İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Yeniyetmə və gənclər arasında yeni təhlükə

Sosioloqdan xəbərdarlıq: “Vaxtında addımlar atıb konkret qərarlar vermək lazımdır, əks halda...”

Azərbaycanda onlayn mərc və ya qumar oyunları getdikcə daha geniş yayılmaqdadır. Bu da yeniyetmələrin təsir altına düşməsinə səbəb olur. Tədricən bu asılılıq ailə münasibətlərinə, təhsil göstəricilərinə və psixoloji sağlamlığa ciddi şəkildə mənfi təsir göstərməyə başlayır.

Qeyd edək ki, mərc oyunları əslində qumar oyunları alt başlığı altında nəzərdən keçirilir və bu fəaliyyət forması əksər ölkələrdə ciddi şəkildə tənzimlənən və ya qadağan edilən sahələrdən biridir. Qumar oyunları iqtisadi, psixoloji və sosial cəhətdən bir sıra mənfi nəticələr doğurduğuna görə, bir çox dövlətlər bu sahəyə nəzarəti gücləndirmək üçün müxtəlif qanunverici tədbirlər həyata keçirmişdir. Bu oyunların xüsusilə gənclər arasında yayılması isə vəziyyəti daha da təhlükəli edir.

Əksər ölkələrdə, o cümlədən Türkiyə və Azərbaycanda, 18 yaşdan kiçik şəxslərin qumar oyunlarında iştirak etməsi qanunla qadağandır. Lakin texnologiyanın sürətli inkişafı və internetin əlçatanlığı nəticəsində onlayn mərc və qumar oyunlarına çıxış daha da asanlaşmışdır. Mobil tətbiqlər, reklam platformaları və sosial media üzərindən yayılan çağırışlar gəncləri bu oyunlara cəlb edir. Xüsusilə də otaqların məxfiliyi, nəzarətsiz ödəniş sistemləri və yaş senzurasının effektiv tətbiq olunmaması bu problemləri dərinləşdirir.

Azərbaycanda da son illərdə sosial mediada mərc oyunlarının reklamı, saxta “qazanc hekayələri” və təsiredici vizual görüntülərlə bəzədilmiş paylaşmalar gənclərin bu oyunlara marağını artırır. Çox vaxt işsiz və ya maddi çətinliklə üzləşən insanlar asan qazanc ümidi ilə bu oyunlara qoşulur, lakin nəticədə daha dərin borclanma, ailədaxili gərginlik və psixoloji sarsıntı ilə üzləşirlər.

Belə şəraitdə həm valideynlərin, həm məktəblərin, həm də hüquq-mühafizə orqanlarının rolu böyükdür. Maarifləndirmə tədbirlərinin artırılması, onlayn məzmunların daha ciddi şəkildə nəzarətə götürülməsi, yaş senzurasının effektiv tətbiqi və sosial dəstək proqramlarının gücləndirilməsi bu problemin qarşısını almaqda mühüm rol oynaya bilər. Əks halda, onlayn mərc oyunları yaxın gələcəkdə yeni bir sosial fəlakətə çevrilə bilər.

Beləliklə, profilaktik tədbirlərin görülməsi çox vacibdir. Yeniyetmələri qumar və mərc oyunları kimi riskli davranışlardan qorumaq üçün görülə biləcək tədbirlərə aşağıdakılar daxildir: ailələrə və pedaqoqlara veriləcək maarifləndirmə, həmçinin rəqəmsal savadlılıq təlimi vacibdir.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi

Sosioloq Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hazırda ölkədə kifayət qədər mərc oyunları var. Bu, təkcə internet resursları ilə məhdudlaşmır - şəhər və rayonlarda əyani şəkildə də lotereya və mərc oyunlarının təşkil edildiyini müşahidə edirik. İştirakçı auditoriyasına nəzər salsaq, burada həm azyaşlıların, həm də daha yuxarı yaş təbəqəsinin nümayəndələrinin yer aldığını görürük. Amma əlbəttə, digər ölkələrlə müqayisədə - məsələn, qardaş Türkiyədə - vəziyyət fərqlidir. Orada 18 yaşdan aşağı şəxslərin bu cür oyunlara qoşulmasına ciddi qadağalar var. Avropanın bir çox ölkələrində də aşağı yaş qrupuna daxil olan şəxslərin valideyn nəzarəti olmadan bu tip platformalara çıxışına imkan verilmir.

Ölkəmizdə isə təəssüf ki, xüsusilə məktəbli yaşında olan uşaqlar həm onlayn, həm də əyani şəkildə bu oyunların təsiri altına düşürlər. Bu isə ailədə gərginlik yaradır, uşaqların psixologiyasına mənfi təsir edir. Ən azı uduzduqda psixoloji sarsıntı keçirirlər, bəzən isə bu proses asılılıq mərhələsinə keçir. Belə hallarda artıq ailə mülkiyyətinə qəsd edilir, uşaqlar evdən əşyaları çıxarıb satmağa, bəzən isə oğurluq etməyə cəhd göstərirlər - təkcə həmin maraqlarını davam etdirmək naminə.

Bu təhlükənin qarşısını almaq üçün düşünürəm ki, qanunvericilikdə bu sahəyə dair mexanizmlər yenidən işlənməli və daha sərt qaydalar tətbiq olunmalıdır. Xüsusilə bu işlə məşğul olan, yəni satış həyata keçirən şəxslər, təşkilatçılar daha ciddi məsuliyyət daşımalıdırlar. Onlar açıq şəkildə bilməlidirlər ki, məktəblilərə və yeniyetmələrə bu tip mərc məhsullarının təqdim olunması yolverilməzdir.

Eyni zamanda belə hallara yol verən şəxslərlə və ya onların valideynləri ilə hüquq-mühafizə orqanlarının müvafiq profilaktik söhbətlər aparması da vacibdir. Təhsil müəssisələrində də məktəb direktorları, sinif rəhbərləri və valideynlər bu mövzuda fəal olmalıdırlar. Şagirdlərə bu istiqamətdə maarifləndirici çağırışlar edilməlidir. Təbliğat aparılmalıdır ki, bu cür oyunlara aludəçilik onları hansı təhlükəli nəticələrə apara bilər. Əks halda, bu asılılığın fəsadları genişlənəcək - bu isə nə az, nə çox, gənclərin ya maddi iflasına, ya da ictimai konfliktlərə, hətta qarşılıqlı zorakılıqlara qədər aparıb çıxara bilər. Ona görə də bu istiqamətdə vaxtında addımlar atmaq, konkret qərarlar vermək zəruridir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR