İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan həddini aşan Qarabağ YALANI – Türk düşmənini kim danışdırır?

Qulağımız gündə bir erməni yalanı və ya gopu eşitməsə, yəqin ki, kar olar. Xüsusən də Moskvada küllənib hamıya ağıl öyrətməyə, dərs keçməyə çalışan başı qaçmış, sırtıq erməni siyasi şarlatanlarının yalan-palanını. Onlardan biri də Kremlin erməni əsilli təbliğatçısı və boğaz yırtanı, Türk düşməni Marqarita Simonyandır.

“Sovet İttifaqı xalqları mehriban şəraitdə yaşayırdı. Lakin SSRİ dağılandan sonra millətlərarası münaqişələr başladı. Rusiya bunun qarşısını ala bildi”.

“Russia Today” beynəlxalq media qrupunun və RT televiziya kanalının baş redaktoru olan Smonyan bu iddianı dünən “Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” verilişində dilə gətirib.

Onun başqa bir sitatına diqqət: “Hamı rusların dönəmində necə mehriban yaşadı. Amma SSRİ dağılan kimi nə başladı? Qarabağ münaqişəsi, Osetiya-inquş konflikti, Tacikistan münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Abxaziya münaqişəsi, Osetiya münaqişəsi, Dnestryanı bölgədə konflikt. Bu ki, dəhşət idi. Rusların dövründə bu yox idi. Ona görə ki, ana Rusiya hamını sakitləşdirirdi, hamını yedizdirirdi. Ümumən hamı normal yaşayırdı”.

Şübhə yox ki, bu, Marqonun öz sözləri, öz leksikonu deyil. Kremlin danışan dili sadəcə, sifariş yerinə yetirir. Kimin? Vəzifəsindən göründüyü kimi, hələ də SSRİ-nin süqutunu “həzm edə” bilməyən, “SSRİ-2” üçün var gücü ilə zəmin hazırlamağa çalışan rəsmi Kremlin.

Bunu slavyan rusların dindaş Ukraynada dinc əhaliyə, o sırada uşaqlara, qadınlara qarşı günü bu gün də bitməyən vəhşilikləri bir daha sübut edir. Nə oldu, Simonyanın “barışdırıcı”, “yedizdirən”, “həlim” rusları harda qaldı bəs?..

Sonra. Simonyan uşaq deyil, babat yaşı var. O zaman sovet qoşunlarının ötən əsrin sonlarında Bakıda, Tiflisdə, Vilnüsdə, Almatıda azadlıqsevər insanları, öz vətəndaşlarını (!) necə qanına qəltan etdiyini, bu əsrin əvvəlində çeçen xalqını necə qan gölündə boğduğunu gərək ki, yaxşı xatırlaya. Bu zat onu da bilməlidir ki, SSRİ-nin sonuncu (1977) Konstitusiyasına görə (maddə 72), hər bir müttəfiq respublikanın ittifaq tərkibindən çıxmaq hüququ var idi.

Eyni hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud olub. Üstəgəl, 1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd edilirdi. 80-ci maddədə isə qeyd olunurdu ki, “hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər”. Təsadüfi deyil ki, sovet dövründə Ukrayna da SSRİ kimi BMT-nin üzvü idi (Amma indi utanmazcasına iddia edirlər ki, sanki Ukrayna adında dövlət olmayıb).

Sözü ona gətiririk ki, Simonyanın tərif yağdırdığı ruslar, mərkəzi hakimiyyət sırf “qırmızı imperiya”nın qalması naminə digər xalqlara dözüm göstərib, “xoş” münasibət bəsləyib. Həqiqətdə isə əlbəttə ki, SSRİ bir şər imperiyası, açıq səma altında “xalqlar həbsxanası” idi. O səbəbə onun dağılması, “tikişlər üzrə” sökülməsi qaçılmaz idi. “Zülmlə abad olan bir gün bərbad olar”, “kələklə gələn küləklə gedər” deyib müdriklər...

Konkret Qarabağ konfliktinə gəlincə, Ermənistanda belə arzuolunmaz şəxs elan edilən Marqo yenə gözünün içinə kimi yalan danışır. Getsin öncə o, qulağının dibindəki Rusiya arxivlərinə baxsın. O zaman əmin olar ki, bu münaqişəni elə Moskvanın özü, süni şəkildə yaradıb – uzaq 1923-cü ilin iyulunda, heç bir əsas olmadan Dağlıq Qarabağda bir ovuc erməniyə muxtariyyət verib Azərbaycan dövlətinin altına gec partlayan mina qoymaqla.

Halbuki ermənilərin öz respublikaları artıq mövcud idi – Ermənistan Respublikası. Yeri gəlmişkən, ermənilər SSRİ tərkibində yeganə toplum idi ki, həm müttəfiq respublikaya malik idilər, həm də muxtar vilayətə. İkinci belə xalq yox idi...

Bu da sirr deyil ki, Rusiya ələlxüsus milli ucqarlarda öz imperialist siyasətini daim münaqişələr yaratmaqla, “parçala, hökm sür” ənənəvi taktikası ilə, xalqları bir-birinə qarşı qoymaqla sürdürüb. Keçmiş Dağlıq Qarabağ ixtilafının on illərlə həll olunmamış qalmasının əsas baiskarı da yenə məhz Moskva idi. Təfərrüata nə ehtiyac.

Rusiya Qarabağda erməni separatizminə və özünün yaratdığı xunta rejiminə son ana kimi hər cür dəstək verdi. Qalmayan oyunlardan çıxdı. Bütün bunlar əsrlər öncə yox, cəmi bir neçə il qabaq, dünyanın gözü önündə yaşanıb. Daşnak xislətli Simonyan onları görməzdən gələ bilməz. Əgər təbii ki, gözündəki “çəhrayı eynəyi” çıxarmağa cəsarəti çatsa.

Nəhayət, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi elan eləməsindən ən çox təlaşa düşən də yenə Kreml oldu. Heç Fransa da deyil. Görəsən niyə? Sənin “barışdırıcı”, aranı “sakitləşdirən” rusun harda qaldı, Marqo?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR