Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşaraq diqqət çəkib.
Musavat.com xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirib. O, bununla bağlı “X” hesabında paylaşım edərək yazıb:
“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviqinə yönəlmiş baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə dəyərlərinin əhəmiyyəti kimi ortaq prinsipləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağına ümid edirik. Ona bu məqsədə nail olmaq yolunda uğurlar arzulayırıq”.
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu mövzu ilə bağlı TV Müsavatın efirində Sevinc Telmanqızının moderatorluğu ilə yayımlanan “Canlı debat” verilişində şərh verib.
O diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hələ ötən il keçirilən II Şuşa Qlobal Media Forumunda da Donald Tramp haqqında çox müsbət fikirlər səsləndirmişdi və bu münasibət Azərbaycanın ABŞ-la tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir:
“Maraqlıdır ki, həmin vaxt Tramp hələ ABŞ prezidenti deyildi və qarşıdan gələn seçkilərdə onun qələbəsi çoxlarının şübhə ilə baxdığı bir məsələ idi. Hətta bəzi sorğularda onun şansı 50-nin 50-yə qiymətləndirilir, bəzilərində isə dəstəyi 45 faizdən aşağı göstərilirdi. Çünki məhkəmə çəkişmələri davam edirdi, onunla bağlı bir sıra cinayət dosyeləri var idi. Həmçinin Demokratlar yorğun Co Baydeni Kamala Harrislə dəyişmişdilər.
Azərbaycan Prezidenti isə elə həmin vaxt öz nitqində demokratlar komandasını darmadağın etdi və bütün ümidi Trampa bağladı ki, bəlkə, o hakimiyyətə gələn zaman Amerika ilə Azərbaycanın münasibətlərində gərginlik azalar. Builki çıxışı zamanı da Trampı çox yüksək qiymətləndirdi.
Tramp isə öz sosial hesabında bunu paylaşdı. Tramp çox nadir hallarda kiminsə çıxışını paylaşır. Halbuki, hər kəs Trampın özünün çıxışını paylaşır və bundan xəbər hazırlayır.
Azərbaycan Prezidentinin Xankəndidən onun haqqında söylədiyi fikirlər görünür, Tramp üçün çox önəmli olub. Tramp bu paylaşımı etməsindən 3 dəqiqə keçmişdi ki, biz Musavat.com üçün bununla bağlı artıq xəbər hazırladıq. Çünki bu, çox böyük hadisədir. Tramp hakimiyyətə gələrkən onun əlində iki siyahı var idi: ağ və qara. Qara siyahıda Ukrayna prezidenti Volodimir Zelenskidən başqa Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Paşinyan bu ilin 16 yanvarında ABŞ Dövlət Departamentinin 4 gün sonra səlahiyyətlərini təhvil verəcək sədri Entoni Blinkenlə müqavilə imzalamışdı.
Hanı o müqavilə və ABŞ-nin dəstəyi?! Əgər Tramp hakimiyyətə gəlməsəydi və o siyahılar işə düməsəydi, Ermənistan bu cür “yola gəlməzdi”. İndiki şəraitdə Ermənistan Amerikadan tam dəstəyini itirib. Zelenskinin düşdüyü vəziyyətə Paşinyan da düşüb. Ermənistanın baş naziri demokratlarla can bir qəlbdə işləyirdi, dəstəkləyirdi, yazırdı, paylaşırdı və ona elə gəlirdi ki, demokratlar daha dəqiq desək, Kamala Harris hakimiyyətə gələcək. Tramp isə belə şeyləri çox qiymətləndirir. Onun çətin və həlledici məqamlarında kimlərin özlərini necə apardığını nəzərə aldı.
Tramp ilk dəfə Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını paylaşır. Bu, Azərbaycanın, hamımızın uğurudur. Eyni zamanda Azərbaycan Prezidentinin Xankəndidən verdiyi doğru mesajların ünvanına çatması deməkdir. Daha dəqiq desək, prezidentimizin Xankəndidən Trampa ünvanlandığı mesaj yetişdi”.
Şahanə Rəhimli
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ