İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlində kitab yox, bıçaq gəzdirən məktəblilər - gələcəyimizlə bağlı SOS!

Ekspert: “Dünya təcrübəsində bir çox ölkələr yeniyetmələr arasında kriminal davranışların qarşısını almaq üçün ailə və məktəblərdə ciddi tərbiyə proqramları həyata keçirirlər”

Son günlərin ən aktual mövzularından biri məktəblilərin törətdiyi cinayətlərdir. Bu hadisələrin təkrarlanması və getdikcə təhlükəli hal alması cəmiyyətdə narahatlıq doğurmaya bilməz. Kriminalın yeniyetməlik dövründəki şəxslərə sıçramasının kökündə duran səbəblər hamını düşündürür.

Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı “Yeni Sabah”a danışarkən bildirib ki, vəziyyətin bu həddə gəlib çatmasında bir amil rol oynayır: düşünürəm ki, belə hadisələrin kökündə duran səbəb ailələrdə və məktəblərdə verilən tərbiyənin yüksək səviyyədə olmamasıdır. Hər iki tərəf bu məsələdə kifayət qədər mühüm rol oynaya bilmir. Ona görə də yeniyetmələr sosial medianın, kriminal aləmin təsirinə məruz qalırlar. Əgər tərbiyə işi ən yüksək səviyyədə qurulsaydı, indi vəziyyət tamamilə fərqli olardı".

Ceyhun Məmmədov: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır" |  innews.media

 Ceyhun Məmmədov

Deputat valideynlərə tövsiyə edib ki, təkcə övladlarının tədrisi ilə deyil, paralel olaraq, tərbiyəsi ilə də məşğul olsunlar.

Xatırladaq ki, son bir həftə ərzində ölkədə məktəblilər arasında baş vermiş iki cinayət hadisəsi qeydə alınıb. Belə ki, Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə 10-cu sinif şagirdi Kənan Orucov sinif yoldaşı Ayxan Nəsrullayevi bıçaqlayıb. Oktyabrın 3-də isə Bakı şəhəri, Sabunçu rayonu, 71 saylı məktəbdə 10-cu sinif şagirdləri olan 2008-ci il təvəllüdlü A.S.-nin (şərtidir) D.N.-ı (şərtdir) bud nahiyəsindən bıçaqlaması xəbəri yayıldı. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb. Məktəblilərin törətdikləri bu cinayət hadisələri cəmiyyətdə, valideynlər arasında ciddi narahatlıq doğurub.

Bəs övladlarımızı kriminal gələcəkdən necə qorumalı?

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

 Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspertin fikrincə, son vaxtlar yeniyetmələr arasında cinayət faktlarının artmasının əsas səbəblərindən biri ailə institutunun zəifləməsidir: “Müasir dövrdə bir çox valideynlər iş yükü, sosial problemlər və digər amillər səbəbindən övladlarına kifayət qədər diqqət və qayğı göstərə bilmirlər. Ailənin təməl rolu uşağın şəxsiyyətinin və dəyərlərinin formalaşmasında böyük əhəmiyyət kəsb edir, lakin bu diqqətsizlik yeniyetmələrin xarici təsirlərə, xüsusilə də sosial medianın zərərli məzmunlarına və kriminal davranışlara daha çox məruz qalmasına səbəb olur. Eyni zamanda valideynlər arasında tərbiyə prosesindəki fərqliliklər və yetərli nəzarətin olmaması uşaqların tərbiyə işində ciddi boşluqlar yaradır.

Məktəblərin də bu məsələdə rolu inkar edilə bilməz. Təhsil sistemi şagirdlərin yalnız akademik biliklərini deyil, həm də mənəvi dəyərlərini formalaşdırmağa yönəlməlidir. Lakin məktəblərdə nizam-intizamın zəifləməsi, müəllimlərin tərbiyəvi işə yetərincə diqqət ayırmaması, həmçinin təhsil müəssisələrinin sosial və emosional inkişafı dəstəkləyən fəaliyyətlərə kifayət qədər yer verməməsi uşaqların dəyərlər sistemində problemlər yarada bilər. Kriminal davranışların artması məktəblərdə tərbiyə işinin gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur".

Ekspert qeyd edib ki, dünya təcrübəsində bir çox ölkələr yeniyetmələr arasında kriminal davranışların qarşısını almaq üçün ailə və məktəblərdə ciddi tərbiyə proqramları həyata keçirirlər: “Məsələn, Skandinaviya ölkələrində sosial rifah sistemi valideynləri övlad tərbiyəsində daha çox dəstəkləyir və təhsil sistemi uşaqların emosional və sosial bacarıqlarının inkişafını prioritet tutur. Şagirdlərə dəyərlərin aşılanması üçün məktəbdaxili psixoloji dəstək, mentorluq proqramları və şagirdlərin bir-biri ilə ünsiyyət bacarıqlarını inkişaf etdirən dərslər təşkil olunur. Bu yanaşma, yeniyetmələrin sosial və psixoloji baxımdan sağlam şəkildə inkişaf etmələrinə və kriminal davranışlardan uzaq durmalarına kömək edir”.

Kamran Əsədov deyir ki, yeniyetmələrin cinayətə meyilli olmasının bir başqa səbəbi isə sosial medianın təsiridir: “Bu gün sosial media müxtəlif məzmunları ilə uşaqların davranışlarına və dəyərlərinə təsir göstərir. Kriminal məzmunlar, zorakılıq səhnələri və mənfi nümunələr yeniyetmələrin dünyagörüşünü formalaşdırarkən mənfi təsir göstərir. Uşaqlar sosial medianın real həyatdan fərqli olduğunu dərk etmədikdə, virtual aləmdə gördüklərini gerçək həyatla qarışdıra bilirlər və bu da kriminal davranışlara yol açır.

Problemin həll yolları olaraq, ailələr tərbiyə işində daha fəal rol oynamalı, övladlarına nəzarəti artırmalı və sosial mediada qarşılaşdıqları məzmunları filtr etməlidirlər. Valideynlər uşaqları ilə açıq ünsiyyət qurmalı, onların maraqlarını başa düşməli və tərbiyə işini ailə dəyərləri üzərində möhkəmləndirməlidirlər. Məktəblər isə tərbiyə işini dərs proqramına daxil etməli, uşaqların emosional və sosial bacarıqlarının inkişafına yönəlmiş layihələr həyata keçirməlidirlər. Müəllimlər yalnız akademik deyil, həm də tərbiyəvi baxımdan nümunəvi olmalı və şagirdlər arasında dəyərləri aşılamaqda daha aktiv iştirak etməlidirlər.

Ümumiyyətlə, yeniyetmələrin kriminal davranışlarına qarşı mübarizə aparmaq üçün ailə və məktəbin qarşılıqlı əməkdaşlığı, sosial medianın təsirinin azaldılması və uşaqların dəyərlər sisteminin formalaşmasında ciddi addımlar atılması vacibdir. Azərbaycanda da bu istiqamətdə geniş tərbiyə proqramları və psixoloji dəstək sistemlərinin qurulması təcili ehtiyacdır. Bu cür tədbirlər gələcək nəsillərin daha sağlam və mənəvi baxımdan güclü olması üçün mühüm addımlar ola bilər".

Onu da qeyd edək ki, statistik məlumata görə, 2023-cü ildə 14-17 yaşda olan 494 yeniyetmə cinayət törədib. 2022-ci ildə cinayət törədən yeniyetmələrin sayı 433 nəfər təşkil edib. Rəsmi statistikada yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd edən yeniyetmələrin də sayında artım baş verib. Cinayətlərin artım dinamikasına uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.

Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.

2022-ci ildə məhkum olunmuş  yeniyetmələrin sayı 258 nəfər təşkil edib.

Ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş yeniyetmələr arasında oğlanlarla yanaşı, qızlar da var. Belə ki, ötən il məhkum olunmuş 310 yeniyetmədən 4-ü qızdır.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR