İnsanlara hürriyət, millətlərə istiqlal!

Sönən tonqala odun atanlar: qərəzli manipulyasiyaların və xain oyunların qurbanına çevrilməyək

“Psevdopatriot “siyasətbazların” bəzi hərəkətləri sadəcə təəccüb yaradır” deməyi çox istərdik. Ancaq onların xain xisləti artıq təəccübə belə yer saxlamayıb. Tariximizin hətta ən möhtəşəm mərhələsini yaşadığımız zaman radikalların xəstə ambisiyaları üzə çıxır və biz növbəti dəfə onların məkrli niyyətlərinin müxtəlif təzahürlərinə şahidlik etməyə məcbur oluruq. Bu cür siyasətciklərin siyasi mədəniyyətdən məhrum olmaları bizə çoxdan bəllidir. Təəssüf ki, qeyd olunan “müstəsna” keyfiyyətlər yetərli deyilmiş, onlar öz hərəkətləri ilə düşmənin əlinə su tökməyi də unutmurlar.

İndi də ölkəmizin ünvanına beynəlxalq ictimaiyyətin qərəzli tənqidlərinə nail olmaq üçün birgəyaşayışın mümkünsüzlüyü ilə bağlı fikirləri xüsusi canfəşanlıqla tirajlayırlar. Böyük ehtimalla qısa müddət sonra bəzi beynəlxalq təşkilatlar tərəfindən ayrılan qrantların yeni prioritet mövzuları da məhz “reinteqrasiyanın fiaskosu”na həsr olunacaq. Heç şübhəsiz ki, o zaman eybəcər, xain “hücumlar”ın yeni dalğası başlayacaq. “Reinteqrasiya” mövzusu bütün acgöz “qrant yırtıcıları”nı toyuq dəni kimi cəlb edəcək. Bu məsələləri mütləq bilmək lazımdır ki, gələcəkdə qərəzli manipulyasiyaların və kimlərinsə xain oyunlarının qurbanına çevrilməyək.

Bu fikirlər politoloq A.Adilin “Obyektiv mövqe” sərlövhəli məqaləsində yer alıb. Musavat.com məqaləni təqdim edir:

Əlbəttə ki, sönən tonqala odun atmaq arzusunda olan dövlətlər də reinteqrasiya ilə bağlı olan məsələləri səbəb gətirərək regionda daimi mövcudluğuna “abonement” almağa çalışacaqlar. Ən azından göstərilən bu səbəblərə görə beynəlxalq ictimaiyyətin obyektiv mövqeyinə ümid etmək siyasi romantizmin və sadəlövhlüyün təzahürüdür. Sözsüz ki, reinteqrasiya ilə bağlı qərəzli mənzərəni tamamlayan insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq “simulyantların” ifrat fantaziyalarıdır.

Göründüyü kimi, reinteqrasiya olduqca mürəkkəb və çoxfaktorlu prosesdir. Məsələni əsaslı şəkildə çətinləşdirən amil odur ki, Azərbaycan paralel olaraq işğaldan azad edilmiş bütün əraziləri bərpa edir. Qeyd olunan proses və qarşıda duran vəzifələr müstəsna güc və prinsipial siyasi iradənin nümayişini tələb edir. Sözügedən kontekstdə Prezident İlham Əliyevin növbəti sözləri xüsusi vurğulanmalıdır: “Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”. Məhz yuxarıda qeyd olunanlar müstəvisində Azərbaycan Prezidentinin bu sözlərinin siyasi yükü, əhəmiyyəti, zamanlılığı və aktuallığı sözün tam mənasında bizlərə aydın olur.

Bəli, reinteqrasiya artıq ölkəmizin gələcək inkişafı ilə bağlı olan bütün konsepsiyalarda, eləcə də konkret sahələrin inkişaf strategiyalarında öz əksini tapacaq. Bu qaçılmaz amil isə ölkəmizdə aparılan islahatların daha da dərinləşəcəyinə dəlalət edir.

Ölkənin hər bir məsuliyyətli vətəndaşı reinteqrasiya ilə bağlı məsələlərdə obyektiv mövqeyi qorumalı və məişət xarakterli emosional demaqogiyaya uymamalıdır. Hər birimizin məsələ ilə bağlı fəal vətəndaş mövqeyinin sərgilənməsi qərəzli manipulyasiyaların qarşısını alacaq və reinteqrasiya prosesinin ağrısız keçməsinə xidmət edəcək.

Hadisələrin demək olar ki, ilk günlərindən etibarən hökumətimiz tərəfindən atılmış bəzi addımların məzmununa diqqət yetirək:

- Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrup yaradılıb;

- İlkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması üçün zəruri tədbirlər görülüb;

- Müraciətlərin qəbulu və qeydiyyata alınması məqsədilə xüsusi portal yaradılıb;

- İnformasiyaya əlçatanlığı təmin etmək üçün müraciətlərin qəbulu elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, ilkin qeydiyyata alınma məsələsi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq. Bunun üçün sadəcə reintegration.gov.az portalında qeydiyyatdan keçmək yetərlidir. Beləliklə, Azərbaycan hökuməti məsələ ilə bağlı bütün bürokratik əngəlləri aradan qaldırmış olur.

Odur ki, lütfən, ölkəmizin bütün vətəndaşları hər zaman olduğu kimi, dövlətin yanında durmalı və qərəzli məlumatların yayılmasının qarşısının alınmasında prinsipial mövqe nümayiş etdirməlidirlər. Əldə olunmuş tarixi uğurlar kimlərinsə məkrli manipulyasiyalarının hədəfinə çevrilməməlidir.

Unutmayaq ki, reinteqrasiya yeni münaqişələrin, o cümlədən silahlı münaqişələrin sivil alternatividir. Azərbaycan xalqı 30 məşəqqətli hazırlıq ilindən sonra tarixi ədaləti bərpa etdi və ötən illərin təcrübəsi bizləri öyrətdi ki, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq təşkilatların ədalətli mövqeyinə ümid etmək mənasızdır.

Ehtimal edə bilərik ki, reinteqrasiya Prezident İlham Əliyevin təşəbbüsləri ilə regionda formalaşan yeni reallığın tərkib hissəsidir. Bəli, tariximizin olduqca acı səhifələri olub və bu hadisələrin kökündə duran səbəblərə baxsaq görə bilərik ki, milli və irqi əsasda nifrət hisslərinin formalaşdırılması bölgədə yaşayan xalqlara qarşı istifadə edilən əsas ideoloji silah olub. Səhvlərin təkrarlanmasına yol verməməliyik və bütün regionun inkişafı üçün yaradılmış tarixi şansdan layiqincə istifadə etməliyik.

Azərbaycan hökumətinin mövcud istiqamətdəki siyasəti bütün digər məsələlərdə olduğu kimi ardıcıldır. Cəmi bir epizodu yada salaq. ATƏT-in Lissabondakı Zirvə toplantısının yekunları ilə əlaqədar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş bəyanatdan sitat: “Azərbaycanla Ermənistan daim düşmən olacaq - bu, mümkün deyil, belə olmayacaqdır. Zaman keçəcək, biz sülh əldə edəcəyik, qonşuluq münasibətlərimiz, ticarət və iqtisadiyyat sahəsində əlaqələr bərpa olunacaqdır. Bu, həm Ermənistan, həm də Azərbaycan vətəndaşlarının, həm erməni xalqının, həm də Azərbaycan xalqının rifahı naminə olacaqdır” (6 dekabr 1996-cı il).

Müasir geosiyasi həqiqətləri nəzərə alaraq, bir aksiom olaraq qəbul edilməlidir ki, reinteqrasiya dayanıqlı inkişafı şərtləndirən əsas strateji amillərdəndir. Dayanıqlı sülhün bərqərar olunması isə təkcə Azərbaycanın yox, bütün regionun inkişafına xidmət edəcəkdir. Ölkələrin suveren inkişafı isə ümumiyyətlə regionumuzu “üçüncü” tərəflərin öz milli maraqları naminə apardıqları geosiyasi oyunlardan sığortalayacaqdır. Əminik ki, Azərbaycan xalqı rifah və sülhü qorumaq üçün obyektiv mövqeyi nümayiş etdirəcək və hər zaman olduğu kimi öz dövlətin yanında dayanacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR