İnsanlara hürriyət, millətlərə istiqlal!

Spikerlər “Qafqaz masası” yaradır

İrəvanın kənarda qaldığı bu format regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində daha bir uğurlu addım olacaq

Son illərdə Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Türkiyə və Gürcüstanla həm ikitərəfli, həm də üçtərəfli təmasları güclənib. Son 30 ildə Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələri yüksələn xətlə inkişaf edərək, bir sıra transmilli layihələrin reallaşmasına zəmin yaradıb.

Üç ölkənin dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında qurulan səmərəli münasibətlər regional və beynəlxalq əməkdaşlıq, habelə qlobal təhlükəsizlik baxımından mühüm nəticələr verib. Ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqaz regionunda reallaşdırılan, transmilli əhəmiyyətə malik layihələrin əsas təşəbbüskarları və icraçıları olması ilə şərtlənir.

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox faydalıdır. Bu format regional təhlükəsizliyin gücləndirilməsi və sabitliyin bərqərar olması istiqamətində uğurla fəaliyyət göstərir. Xarici işlər nazirləri ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli danışıqlar formatı da mövcuddur ki, burada daha çox hərbi sənaye və müdafiə məsələləri gündəliyə daxil olur.

Numan Kurtulmuş Gürcüstan parlamentinin sədri ilə görüşüb - TurkicWorld

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı həm də hər üç ölkənin silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Bölgədəki vəziyyətin doğurduğu aktual çağırışlar strateji tərəfdaşlar olan Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini zərurətə çevirir. Sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər üç ölkə postmüharibə dövrünün sülhyaratma proseslərinə fəal töhfələr verir.

Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun görüşündə bu əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində daha bir addım atılıb. Gürcüstan parlamentindən verilən məlumata görə, tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər. Kurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib. Spikerlərin “Qafqaz masası” yaratması fonunda İrəvan yenidən qapı arxasında qalır. Cənubi Qafqazın yeganə ölkəsi Ermənistandır ki, özünü regional layihələrdən təcrid etməkdədir. Halbuki onun da bu formatlarda, platformalarda iştirak şansı var. Sadəcə, Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsində gözlənilən addımları atmalıdır.

Arif İsmayılbəyli komadan ayıldı

Arif İsmayılbəyli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, spikerlər səviyyəsində qurulan platforma əməkdaşlığın spektrinin genişləndirilməsinə hesablanıb. Parlament partiyasının funksioneri hesab edir ki, bu üçbucağın inkişaf etdirilməsi regionda sabitliyə xidmət edir. Üç ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən VHP mənsubunun fikrincə, parlament sədrlərinin bir araya gəlməsi ilə əlaqələr daha da möhkəmlənəcək: “Ermənistan bu fürsəti əldən verməkdədir. Düzdür, Paşinyan Türkiyə və Azərbaycanla normallaşma prosesinin həyati əhəmiyyətini erməni xalqına izah etməyə çalışır, bununla belə, ölkəsinin blokadası davam edir. Çünki Türkiyə və Azərbaycana ərazi iddiaları qalır, erməni xalqının türkə nifrəti dəyişməyib, İrəvanda hələ də revanşist fikirlər səslənir, Qarabağdan əl çəkmək istəmədiklərini nümayiş etdirirlər. Bu da Ermənistana zərər vurur və onu regional əməkdaşlıq layihələrindən təcrid edir. Ona görə də Paşinyan siyasətinə yenidən baxmalı, addımlarını sürətləndirməlidir. Çünki regionda hər anın öz hökmü var və hazırkı reallıqlar dəyişə bilər”.

A.İsmayılbəyli Azərbaycan Prezidentinin “Qafqaz evi” ideyasını irəli sürdüyünü xatırladaraq, regionda dayanıqlı sülh üçün ən unikal variantın bu platforma olduğunu düşünür: “Bizə kənar güclərin müdaxiləsi, yaxud vasitəçiliyi lazım deyil. Üç Qafqaz ölkəsi bölgədə sabitliyi təmin etmək üçün bu ideyanı gerçəkləşdirə bilər. Türkiyənin də bunda maraqlı olduğunu görürük. Eyni zamanda "altılıq" platforması təklif olunub. Hələlik Gürcüstanın Rusiya ilə problemləri reallaşmasına imkan vermir. Ermənistan və İranın da mövqeyi tam aydın deyil. Ancaq “Qafqaz masası” qurulur və Ermənistanın da burada iştirak perspektivi görünür. Sadəcə, İrəvan Avropa İttifaqının, Fransanın oyununa getməməlidir".

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq  danışır - 22.06.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən siyasi təhlilçi Ramiyə Məmmədova Ermənistanın bu gedişlə hələ çox qapılar arxasında qalacağını proqnozlaşdırır: “Buna səbəb özünütəcrid siyasətidir. Azərbaycan isə çoxşaxəli xarici siyasət yürüdür. Yəni istər Qərblə enerji sahəsində əməkdaşlıq, istər Rusiya və Çinlə olan əlaqələr, istərsə də regional layihələrin həyata keçirilməsi olsun. Bu mənada Türkiyə-Gürcüstan-Azərbaycan tandemi inkişafda olan formatlardan biridir. Burada siyasi-iqtisadi, təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsindən söhbət gedir. Özəlliklə Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb. Ermənistan isə bu fürsəti əldən verib. İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bu sırada 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa neft kəməri bir ilkdir”.

Ekspertin sözlərinə görə, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri bu əməkdaşlığı möhkəmləndirən təməl xətlərdir: “Ermənistan da bundan yararlana bilərdi. Ancaq onun işğalçılıq siyasəti, bu gün isə həm sülh əleyhinə addımları, regionda təxribatçı hərəkətləri, Zəngəzur dəhlizinə qarşı çıxması, gah Fransanın, gah İranın əlində oyuncağa çevrilməsi onu bu əməkdaşlıq layihələrindən kənarda qoyub. Təbii ki, Paşinyan bu reallığı görür və onu 180 dərəcə dəyişmək haqqında fikirləşir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR