İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonu bəlli olmayan müharibənin üç ayı - dəhşət saçan mənzərə

Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı ilginc şərh və proqnozlar

Rusiya-Ukrayna müharibəsinin başlamasının üç ayı tamam olur. Fevralın 24-də Rusiya ordusunun Ukrayna ərazisinə hücumu ilə start götürən qanlı müharibə 90 gün ərzində 27 mindən yuxarı rus hərbçisinin, 30 mindən yuxarı ukraynalının ölümü, on minlərlə insanın yaralanması, milyonlarla ukraynalının qaçqın düşməsi, Ukrayna şəhərlərinin, kəndlərinin darmadağın olunması ilə nəticələnib. Və ən dəhşətlisi odur ki, bu müharibənin nə zaman bitəcəyi bəlli deyil və hər gün insan ölümləri, vəhşət yaşanmaqdadır.

3 aydır əsasən Rusiya hücumda, Ukrayna müdafiə mövqeyindədir. ABŞ-dan, Britaniyadan, Avropa Birliyindən gələn hərbi, maddi, siyasi dəstəklər bu gerçəyi tam dəyişdirə bilmir. Savaş daha 3 ay da davam etsə, nələr olacaq? Müharibənin ilk günlərində proqnoz belə idi ki, Rusiya sanksiyalara duruş gətirə bilməyəcək, tezliklə çökəcək, müharibəni uduzacaq və s. Amma və lakin, gerçəklik başqa şey deyir. Bu cür gedişat haraya aparır?

RUSİYA QARABAĞDA GƏRGİNLİKDƏ MARAQLIDIR VƏ NİYYƏTİ BUDUR Kİ...” – “Rəsmi  İrəvan da Moskvanın üzərinə müəyyən öhdəliklər qoymağa çalışır”

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, öncə üç aylıq savaş dönəmində həm Rusiya, həm Ukrayna qarşısında qoyduğu məqsədlərdən hansına nail ola bildi sualına cavab verilməlidir: “Üç ay ərzində Rusiya qarşısına qoyduğu məqsədlərə böyük ölçüdə çata bilmədi. Savaşın başladığı ilk dönəmdə Rusiyada belə bir fikir var idi ki, 4, maksimum 5 günə bütün Ukrayna Rusiya ordusunun nəzarətinə keçir və Ukraynada hakimiyyət dəyişdirilir, Kiyevdə Rusiyanın marioneti olan hakimiyyət formalaşdırılır, Rusiyanın Ukrayna ilə bağlı bütün planları həyata keçir. Amma biz müharibənin başlandığı ilk gündən tamamilə fərqli bir durum müşahidə elədik. Bu, Ukrayna ordusunun, Ukrayna vətəndaşlarının Rusiyaya ciddi müqaviməti idi ki, ilk gündən bunun şahidi olmağa başladıq. Ukrayna əhalisi silaha sarılaraq rus ordusunu gül-çiçəklə deyil, silahla qarşıladı. Ona görə də Rusiya martın 25-də məcbur olub özünün hərbi planlarının və məqsədlərinin miqyasını kiçiltdi. Ondan sonra Ukraynanın müqavimətinə və həm də beynəlxalq təzyiqlərə davam gətirməyərək Kiyev ətrafında, Çernıqov və Sumı vilayətlərində hərbi uğursuzluğa düçar olan Rusiya qoşunları həmin ərazilərdən geri çəkilməyə başladı. Aprelin əvvəlindən başlayaraq, xüsusilə Kiyev ətrafında Buça, Berdyansk və digər yaşayış məntəqələrində Rusiya hərbçiləri tərəfindən törədilmiş cinayətlər və bu cinayətlərin miqyası bütün dünyanı şoka saldı, dünyada böyük etiraz dalğası yaratdı. Bundan sonra dünyada Rusiyaya münasibət daha kəskin dəyişdi, NATO ölkələri, Avropa İttifaqı bu günə qədər savaş dönəmində Ukraynaya verdikləri müdafiə silahlarından əlavə, hücum silahlarını da verəcəkləri haqqında açıqlamalar verdilər. Artıq Ukraynaya belə silahların, xüsusilə reaktiv artilleriya sistemləri və digər ağır hərbi texnikaların göndərilməsi ilə bağlı açıqlamalar oldu ki, bunun ardınca həmin silahların Ukraynaya göndərilməsinə başlandığını gördük. Aprelin 24-25-də ABŞ dövlət katibi və müdafiə nazirinin Kiyevə səfərindən sonra Almaniyadakı Ramştayn NATO hərbi bazasında 40 ölkənin müdafiə nazirlərinin toplantısında konkret qərar alındı. O qərarda açıq şəkildə ifadə olunan fikir bundan ibarətdir ki, heç bir halda Rusiyanın Ukrayna üzərində qələbəsinə imkan verilməyəcək və Ukraynanın Rusiya üzərində qələbəsi üçün nə lazımdırsa ediləcək. Bundan sonra Almaniyadakı NATO hərbi bazalarının birində Ukrayna ordusunun hərbçilərinə NATO ölkələrindən gələcək silahlar, artilleriya sistemlərinin öyrənilməsi təlimi keçilməsi üçün xüsusi mərkəz yaradıldı. Artıq orada yüzlərlə ukraynalı hərbçiyə təlimlər keçilməkdədir”.

Politoloqun fikrincə, bu cür təlimlər bir müddət davam edəcək və Ukrayna ordusu tam mənasında arsenalına daxil olan müasir silahları öyrənəndən sonra müharibədə yeni bir mərhələ başlana bilər: “Bəziləri bunu mayın sonu üçün proqnoz verirlər, bəziləri bunu iyul-avqust ayları üçün qeyd edirlər. Hər halda, bugünkü reallıq bundan ibarətdir ki, savaşın ilk günlərində Rusiya tərəfindən işğal olunan mindən artıq yaşayış məntəqəsi artıq rus ordusundan təmizlənib. Bir çox istiqamətlərdə Ukrayna ordusu dövlət sərhədlərinə çıxış əldə edib. Rusiya bu uğursuzluğu müəyyən qədər neytrallaşdırmaq və ictimai rəydə hər şeyin planla getdiyi fikrini formalaşdırmaq üçün artıq qüvvələrini xeyli dərəcədə Donbas üzərinə, Krım və Zaporojye ərazilərinə daha çox yönəltməyə çalışır ki, burada uğurlar əldə etsin, tutduğu mövqeləri müdafiə etsin.

Müharibənin ilk günlərində Ukrayna üçün ən uğursuz istiqamət cənub istiqaməti olmuşdu. Krım istiqamətindən rus ordusu Herson vilayətinə daxil olaraq Herson şəhərini, Meritopol və bir neçə gün öncə isə Mariupol şəhərini tutaraq Ukraynanın Azov dənizi ilə bütün bağlantılarını kəsdi. Ukraynada Herson vilayətinin işğalı ilə bağlı müəyyən suallar hələ də qalmaqdadır. Ukrayna tərəfindən verilən açıqlama bundan ibarətdir ki, bu məsələlər araşdırılır, savaş bitəndən sonra açıqlanacaq. Görünən ondan ibarətdir ki, Ukrayna-Rusiya savaşı yeni bir dünya düzəninin formalaşması üçün əsas vasitə kimi istifadə olunur. Burada ABŞ və digər Qərb dövlətləri ilə Rusiya arasındakı bu ciddi münaqişədə Rusiyanın sıxışdırılması, NATO-nun sərhədlərinin genişləndirilməsi ilə bağlı prosesin getdiyini müşahidə etməkdəyik. Ukrayna savaşının yaratdığı yeni situasiyada bu günə qədər soyuq savaş dönəmində neytral olan dövlətlər Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Hesab edirəm ki, iyun ayının sonunda keçiriləcək NATO toplantısında üzvlüyə qəbulu ilə bağlı ciddi bir problem olmamalıdır. Türkiyənin bu iki ölkə ilə bağlı konkret tələbləri var. Bu tələblər terror təşkilatlarına dəstəklə bağlı məsələlər və müdafiə sənayesinə embarqo sanksiyaları ilə bağlıdır. Gözləntilər ondan ibarətdir ki, bu məsələlərdə tərəflər razılığa gələcək və Türkiyə də öz mövqeyində korrektələr edəcək".

O.Qasımov qeyd etdi ki, nə Ukrayna, nə Rusiya, nə də beynəlxalq birlik tərəfindən verilən açıqlamalarda müharibənin nə zaman və hansı tərəfin məğlubiyyəti ilə bitəcəyi ilə bağlı konkret tarix verilmir. Bunun verilməsi də artıq mümkün deyil: “Rusiya ciddi uğursuzluğa məruz qalsa da böyük hərbi potensialı olan bir ölkədir və apardığı siyasət də ondan ibarətdir ki, qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün vasitələrə getməyə cəhd edəcək. Amma hər halda, bu iki dövlətin savaşında yayda müəyyən dönüşə şahidlik eləyə bilərik. Çünki Ukrayna ordusu bütün itkilərinə və aldığı zərbələrə baxmayaraq həm motivasiya, həm peşəkarlıq baxımından, həm də müasir silah və texnika baxımından daha üstün mövqeyə keçməkdədir. Ukraynanın hazırda əsas məqsədlərindən biri ən azı 23 fevral tarixli mövqelərə qədər əraziləri azad etmək, imkan olarsa, bunu 2014-cü ildəki səviyyəyə qədər aparmaqdır. Krım məsələsi isə Rusiya üçün ölüm-dirim məsələsidir. O baxımdan Krımla bağlı məsələ çox ciddi düyün nöqtəsi təşkil eləyə bilər. Hər halda, yaxın 2-3 ayda bu savaşda tərəflərdən birinin açıq üstünlüyünü görə biləcəyik. Burada beynəlxalq şərtlər də öz rolunu oynamaqdadır. Bəzi Avropa ölkələrinin son dövrlər verdiyi açıqlamalar əslində bu savaşın müəyyən formada dondurulması yönündədir. Payıza doğru müəyyən aydınlaşmalar olacaq, amma savaşın qəti şəkildə nə vaxt bitəcəyi ilə bağlı danışmaq mümkün deyil. Savaşın qəti şəkildə bitməsi qərarı Rusiya tərəfindən verilə bilər. Əgər Rusiya iddialarından əl çəksə, savaş bitə bilər. Amma Rusiyanın da belə bir qərar verəcəyini yaxın zamanlarda mən düşünmürəm”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR