Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbolu illərdir ki, Avropa arenasında öz yerini tapmağa çalışır. Hər mövsüm ölkəmizin klubları UEFA-nın təşkil etdiyi turnirlərə qatılaraq güclü rəqiblərlə mübarizə aparır, yeni tarix yazmağa çalışırlar. Bəzən uğurlar, bəzən isə acı məğlubiyyətlər yaşansa da, bu yol Azərbaycan futbolunun inkişafı üçün vacib pillələrdən biridir.
Bu il də Azərbaycan klubları Avropada mübarizə aparacaqlar.
Musavat.com xəbər verir ki, bu mövsüm Azərbaycanı avrokuboklarda 4 klub təmsil edir: “Qarabağ”, “Araz-Naxçıvan”, “Zirə” və “Sabah”.
“Şelbrun” – “Qarabağ” cütünün qalibi 3-cü mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – “FCSB” (Rumıniya) dueli ilə qarşılaşacaq.
“Petrokub” (Moldova) – “Sabah” cütünün güclüsü “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Zirə” – “Hayduk” (Xorvatiya) duelindən qalib çıxan komanda “Atletik Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) cütünün qalibi “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, “Zirə” və “Araz-Naxçıvan” ilk oyunlarını evdə, “Qarabağ” və “Sabah” isə səfərdə keçirəcək.
İdman jurnalisti Natiq Muxtarlı mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, artıq Avropada zəif komanda anlayışı yoxdur:
“İstər Çempionlar Liqası, istər Avropa Liqası, istərsə də Konfrans Liqasında çıxış edən komandaların əksəriyyəti kifayət qədər güclüdür”.
Onun sözlərinə görə, Azərbaycanın digər klubları bu səviyyəyə uyğunlaşmaqda çətinlik çəkir:
““Qarabağ” istisna olmaqla, klublarımız avrokuboklarda rəqabətə tam hazır deyillər. Buna görə də bizdə belə bir yanlış fikir formalaşıb - “Qarabağ”a düşən rəqib zəifdir, digərlərinə düşən isə güclü. Bu isə “Qarabağ”ın Avropa səviyyəsinə qalxmasından xəbər verir”.
Natiq Muxtarlı qeyd edib ki, “Qarabağ”ın üstünlüyü illərdir qoruduğu sabitlik və sistemdir:
“Klubun oyun fəlsəfəsi, təcrübəsi və balanslı heyəti var. Lakin bu mövsüm Çempionlar Liqasının qrupuna düşmək “Qarabağ” üçün asan olmayacaq. Bunun üçün heyətin daha güclü olması vacibdir.
Təəssüf ki, yüksək səviyyəli futbolçuları Azərbaycan klublarına gətirmək çətindir. Nə maliyyə imkanları buna yetir, nə də Azərbaycan futbolu xarici oyunçular üçün cəlbedicidir”.
N.Muxtarlının fikrincə, “Qarabağ”dan sonra ən ümidverici komanda “Araz-Naxçıvan”dır:
“Elmar Baxşıyev komandada sistem qurub, əlindəki resurslardan səmərəli istifadə edir. O, oyun fəlsəfəsi və taktiki düşüncəsi ilə digərlərindən seçilir. Bu da “Araz-Naxçıvan”ı irəli aparan əsas faktorlardan biridir.
“Sabah” klubunda isə qeyri-müəyyənlik hökm sürür. Klub rəhbərliyi baş məşqçiyə zaman tanınmalı olduğunu desə də, hər mövsüm tez-tez məşqçi dəyişiklikləri edilir. Bu isə komandanın sabit oyun qurmasına mane olur. Əgər məşqçiyə güvənirsinizsə, ona zaman tanımalısınız. Amma bizdə yeni məşqçi gətirilir, bir neçə ay sonra nəticə olmadıqda qovulur. Bu sistemsizlik inkişafı mümkünsüz edir.
“Zirə” isə müəyyən potensiala malik olsa da, Avropada mərhələləri keçmək üçün hazır olmadığı görünür. Klubun infrastrukturu və oyun səviyyəsi hələ tam formalaşmayıb”.
Natiq Muxtarlı hesab edir ki, Azərbaycan futbolunun əsas problemi peşəkar idarəçiliyin olmamasıdır:
“Klub rəhbərləri hər mövsüm sıfırdan başlamamalı, sistemli işə üstünlük verməlidirlər. Qurban Qurbanova illərlə vaxt verdilər, onun arxasında dayandılar. Bu səbəbdən “Qarabağ” bu gün Avropada tanınan komandalardan biridir. Amma digər məşqçilərə bu imkan verilmir. Rəşad Sadıqovun bir vaxtlar Qurban Qurbanovla birlikdə oynaması onu ikinci Qurban etmir”.
N.Muxtarlının fikrincə, Sadıqovun potensialı var, amma bu potensialı Qurban səviyyəsinə yüksəltmək üçün ciddi zaman və dəstək lazımdır:
“Onu yersiz tənqid etmək doğru deyil, amma ondan “ikinci Qurban” düzəltmək də real deyil”.
Sultan Məmmədli
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ