İnsanlara hürriyət, millətlərə istiqlal!

Son səfərdən həbsə gedən Elxan Nuriyevin çağırışları onları qıcıqlandırdı - Azərbaycana ekstradisiyası...

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev oktyabrın 2-də Polşada həbs edilib. Sabiq icra başçısının Azərbaycan Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilir. 

Elxan Nuriyev Azərbaycanı tərk edəndən sonra Ukrayna vətəndaşı olaraq dəfələrlə xaricdə olub, Türkiyəyə və Polşaya sərbəst səfərlər etsə də, ölkələr arasında sərhəd buraxılış məntəqələrində heç vaxt problemlə qarşılaşmayıb. Onun Polşaya son səfərinin məqsədi Ukraynada Rusiyanın cinayətlərini pisləyən beynəlxalq tribunalın yaradılması və hazırlanması ilə bağlı Avropa ölkələrilə aparılacaq məsləhətləşmələrdə iştirak olub.

icraicraaa.jpg (97 KB)

Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb. 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. Elxan Nuriyev 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib. Bir neçə il əvvəl E.Nuriyev Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan Elxan Nuriyev tez-tez yutubun Azərbaycan seqmentində yayımlanan bir sıra verilişlərdə hərbi ekspert kimi çıxış edib. 

"Rusiya bugünkü qədər zəif, incidilmiş, gözdən düşmüş vəziyyətdə olmayıb" deyən E.Nuriyev Putin hakimiyyətinə qarşı fəal siyasi mövqeyi, Rusiyanın Ukraynaya təcavüzünə qarşı tənqidi münasibəti və informasiya fəaliyyəti ilə tanınır. 

Elxan Nuriyevin həbsi onu tanıyanlarda birmənalı reaksiya doğurmayıb. Nuriyevin müdafiəsinə qalxanlar arasında Ukrayna deputatları və ombudsmanı da var. 

Bəs bu təşəbbüs nəticə verəcəkmi?

Vəkil Əsabəli Mustafayev Musavat.com-a bildirib ki, Polşa tərəfindən araşdırma gedir, müvafiq sənədlər tələb olunur:

vekill.jpg (209 KB)

"Elxan Nuriyev Ukrayna vətəndaşıdır. Əgər Azərbaycan hökuməti iddia edirsə ki, o, Azərbaycanda olarkən 5 nəfərin qətlinə və daha bir vəzifəli şəxsi öldürməyə cəhdə görə məsuliyyət daşımalıdır, bunu təsdiq edəcək sənədləri Polşa hökumətinə təqdim etməlidir. Əgər orada ciddi sübutlar, əsaslı şübhələr olsa, aydındır ki, ölkələr arasında hüquqi yardım haqqında müqavilələr, öhdəliklər var. Ancaq burada şübhəli məqamlar da çoxdur. Bilirsiniz ki, Elxan Nuriyev uzun illərdir Ukraynada yaşayır və indiyə qədər Azərbayan hökuməti tərəfindən belə ciddi cəhdlər olmamışdı. Elxan Nuriyev Ukraynada sıravi insanlardan biri deyil. O, müxtəlif vəzifələrdə, o cümlədən Təhsil Nazirliyində işləyib. Mənim feysbuk dostluğumda var, onun haqqında oxuyurdum. Xüsusilə də Rusiya ilə müharibədə onun çağırışları, statusları, Ukraynaya qarşı olan müharibəni kəskin tənqid etməsi, Ukrayna xalqını mübarizəyə səsləməsi, çağırışlar etməsi əlbəttə həm Rusiyada, həm də Rusiyanı Azərbaycanda dəstəkləyən bəzi dairələri qıcıqlandırırdı. Bu da belə bir məsələdə öz əksini tapa bilər. Hər halda ümid edək ki, Polşa hökumətinin qərarı ədalətli, hüquqi olacaq. Hər şey hüquqi müstəvidə həll olunmalıdır. Yox, əgər alınmasa, Elxan Nuriyev Azərbaycana gətiriləsi olsa, güman edirəm ki, burada onun həm ictimai, həm də hüquqi müstəvidə müdafiəsi təşkil olunacaq. Onun keçmiş həmkarlarının xatirələrini, müsahibələrini oxuyuram və əminəm, təsdiq olunacaq ki, Elxan Nuriyevin deyilən hadisələrdə iştirakı yoxdur. Bu, hüquqi məsələdir. Hər halda gözləyək. Bizim bir vətəndaş olaraq borcumuz odur ki, Azərbaycan hökumətinə çağırış edək ki, məsələni hüquqi müstəvidə həll etsin. Əgər o, təhvil veriləsi olsa, ya azad olunub Ukraynaya qayıtmalıdır, ya da Azərbaycana təhvil verilməlidir".

Prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov qeyd edib ki, Elxan Nuriyevin həbsi gözlənilməz oldu:

oqtay-qasimov1.jpg (31 KB)

"O baxımdan ki, Elxan Nuriyev Baş Prokurorluğun açıqlamasına görə, kifayət qədər ciddi məsələlərdə ittiham olunur. Eyni hakimiyyətdə təmsil olunmuş şəxslər kimi və şəxsən tanıdığımıza görə bizim üçün həm təəccüblü və qəribə gəlir, həm də təəssüf doğurur. Hər birimizin arzusu bu istintaq proseslərinin obyektiv və doğru aparılmasıdır. Və inanırıq ki, Azərbaycan hüquq-mühafizə orqanları qaldırılan bu cinayət işində sırf həqiqətin ortaya çıxarılmasında maraqlı olacaqlar. Ukraynada Elxan Nuriyevin müdafiəsinə həsr olunmuş mövqelər gözlənilən idi. Çünki Elxan Nuriyev təxminən 30 ilə yaxındır Ukraynada yaşayır. Nəzərə almaq lazımdır ki, onun tələbəlik illəri də Ukraynada keçib, o, Xarkov Millli Radioelektronika Universitetini bitirib. 1993-cü ildən isə Ukraynada yaşayır. Ukraynanın ictimai-siyasi həyatında kifayət qədər fəallıq göstərən bir şəxsdir. Ukrayna siyasi dairələri ilə də kifayət qədər sıx təmasları olan bir soydaşımızdır. Bu baxımdan Ukrayna tərəfindən bu cür reaksiyaların olacağı gözləniləndir. O ki qaldı Elxan Nuriyevin ölkəyə ekstradisiyasına, bu, Azərbaycan-Ukrayna, Azərbaycan-Polşa və Ukrayna-Polşa arasında olan hüquqi prosedurlar və digər münasibətlərə əsaslanan qaydalarla həllini tapacaq. Ondan sonra digər məsələlər yəqin ki, ardıcıllıqla baş verə bilər. Elxan Nuriyevin Ukraynada gizli fəaliyyəti olmayıb, orada leqal şəkildə fəaliyyət göstərib, xüsusilə ictimai sektorda faəllıq göstərib. Azərbaycan mediasına açıq olub. Bu zaman ərzində bildiyim qədərilə Elxan Nuriyevin Azərbaycanın Ukraynadakı Səfirliyi ilə də sıx təmasları olub. İndiyə qədər hər hansı problem olmayıb. Biz bilmirik hüquq-mühafizə orqanları nəyə istinadən axtarış elan ediblər, hərəkətə keçiblər. O baxımdan bu barədə nəsə söyləmək doğru olmaz".

İctimai-siyasi fəal Elçin Paşayev isə sosial şəbəkə hesabında bunları qeyd edib:

242825758_4999709650043924_6078899319143844417_n.jpg (62 KB)

"Elxan Nuriyevin Polşada İnterpol tərəfindən saxlanılması ilə bağlı müzakirələrdən belə qənaətə gəlmək olur ki, bu saxlanılma mənim kimi çoxları üçün də gözlənilməz oldu! Və birdən-birə 30 il əvvəl baş vermiş cinayət işini yada saldı. 1993-cü ildə Qubadlıda "Qaranquş" adlanan hərbi birlik tərəfindən qətlə yetirilən 5 nəfər vəzifəli şəxs arasında əmim oğlu, Qubadlı polis şöbəsinin rəisi Evarist Paşayev də olub. O zaman mən artıq Azərbaycanda deyildim. Evaristin ölümü haqqında mənə qardaşım telefonla xəbər versə də, hadisənin necə baş verdiyini Bakıya dönəndən sonra öyrəndim və özüm üçün araşdırma apardım. Çünki Evarist 1992-ci ildə Uzaq Şərqdə Sovet ordusunun zabiti kimi xidmət edirdi və Azərbaycana gəlməyi mənim təklifimlə qəbul etmişdi. Özümü onun ölümündə məsuliyyətli saydığım üçün aparırdım araşdırmanı. 30 ildən sonra "Qaranquş" dəstəsinin üzvlərinin törətdiyi o dəhşətli cinayətdə bu günə qədər dost deyə bildiyim beş kişidən biri Elxan Nur Qubadlının adının hallandırılması və Prokurorluğa istinadən "Qaranquş" dəstəsinə Elxan Nuriyevin "rəhbərlik etməsi", qətlin onun "tapşırığı" ilə həyata keçirilməsi cəfəngiyyatdan başqa bir şey deyil və inanınaram ki, yaxın vaxtlarda Polşa hüquq-mühafizə orqanları da buna əmin olub Elxan bəyi sərbəst buraxacaqlar!
 
Məsələ ətrafında müxtəlif fikirlər, feysbukda müxtəlif müzakirələr zamanı bir-birinə daban-dabana zidd fikirlər səslənir. Ona görə bəzi vacib bildiyim fikirlərimi bölüşmək istəyirəm. 1993-cü ildə baş vermiş hadisəyə bu gün münasibət bildirənlərin yadına salmaq istəyirəm ki, hadisə 4 iyun 1993-cü ildə baş tutmuş hərbi-siyasi çevrilişdən sonra baş vermişdi. Qiyam nəticəsində hakimiyyətə gəlmiş hərbi-siyasi koalisiya AXC hakimiyyətini gözdən salmaq üçün qondarma işlər axtarışında idilər və Qubadlıda baş vermiş qətl hadisəsi onlar üçün "göydəndüşmə" idi. Qətlin törədilməsində AXC hakimiyyətinin Qubadlıdakı icra başçısı kimi Elxan Nuriyevi "Qaranquş" dəstəsinin "rəhbəri", qətlin "təşkilatçısı" kimi qələmə verməsi dövrü xatırlayanlar üçün təəccüblü deyildi.
 
Elxan Nuriyev Bakını tərk edəndən sonra onun Bakıya gətirilməsi üçün Azərbaycan hüquq-mühafizə orqanları "xeyli" əziyyət çəksələr də, buna nail ola bilməmişdilər. Çünki Ukrayna hüquq-mühafizə orqanlarına təqdim etdikləri materiallarda Elxan Nuriyevin günahını sübut edəcək dəlillər olmamışdı. Əbülfəz Elçibəyin Ukrayna "RUH" hərəkatının liderlərindən olan, keçmiş dissident, mərhum Vyaçislav Çernovilə ünvanladığı zəmanət məktubunun rolunu nəzərə almaq lazımdır. Elxan Nuriyev Çernovil tərəfindən himayə olunduğundan Azərbaycan DİN-in Ukraynadakı nümayandəsi Zəfər Abıyevin (Əhəd Abıyevin qardaşı) əziyyətləri bəhrə verməmişdi.
 
Lakin o zaman Azərbaycan tərəfindən İnterpolun axtarışına verdiyi Elxan Nuriyevin məhz indi, Ukraynanın Rusiya tərəfindən işğala məruz qaldığı bir vaxtda baş verməsi xeyli suallar doğurur. Nəzərə alsaq ki, bu saxlanılmadan əvvəl də Ukrayna vətəndaşı olaraq Elxan bəy dəfələrlə xarici səfərlərdə olub, sualların sayı çoxalır. Hər halda, yenə inanmaq istəyirəm ki, Polşa hüquq-mühafizə orqanları Azərbaycanın aidiyyəti qurumlarının təqdim etdikləri materiallarla tanış olub, işin qondarma xarakterinə əmin olarlar, Elxan Nuriyevin müdafiəsinə Ukrayna tərəfindən gəlmiş müraciətləri nəzərə alıb tezliklə onu azad edərlər!"
 
Rəylərdən də məlum olduğu kimi, Elxan Nuriyevin 30 il sonra həbsi özündə qaranlıq məqamları daşıyır. Hər halda, son sözü Polşa hökuməti və Ukrayna dövlətinin məsələyə münasibəti deyəcək.
 
Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR