Onlayn ictimai-siyasi qəzet
Kürdəmirdə məktəblərdə şagirdlər arasında kütləvi qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumat yayılıb.
Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, bu səbəbdən bir neçə məktəbdə 1 həftəlik tətil elan edilib.
Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ötən günlərdə sosial media hesablarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca adlanan xəstəliyin yayılması barədə məlumat yayımlanıb:
“Bildiririk ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Sözügedən məsələ ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir”.
Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda qızılca virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ