Onlayn ictimai-siyasi qəzet
“Ən yüksək beynəlxalq instansiya Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycana ümumi müraciət səsləndirib. BMT Təhlükəsizlik Şurasının iclasında əsas nailiyyət Laçın dəhlizinin blokadası faktının beynəlxalq ictimaiyyət tərəfindən təsbit edilməsi olub”.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, Azərbaycanın blokada ilə bağlı iddiaları təkzib etdiyini bildirib:
“BMT Təhlükəsizlik Şurasındakı müzakirə Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu və Dağlıq Qarabağ ermənilərinin həyatı və təhlükəsizliyinin sual altında olduğunu təsdiqləyib. Eyni zamanda BMT Təhlükəsizlik Şurası Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməməsini də qeydə alıb. Beynəlxalq ictimaiyyət Azərbaycana dəhlizin açılması üçün kollektiv çağırış səsləndirib. Dağlıq Qarabağda vəziyyət hər gün pisləşir. Dağlıq Qarabağda kənd təsərrüfatı işləri ilə məşğul olan sakinlər vaxtaşırı Azərbaycan Silahlı Qüvvələrinin atəşinə məruz qalırlar. Bakı bir tərəfdən 100 ton unun Dağlıq Qarabağa gətirilməsinə imkan vermir, digər tərəfdən taxılını biçən sakinləri güllələyir”.
Paşinyan hesab edir ki, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ ermənilərinə qarşı aclıqdan soyqırım silahı kimi istifadə etdiyinə diqqət yetirməlidir. Buna baxmayaraq, o, hələ də beynəlxalq mexanizmlər çərçivəsində Xankəndi - Bakı dialoqunun başlamasında israr edir, həmçinin Ermənistanın sülh gündəminə sadiqliyindən danışır.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ