İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinvar buna görə ÖLDÜRÜLDÜ - ŞOK DETALLAR

“Haniyəni və Məhəmməd Deifi öldürməklə “əlinin hara qədər çata biləcəyini” nümayiş etdirən İsrailin Sinvarı öldürəcəyi bəlli idi. Burada əsas məqam Haniyədən fərqli olaraq, Sinvarın xələfi məsələsinin sual altında olmasıdır və bu, Qəzza müharibəsinin gedişini ciddi şəkildə dəyişdirə bilər”.

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial media hesabında qeyd edib.

asif.jpg (298 KB)

Onun fikrincə, bununla da İsrail HƏMAS üzərində qələbəni elan edə bilər:

“Qəzza daxilində HƏMAS-a liderliyi üzərinə götürəcək nüfuzlu fiqurun olduğu görünmür. Haniyə və Sinvardan sonra qruplaşmada iki əsas lider qalır: Xalid Məşəl və Musa Əbu Mərzuk. Lakin hər iki şəxs Qəzzada deyil, onların qruplaşmanı kənardan idarə etməsi mümkün olsa da, müharibədə ciddi “qan itirən” HƏMAS-ın müqaviməti böyük ölçüdə davam etdirəcəyi sual altındadır. Bütün bunlar İsrailə “qələbəni” elan etmək imkanı verir”.

Asif Nərimanlı bildirib ki, girovlarla bağlı danışıqlar yenidən başlaya bilər:

“Girov danışıqları ilə bağlı daha öncə ümidlər yaransa da, Haniyənin yerinə Sinvarın gəlişi maneə yaradırdı. Təkcə ona görə yox ki, Sinvar döyüşməyin tərəfdarı idi, həm də İsrail 7 oktyabr hücumunun memarı ilə “danışıqlar masası”nda əyləşmək istəmirdi. İndi İsrailə “qisas aldığını və qələbə qazandığını” nümayiş etdirmək imkanı yaranıb və Netanhayu kabineti daxili tələbləri fonunda girovların qaytarılmasına çalışacaq. HƏMAS daxilində, ümumilikdə Qəzzada da “atəşkəs istəklərinin” çoxalması, o cümlədən Bayden administrasiyasının seçkilərə qədər “nəticə” əldə etmək istəyi də bu imkanı gücləndirir.

Əsas suallardan biri HƏMAS-ın bundan sonra nə edəcəyi, Qəzzanın taleyinin necə olacağıdır. Bölgəyə sülh gələ və beynəlxalq nəzarət mexanizmlər altında yerli idarəetmə sistemi formalaşa bilər, lakin bu, yalnız İsrailin HƏMAS-ın silahı tamamilə yerə qoyması və qruplaşmanın “faktiki hökuməti”nin ləğv edilməsi şərtlərinin reallaşması fonunda mümkün görünür.

“Girov danışıqlarının” aktuallaşacağı fonunda Qəzzada hadisələrin inkişafına dair müəyyən təxminlər irəli sürmək olar:

- İsrail müqavimət göstərən qruplaşma üzvlərinə qarşı daha çox lokal xarakterli əməliyyatları davam etdirəcək;

- Beynəlxalq müstəvidə Qəzzanın bərpası və idarəedilməsi məsələnin daxil olduğu sülh danışıqları başlaya bilər;

- HƏMAS-ın yeni liderinin danışıqlara sövq edilməsi işini ABŞ-ın istəyi ilə ərəb ölkələri həyata keçirəcəklər və alternativ seçim imkanının çox olmaması nəticə əldə etməyi asanlaşdıra bilər”.

Siyasi şərhçi vurğulayıb ki, bu proseslər fonunda HƏMAS daxilində “atəşkəs” və “döyüş” tərəfdarlarının qarşıdurması da mümkün gözləntilərdən biridir.

Xatırladaq ki, HƏMAS lideri Yahya Sinvarın Qəzzanın cənubunda İsrail əsgərləri tərəfindən öldürüldüyünü İsrail təsdiqləyib.

Sinvar 2017-ci ildən Qəzzada silahlı qruplaşmaya başçılıq edirdi və İsrail, ABŞ və Böyük Britaniya tərəfindən 7 oktyabr hücumlarının - HƏMAS silahlılarının İsraildə 1200-ə yaxın adamı öldürdüyü və 251 nəfəri girov götürdüyü hücumların təşkilatçısı kimi tanınıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS liderinin öldürülməsi Qəzzada bir ildir davam edən müharibənin sonu deyil, “sonun başlanğıcı”dır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2024

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR