İnsanlara hürriyət, millətlərə istiqlal!

Sirkulyasiya edən mövzuların sirri – çox çeynənsə də, çürümür

 

Qəribçilikdə yaşayan yazıçı Əli Əkbər yazır ki, onun vətənində, yəni Azərbaycanda 3 mövzu daimi sirkulsiyadadır: rus sektoru, türklər yaxşıdır-pisdir, bir də arvad-kişi müzakirələri...

Düzdür, bu söhbətlər müəyyən dövriliyə, intensivliyə, kütləviliyə malikdir, amma sirkulyasiyada olan başqa mövzularımız da var: kişilər şəhərə şortiklə çıxırlar; müğənni qadınlar erotik libaslar geyinir, özlərinə sponsor-kliyent-həci axtarırlar; Rusiya Amerikadan yaxşıdır və ya ABŞ Rusiyadan yaxşıdır; inanclılar və ateistlər qovğası, iqtidara satılan müxalifətçilər və əsl müxalifətçilər və s.

İl on iki ay bizim sosial şəbəkədə apardıımız müzakirələr bu mövzular ətrafında olur və bitmək bilmir.

Əcəba, bu niyə belədir? Biz bir mövzunu bu qədər müzakirə edirik, amma nədən ortaq məxrəcə gələ, birdəfəlik “bəli, bu iş belədir, yek kəlmə” deyib söhbəti bitirə bilmirik? Eyzən dönüb-dolaşır, söhbəti sovet dövrünün kasetləri kimi başa sarırıq.

Bunun dəruni səbəbləri var. Biri odur ki, biz təbiətcə höcət adamlarıq, mübahisə etməyi, haqlı çıxmağı, önümüzdəkini “neprav” çıxarmağı sevirik. Bizdən olsa, vallahi, aksiomlar üzərində də mübahisə apararıq - məsələn, qar nə rəngdədir, pambıq yumşaqdırmı, bəkdirmi, Yer planetinin kürə şəkilindədir, yoxsa düzdür və s.

Bu barədə ona görə mübahisə etmirik ki, bunlar təkzibolunmaz şəkildə isbat olunub. Heç eşşək ətinin yeyilməyə yararlı olub-olmaması üstündə də dartışmırıq. Hamı əmindir ki, yeyiləsi bir şey olsa, indiyədək yeyərdilər. Hərçənd ictimailəşdirmədən eşşək ətinin yeyilməsini, dəbdə olan hüquqi dildə desək, mübahisələndirənlər və xalqa öz xidmətlərini gizli şəkildə təqdim edənlər də var.

Müşahidələr göstərir ki, bəzi məsələlərdə artıq yavaş-yavaş yekdilləşmə prosesi gedir, güman var ki, yaxın illərdə rusdilli-pisdilli söhbəti bağlanacaq, çünki ingilisdilli balalar tank kimi gəlirlər. İnşallah, “of kous” “koneçno”nu, “qou avey” “idi otsuda”nı sıxışdıracaq, hamının canı dincələcək. Hazırda artıq “yest” və ya “xoroşo” deyən azdır, hamı “yes” və “okey” deyir.

Anadolu türklərinin yaxşı qardaş olub-olmaması xüsusunda gedən əski mübahisələr də öləziyib. Hazırda biz qazaxların, özbəklərin, qırğızların qardaşlaşdırılması kampaniyasına başlamışıq. İndilikdə yalnız türkmənlər tutduq vermir, amma onların da günü gələcək, “Made in Turan” brendi ilə məhsul buraxacaqlar.

Rusiya və ABŞ-nin hansının daha yaxşı olması barədə müzakirələr, neçə vaxtdır, başqa modda gedir, artıq əksəriyyət o fikirə meyllənib ki, ikisi də pisdir, bizdən uzaq olsunlar.

Qadln-kişi mübahisələri isə həm çoxşaxəlidir, həm şiddətlidir, həm də çox hiddətli atmosferdə gedir. Bu mübahisəyə qadınların döyülməsi, qızların erkən ərə verilməsindən tutmuş, cinsi təqibə məruz qoyulmasına qədər xeyli mübahisə predmeti olacaq söhbət var.

Açıqca hiss olunur ki, bu ölkədə qadınlar və kişilər arasında açığa çıxmış və gizli-gizli davam edən ədavət var. Tərəflər barışmaz düşmənçilik ovqatındadır, ona görə də istənilən qığılcımdan alov doğur. Bir də görürsən ki, silikon dodaqlının biri canlı yayım açıb ölkədə normal kişi olmadığını deyir və qırğın-qiyamət başlayır. Ona verilən ən tutarlı cavab belə olur ki, o qadın öz nəslindən danışır, ona görə o fikirdədir.

Ya da görürsən, bir kişi çıxıb deyir, qadın əlinin xamırı ilə kişi işinə qarışmamlıdır, üstəlik, qadınlar yaxşı maşın sürə bilmirlər. Belə olanda da qadınlar tökülüşüb adamın var-yoxunu muzey eksponatına döndərir, sərgiyə çıxarırlar. Ona görə də çox vaxt kişilər küçədə avtomobili yaxşı idarə edə bilməyən qadın görəndə ta heç nə demirlər, eləcə baxışır, başlarını bulayır, sürüb gedirlər.

Məşhur şahmatçımızın faktı konstatsiya etdiyini düşünərək dilə gətirdiyi bir-iki cümləyə görə ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi, vətəndaş qarşıdurması yaranması göstərir ki, ortaya sülməramlı qüvvələr girməsə, qalıcı sülh əldə etmək mümkün olmayacaq.

Ancaq ortaya girə biləcək “sülhməramlılar”ı da qəbul etməyənlər çoxdur. Əslində ölkədə daimi sirkulyasiya edən mövzulardan biri də elə üçüncü cinsə, LGBT-yə münasibətdir.

Qalır kişilərin şortik məsələsi. Darıxmayın, sezonu gəlir. Hələ soyuqdur. Hava bir az isinən kimi cayıllar şortik geyib Fəvvarələr meydanına çıxacaqlar, ondan sonra bu mövzuda mübahisələr də fontan vuracaq və bir xeyli sirkulyasiya edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR