İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyanın ağzından qaçırdığı o söz – ermənilər Qarabağa qayıdır?

Doğrudan da dil çaşıb düzünü deyər. İndi Ermənistan parlamentinin spikeri, özünü qarabağlı sayan Alen Simonyan da. Əslən Qarabağdan olduğu iddia edilən jurnalistlə mübahisə zamanı o, bir növ emosiyasını saxlaya bilməyib, ağzından bəzi qiymətli sözlər qaçırıb.

Söhbət işğalla bağlı ən böyük gerçəyin etirafından gedir. Amma bir var, bunu Azərbaycan rəsmiləri söyləyə, bir də var, erməni yetkililərin dilindən səslənə. Təsadüfi deyil ki, iki gündür enməni radikal-revanşistlər Simonyanı az qala linç eləməyə qalxıblar.

Hətta özünü hələ də utanmazcasına üzdəniraq “artsax”ın “prezidenti” sayan Samvel Şahramaynayn da “xortlayıb” və biri-iki ağız hürüb, Simonyandan üzr tələb edib (Günah bizdədir, gərək onu da zamanında qulaqlayıb Bakıya gətirəydik, nəinki “artsax”ın ləğvi haqda imzaladığı kağız parçasını ciddiyə alaydıq. Məhkəmədə, müttəhimlər kürsüsündə boş yer çoxdur)...

Etiraf edilməli həqiqətə gəlincə, bu da ondan ibarətdir ki, Azərbaycan torpaqlarını - keçmiş Dağlıq Qarabağ və ətraf rayonları mifik “artsax özünümüdafiə ordusu” deyil, məhz Ermənistan silahlı qüvvələri işğal edib və 2023-cü ilin sentyabr antiterror əməliyyatından sonra heç bir etnik təmizləmə olmayıb. Erməni əhali öz xoşu ilə Qarabağı tək edib.

Odur ki, Simonyanın bu danılmaz reallıqların etirafı anlamını verən, erməni jurnalistə xitabən açıqlama-iradına məxsusi diqqət edək. Sitat: “Siz Ermənistanın orda (işğal altındakı Qarabağda – Z.S.) saxladığı silahlarla və siyasi dəstəyimizlə öz yerinizdə qala, sona qədər döyüşüb mübarizə apara bilərdiniz. Amma çıxıb getdiniz. Mübarizə aparmaq lazım idi. Necə ki, Ermənistan mübarizə apardı, döyüşdü”.

Beləcə, iki-3 cümlənin içində faktiki hər şey var.

Görəsən Ermənistan öz ordusu ilə Azərbaycana qarşı niyə döyüşürmüş? Məgər ordumuz o vaxt qonşu ölkənin hansısa hissəsini zəbt eləmişdi? Yox. Bəs İrəvan suveren ərazimizdə, Qarabağda niyə silah-sursat, hərbi texnika, ümumiyyətlə, hərbi qüvvə saxlamalı idi?

Sonra. Nə üçün onun vətəndaşları “Laçın yolu”ndan qanunsuz keçməklə başqa dövlətin ərazisində - Qarabağda hərbi xidmətə göndərilməli idilər?! Qarabağdakı xunta rejimi niyə Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşirdi? Suallar əlbəttə ki, ritorikdir...

“Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıdışı məsələsi qaldırılacaq”.

Bunu da Alen Simonyan söyləyib.

Əvvəla, sülh müqaviləsi İrəvanın şərtləri əsasında yox, beynəlxalq hüquq əsasında imzalanacaq. Erməni tərəfi xam xəyallara qapılmasın. Azərbaycanın qalib və haqlı tərəf kimi tələbləri bəlli. Bu isə o deməkdir ki, həmin sənəddə hər iki tərəfdən olan qaçqınların qayıdışı ya eyni dərəcədə, fərq qoyulmadan əksini tapacaq, ya da tapmayacaq, yaxud hansısa əlavə protokolla razılaşdırılacaq. Qısası, 50:50-yə.

Erməni “köynəkdə” doğulmayıb ki. Üstəlik, Qarabağdan könüllü köç edənlərin əksəriyyəti bu və ya digər dərəcədə Azərbaycan dövlətinə qarşı çıxanlar, qanunsuz əməllər törədənlərdirsə, azərbaycanlılar “Ermənistan” adlı qədim Türk yurdundan zorla qovulan, başına müsibətlər gətirilmiş əhalidir.

Bir daha altını cızaq: Qarabağda o vaxt erməni rahat-asudə yaşayacaq ki, Ermənistanda da azərbaycanlı əhali eyni status və təhlükəsizlik zəmanəti altında kompakt mövcud olacaq. Bəyəm ədalətli deyil?..

Təəssüf ki, A.Simonyan daxil, Ermənistan rəhbərliyi yenə xarici havadarların küyünə gedərək, boş vədlərinə aldanaraq, sülh sənədinin imzalanmasını gecikdirir. Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddialarının olduğu müddəaları çıxarmağa tələsmir. Altdan-altdan, sürətlə silahlanır. Öz aləmində revanşist planlar qurur.

Baş nazir Nikol Paşinyanın Azərbaycan əleyhinə şər-böhtan xarakterli son məqaləsi buna zərrəcə şübhə saxlamadı. O zaman nəticələrinə də hazır olsunlar...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR