Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşaraq diqqət çəkib. Musavat.com xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirib. O, bununla bağlı “X” hesabında paylaşım edərək yazıb:
“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviqinə yönəlmiş baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə dəyərlərinin əhəmiyyəti kimi ortaq prinsipləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağına ümid edirik. Ona bu məqsədə nail olmaq yolunda uğurlar arzulayırıq”.
Mövzu ilə bağlı Musavat.com-a danışan Demokratik Islahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Donald Trampın hakimiyyətə gəlməsi ABŞ-də Azərbaycana qarşı aprılan ermənipərəsət siyasətə son qoydu. Onun sözlərinə görə, hazırda Azərbaycan və ABŞ arasında münasibətlər ikitərəfli maraqlara xidmət edir:
“Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Donald Trampın Azərbaycan prezidentinin forumdakı çıxışına göstərdiyi diqqət onu göstərir ki, ABŞ-nin rəhbərliyi bölgədə gedən proseslərə diqqətlə yanaşır və münasibətlərin inkişaf edib çox şaxəli olması üçün böyük potensial var”.
Millət vəkili bildirib ki, münasibətlərin normallaşması sülh prosesinə də öz töhfəsini verəcək:
“Bundan əvvəl ABŞ-də ermənipərəst siyasət yürüdülürdü və hər vəchlə sülhün qarşısını almağa çalışırdılar. İndi isə Azərbaycanla Ermənistanın hansısa vasitəçi olmadan ikitərəfli danışıqlarda uğur qazanması imkanı var. Hər iki ölkə bilavasitə bütün problemlərin həllini müzakirə etməlidir və burada üçüncü tərəflərin iştirakına ehtiyac yoxdur. Tramp Amerikada buna olan qüvvələrin qarşısını alacaq. Bilirsiniz ki, Ermənipərəst senator Bob Menendez kimi ermənipərəstlər sülhə mane olmağa çalışırdılar və "Daşnaksütyun"un siyasətini diktə etməyə çalışırdılar. Lakin bu, baş tutmadı”.
Politoloq Qulamhüseyn Əlibəyli sayta açıqlamsında deyib ki, dövlət başçıları arasında münasibətlərin yaxşılaşması gələcəkdəki əlaqələrlə bağlı mesajlardan xəbər verir:
“Bu, prezident Co Baydenin hakimiyyəti dövründə pozulmuş münasibətlərin yaxşılaşdırılması istiqamətində bizim mövqeyimiz idi. Təbii ki, ABŞ-nin indiki administrasiyası çalışır ki, Amerikanın maraqlarını hansısa lobbinin təsiri altında olmadan bu və ya digər şəkildə təmin etsinlər. Özlərinin maraqlı hesab etdiyi məsələlərlə bağlı fəaliyyət göstərsinlər. Onlardan biri də odur ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın nəzarətindən çıxsın və ABŞ regiona daxil olsun. Baydenin hakimiyyəti dövründə ABŞ çalışırdı ki, Ermənistan vasitəsi ilə və Azərbaycanla münasibətləri gərginləşdirməklə buna nail olsun. Amma bu siyasətin bir nəticəsi olmadı. Başa düşdülər ki, Azərbaycansız regionda hansısa hərəkət etmək olmaz. Ona görə də hesab edirəm ki, müəyyən müddətdən sonra Azərbaycan-Ermənistan sülh müqaviləsi tamami ilə reallaşa bilər. Çünki ABŞ-nin Ermənistana təsir imkanları artıb. Buna görə də Zəngəzur dəhlizi ilə bağlı olan məsələ də reallaşa bilər. Çünki ABŞ istəyir ki, bu dəhlizə 99 il müddətində nəzarət onun icarəsində olsun. Yəni, prinsip etibarı ilə bu məsələ həll oluna bilər. Rusiya ilə münasibətlərin gərginləşməsi, bu ölkənin mətbu orqanlarında aparılan anti-Azərbaycan təbliğatının hamısı Zəngəzur dəhlizi ilə bağlıdır. Rusiya bu və ya digər şəkildə çalışır ki, açılacaq dəhlizə nəzarət əldən çıxmasın.
Bu baxımdan ABŞ ilə münasibətlərin normallaşması tamamı ilə təbii görünür. Yeni-yeni xəbərlər meydana çıxa bilər ki, bunlardan biri də sülh müqaviləsi ilə bağlı razılığın əldə olunması, digəri isə Zəngəzur dəhlizinin açılması ola bilər”.
Şahanə Rəhimli
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ