Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanda nüvə enerjisindən istifadə aktual məsələyə çevrilib”. “Yeni Müsavat” bildirir ki, bunu Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində keçirilən panel müzakirəsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radiasiya Fəaliyyətinin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və Radiasiya Təhlükəsizliyi Ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova deyib.
O qeyd edib ki, nüvə texnologiyaları müxtəlif sahələrdə tətbiq olunur və ölkənin sürətli inkişafı fonunda onlardan istifadə məsələsi aktuallığı artırır. Qəhrəmanova deyib: “Azərbaycan texniki dəstək göstərən və karbon emissiyalarının azaldılması üzrə Atom for Net Zero təşəbbüsünü təşviq edən MAQATE-nin üzvüdür. Məqsəd təkcə enerji sektorunda deyil, həm də nəqliyyat və sənayedə nüvə enerjisindən istifadə etməklə emissiyaları sıfıra endirməkdir”.
Onun sözlərinə görə, hazırda dünya elektrik enerjisinin təxminən 10%-i nüvə enerjisi hesabına istehsal olunur və bu rəqəmi artırmaq olar: “Lakin bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün bir sıra mərhələlərdən keçmək lazımdır. Birinci mərhələ ölkənin siyasi qərarının qəbul edilməsidir. Atom energetikasının inkişafı strategiyasını hazırlamaq və onun hansı sahələrdə tələb oluna biləcəyini müəyyən etmək lazımdır”.
Bəs Azərbaycana atom elektrik stansiyası lazımdırmı? Bu suala Prezident İlham Əliyev ötən ilin dekabrında “Rossiya Seqodnya”nın baş direktoru Dmitri Kiselyova müsahibəsində cavab verib. Prezident deyib ki, Azərbaycanın qaz və qaz-kondensat ehtiyatları zəngindir və 25 milyard kubmetr ixrac həcmi ilə ölkəmiz əlavə enerji mənbələrinə ehtiyac duymur: “Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Xəzərdə isə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək”.
Amma Prezident daha sonra bunları deyib: “Bu sahə (AES-i nəzərdə tutur - red.) potensial kadrlar deməkdir, bu, bizim heç vaxt malik olmadığımız tamamilə yeni kadrlardır. İkincisi, hər halda, bu, dünyada mövcud olan tendensiyadır və ondan geri qalmaq istəmirik. Ona görə də artıq mənim tərəfimdən tapşırıq verilib ki, elmi təcrübəli strukturların, elmi məqsədlərlə kiçik reaktorların imkanları öyrənilsin ki, bunun məhz bu nöqteyi-nəzərdən bizə nə verəcəyini görə bilək. Bunun çox bahalı iş olduğunu, günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, dövlətin heç bir sərmayə qoymadığını, sadəcə, belə bir potensiala malik olacağını nəzərə alaraq, əlbəttə, biz bu sahəyə daha çox investisiya layihələrində maraqlı idik. Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Bu baxımdan mən bir növ sizin sualınıza cavab verməyə çalışdım. Bu, “hə” və ya “yox” demək deyil. Bu, daha çox “hə”dir, amma ... Bundan sonra bizim bir növ ev tapşırığımız başlayır".
AES qurulması sahəsində lider dövlət Rusiya və ABŞ-dır. Son vaxtlar ABŞ daha təhlükəsiz və daha kompakt AES texnologiyasını reklam edir. Bu mini-AES-lərdən birini Ermənistanda qurmaq planı da var. Azərbaycanda nüvə enerjisindən istifadə vacibdirmi?
Xatırladaq ki, bir neçə il əvvəl Rusiya Azərbaycana Atom Elektrik Stansiyası tikmək təklif edib. Bunu energetika naziri Pərviz Şahbazov açıqlamışdı.
Professor Elxan Mirzəyevin “Yeni Müsavat”a sözlərinə görə, Azərbaycanın indi AES tikməsi xarici dəstək olmadan mümkün deyil. Nüvə enerjisi əldə etməyin heç də pis divident olmadığını deyən professorun fikrincə, bir problem var - bu sahədə mütəxəssislər yetişdirməmişik: “Cənab Prezident də bildirib ki, hələlik əlavə enerji mənbələrinə ehtiyac duyulmur. Amma bundan imtina da etmirik və AES tikilməsi pis olmazdı. Dövlət başçısı Azərbaycanın bu layihəyə hazır olduğunu açıqlayıb. Sadəcə, potensialımız buna imkan vermir. Bizə bu sahədə ABŞ, Avropa Birliyi, ya da Rusiya kömək etməlidir. Ancaq FHN rəsmisinin çıxışında bir nüansı da nəzərdən qaçırmaq olmaz. O, bu məsələ üçün siyasi qərarın vacibliyini vurğulayıb. Ona görə də ilk növbədə siyasi rəhbərliyin yekun razılığı olmalıdır, sonra işin elmi-texniki tərəfləri müzakirə edilməlidir. Zənnimcə, bu məsələ aktual olduğu qədər reallaşması çox yaxında deyil. Yəni AES tikmək sahəsində təcrübəsi olan dövlətlərin dəstəyindən istifadə etmək məcburiyyətindəyik”.
E.Mirzəyev Azərbaycanın Avropanın enerji təminatında əhəmiyyətli ölkə olduğunu xatırladıb və Aİ-nin bu sahədə dəstək verə biləcəyini istisna etməyib: “Bu layihənin həyata keçirilməsindən sonra Azərbaycan Şərqi Avropanın enerji təchizatında rolunu və potensialını daha da artıra bilər. O səbəbdən də Avropa İttifaqı Azərbaycana maliyyə və digər istiqamətlərdə dəstəyini verməlidir. Bu, sonradan Balkan ölkələrinin də istifadə edə biləcəyi əlavə enerji mənbəyi ola bilər”.
Professor hesab edir ki, eyni zamanda Türkiyə və İran bizə kömək edə bilər: “Hər iki dövlətin ərazisində AES-lər var, bu layihələri inşa etmək təcrübəsinə malikdirlər. Məsələn, İranın Buşehr şəhərində AES istismara verilib, Türkiyənin isə Mersin əyalətində "Akkuyu" ilk atom stansiyasının tikintisini qeyd etmək olar. Ümumiyyətlə, Azərbaycan çoxdandır ki, elektrik enerjisinin alınması, eləcə də elmi məqsədlərlə sülh atomundan istifadə imkanlarını öyrənir. Onu da deyim ki, ölkədə atom energetikası obyektlərinin lokallaşdırılmasına dair fikirlər ilk dəfə 70-ci illərin ortalarında ortaya atılıb. Hətta 1980-ci ildə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai qəsəbəsində layihə gücü təxminən 1000 MVt olan AES-in təməli qoyulub. Məqsəd cənub regionunun sənaye potensialının genişləndirilməsi idi. Amma o zaman bu layihənin reallaşdırılması nədənsə ləngidi. Sonra Çernobıl qəzası baş verdi, iş tamamilə donduruldu. Bu günə gəldikdə, əgər rəsmi Bakının belə bir niyyəti olarsa, ölkəmizin enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti daha da artacaq, Ermənistan arxa planda qalacaq".
Xatırladaq ki, hazırda ərazisində köhnə və istifadəsi təhlükəli sayılan atom elektrik stansiyası olan Ermənistan məhz buna görə dünyanın ən riskli zonası hesab edilir. 1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnən Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr aralıda qeydə alınmışdı. Bu zəlzələdən sonra ciddi zərər görən stansiya təhlükəli vəziyyətdə olsa da 3 ay müddətində istismar edilmişdi. O vaxt yerli əhalinin təzyiqlərindən sonra və sovet hakimiyyətinin təhlükəsizliklə bağlı narahatlığından irəli gələrək AES-in fəaliyyəti dayandırıldı. Ancaq Ermənistanın elektrik enerjisinə ehtiyacının 40 faizini təmin edən stansiyanın dayandırılması ölkədə enerji böhranın meydana gəlməsi ilə nəticələndi. Bu isə təbii enerji resurslarının qıt olduğu bir ölkə üçün sosial-iqtisadi tənəzzülə səbəb oldu. Beynəlxalq tənqid və təzyiqlərə baxmayaraq, Ermənistan böhrandan çıxmaq üçün “Metsamor”u yenidən işə saldı. 1995-ci ildən etibarən elmi və iqtisadi sferalarda “Saatlı bomba” statusu alan bu stansiya yenidən enerji istehsalına başladı.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ