İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Fərhad Babayev vəfat etdi - FOTO

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev adına Sarayın sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar Mədəniyyət İşçisi Fərhad Ağa Səlim Babayev vəfat edib.

Qeyd edək ki, Fərhad Ağa Səlim oğlu Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev adına Sarayın direktoru vəzifəsində çalışıb. 1991-1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub. Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb. 2018-ci ildə Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub. Fərhad Babayev Heydər Əliyev adına Saray (keçmiş V. İ. Lenin adına) istifadəyə verildiyi müddətdən ilk fəaliyyət göstərən işçilərdəndir. Onun təhsil sahəsində yiyələndiyi biliklər sayəsində mükəmməl mühəndis və mədəni-maarif işçisi olaraq, Sarayın indiki kimi qorunub saxlanılmasında əməyi və xidmətləri vardır. Bu illərdə Fərhad Babayev özünü mədəniyyət aləmində yaradıcı, bacarıqlı və işgüzar işçi kimi göstərib. Rəhbərlik etdiyi Heydər Əliyev adına Sarayda tədbirlərin, konsertlərin iş prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyalarının tətbiqi ilə seçilib.

Fərhad Babayev Heydər Əliyev adına Saraya rəhbərlik etdiyi illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətinə malik olması, kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması onu kollektivə sevdirib, hörmət qazandırıb. Bir çox sənətkarların böyük səhnəyə ayaq açmasında və hal-hazırda əməkdar artist, xalq artisti adına layiq görülməsində məhz Fərhad Babayevin danılmaz zəhməti olub. Fərhad Babayev respublikamızda mədəniyyətin, xalq sənətinin inkişafı üçün çox işlər görmüşdür.O sənətin bütün növlərinin inkişafı və yayılması üçün əlindən gələn bilik-bacarığını sərf edib.

Allah rəhmət eləsin!

FERHAD.jpg (40 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR