalışan İran və İsrailin yaxın dostları bu məsələyə dəstək verməlidirlər. Bu məsələdə böyük dövlətlər rol oynaya bilərlər. Təəssüf ki, ABŞ ilə Rusiya arasında olan münasibətlərin soyuqluğu bu potensialdan istifadəyə imkan vermir. Ümid etmək istəyərdim ki, tərəflər qarşıdurmanın danışıqlar yolu ilə, masa ətrafında müzakirə yolu ilə həllinə üstünlük verəcəklər. Bu danışıqlar hələ ki nəticə verməyə bilər, hər halda, belə danışıqlar indiki vəziyyətdən daha yaxşı variant sayıla bilər”.
Rəsul Mirhəşimli
Dini mövzular üzrə araşdırmaçı yazar Rəsul Mirhəşimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dinlər insanların əxlaqını formalaşdıran mühüm bir amil olsa da, bu əxlaqın gündəlik siyasət və beynəlxalq münasibətlərə tətbiqi bəzən çətin olur. R.Mirhəşimli bunun dinlər və siyasi güc arasında gərginlik yaratdığını qeyd etdi: “Bu zaman dinin əxlaqi prinsipləri ilə siyasi maraqlar arasında bir ziddiyyət ortaya çıxır. Bütün səmavi dinlər insan həyatına və ədalətə dəyər verir və insanları kütləvi öldürməyi qınayır. Xristianlıq və iudaizm dinləri də insanın həyatı və mülkiyyətinin toxunulmazlığını ön plana çıxarır, qorunmasını tövsiyə edir. Lakin bu gün Qəzzada İsrailin törətdiyi kütləvi qırğınlar göz qabağındadır. Günahsız körpələrin, mülki insanların kütləvi qətli heç bir dinin prinsiplərinə və əxlaqına sığa bilməz. Artıq bu bölgədə törədilən vəhşiliyin həddi-hüdudu yoxdur. Bu müharibədə siyasi iddialar dinlərin əxlaqi normalarını ayaqlar altına sərir”.
R.Mirhəşimli tarixi faktlara da diqqət çəkdi: “Qeyd etmək lazımdır ki, nüvə silahına ilk sahib olan ölkələr xristian ölkələridir. İlk dəfə 1945-ci ildə Yaponiyada atom silahı ilə kütləvi qırğın törədən ABŞ da xristian ölkəsidir. Bu dəhşətli qırğının fəsadları uzun illər aradan qalxmadı. Onların nüvə silahlarına sahib olması bu ölkələrin beynəlxalq münasibətlərindəki güc dinamikaları, milli təhlükəsizlik və müharibə strategiyaları ilə izah edilir. Bu, bəzən "soyuq müharibə" dövründəki güc balansı və çəkindirmək siyasəti ilə izah olunur. Həmçinin bu silahların varlığı, bir çox hallarda təhlükəsizlik və özünü müdafiə prinsipi ilə əlaqələndirilir. Bu səbəbdən dinlərin əxlaqi dəyərləri ilə real dünyadakı siyasət arasında mübahisələr və ziddiyyətlər daim mövcuddur. Bu, yalnız bir dinə xas deyil, bir çox dinlərin və mədəniyyətlərin eyni problemi yaşadığını göstərir. İslam dini insanların həyatına dəyər verən, insanlığı qorumağı vacib sayan bir sistemdir. İslamın mərkəzi prinsipləri ədalət, mərhəmət və insan həyatının qorunması üzərində qurulub. Allah Qurani-Kərimdə bir insanın öldürülməsini bütün bəşəriyyətin öldürülməsinə bərabər tutur. Kütləvi qırğın silahlarının istifadəsi bu prinsiplərlə tamamilə ziddiyyət təşkil edir. İslamda hər bir insanın həyatı dəyərlidir və günahsız insanların öldürülməsi qadağandır. İranın nüvə silahları inkişaf etdirmə cəhdləri, müxtəlif siyasi və strateji amillərlə bağlıdır. Dini liderlərin bəyanatları ölkənin daxili və beynəlxalq siyasətindəki mövqelərini əks etdirir. Bu zaman da siyasi maraqlar dinin tövsiyələri ilə ziddiyyətli görünür. Nəticə etibarilə, İslam dini insan həyatının və ədalətin qorunmasına çağırır. Nüvə silahlarına sahib olmaq istəyi, bu istəklə qalmayıb, ondan istifadəsi bu prinsiplərlə əksdir və belə bir yanaşma, dini dəyərləri pozan bir davranış kimi qiymətləndirilə bilər. İslam dininin prinsiplərinin kütləvi öldürmə anlayışı ilə uzlaşması mümkün deyil. Bu, İslam dininin təməl prinsiplərinə ziddir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ