İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuq havada isti qarşılanma – İdmançılarımız Qazax (ölkə) elində

Elə oldu ki, onlarla Almatı aerportunda tanışası olduq. Hələ Bakıda, aeroportda olanda mən onların Qazaxıstanın Türküstan şəhərində təşkil olunan “Turan bəbiri" yarışına getdiklərini bilirdim, Amma topa-topa gəzişir, öz aralarında söhbət edirdilər deyə, fikirləşdim ki, onsuz da bir yerə gedirik, orada tanış olacağıq.

Almatıda tanış olanda isə məlum oldu ki, 7 nəfərlik samboçular qrupunun baş məşqçisi adaşımdır. İdmançılardan biri də kəndçimiz çıxdı. Mən danışanda o yanındakı dostuna deyibmiş ki, bu əmi bizim elin adamları kimi danışır, baxaran, bizdən olacaq. Sözümü bitirəndə o, haralı olduğunu soruşdu, əvvəlcə rayonlu, sonra da kəndçi çıxdıq, az qala qohum da çıxacaqdıq, araya başqa söhbət girdi. Daha bir idmançının isə bir rəhmətlik dostumuzun qardaşıoğlu olduğu məlum oldu.

7.jpg (156 KB)

İdmançı elooğlular kefikök idilər, öz aralarında zarafatlaşırdılar. Baş məşqçi ilə bir az söhbət elədik, anlaşıldı ki, daha performanslı, titullu idmançıları milli komandaya cəlb ediblər və mötəbər bir yarışa hazırlayırlar, o da bu gənclərlə gəlməli olub.

Bununla belə, gənclər məsuliyyətlərini başa düşürdülər, ölkəni təmsil edəcəklərini bilirdilər və ölkəyə nəticəsiz qayıtmaq fikrində olmadıqlarını deyirdilər.

Bizi Türküstana apracaq təyyarənin qapısının ağzında gözləyəndə idmançılarımızın macar rəqibləri də peyda oldu. Cantaraq, təşər-təşər yeriyən gənclər idi. Baş məşqçilərinin də qədim hunlar kimi saçı vardı – hörüb kürəyinə atmışdı.

1.jpg (129 KB)

Macar idmançıların görünüşü idmançılarımız arasında yeni zarafat dalğası yaratdı. 80 kq çəki dərəcəsində çıxış edəcək idmançı dostuna dedi ki, o, əlli beş (bu çəkidə çıxış edən macar) sənə tərs-tərs baxır, deyəsən, səni gözünə kəsdirib. O biri uşaqlar da ən yuxarı çəkidə çıxış edəcək idmançının rəqibini göstərərək ona dedilər ki, sən buralarda bir yerdə gizlən, guya ki, təyyarəni qaçırmısan, qayıt ölkəyə, biabır olmayaq.

Bilirdim ki, zarafat edirlər, amma dedim, uşaqlar, namxuda, siz canavarsız, rəqiblərimizin gövdəsinə baxmayın, çoxunun içi boş olur. İdmançıların ən yaşlısı dedi, canavarıq e, amma ulaya bilmirik. Dedim, ulamağınız lazım deyil, şikarınızı tatamidə parçalayın, yetər.

6.jpg (147 KB)

Nəhayət, Türküstana çatdıq. Hava soyuq idi. İdmançılar qısaqol köynəkdən gödəkçəyə keçdilər, çamadanlarımızı götürüb aerporotun görüş-qarşılama zalına çıxanda təşkilatçılar və yerli jurnalistlər idmançılarımızı alqışlarla qarşıladılar. Milli geyimli qızlar onları milli təamlar təqdim etdilər. Reportyorlar idmançılarımızı bir tərəfə çəkib müsahibələr götürdülər, şəkillərini, videolarını çəkdilər, toplu halda “A-zər-bay-can!” qışqırmalarını xahiş etdilər. Belə lazımmış. Üç dublda qazax jurnalistlərin istədiyi alındı.

3.jpg (95 KB)

Sonra jurnalist qızlardan ikisi mənə idmançılarımızın rəftarından, onlarla mehriban, sadə davrandıqlarından, müsahibə verməkdən imtna etmədiklərindən məmnunluqla danışdılar. Görünür, başqa ölkələrdən gələn bəzi təşərlər özlərini Mbappe kimi “ulduz” hesab edib kamera qarşısına keçmək istəmirlərmış.

4.jpg (136 KB)

İndi qalır yaxın günlərdə keçiriləcək yarışmada idmançılarımızın ölkəmizin üzünü ağ etməsi. Onlar mənə nəticə haqqında konkret söz verməsələr də, canavar kimi döyüşəcəklərini vəd ediblər.

Bir iş var ki, “qazax güləşi” adlanan bu yarışma bir az samboya, bir az da cüdoya oxşayır və bunun əsl ustaları elə qazaxlar özləridir. Görək necə olur. Qeyrətin ustalığa qalib gəldiyi hallar idmanda çox olur.

X.Asifoğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR