Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Bakıda səfərdədir.
Şimali Kiprin Mədəniyyət və Təqdimat Günləri çərçivəsində təşkil olunan sərgidə iştirak edən Prezident “Yeni Müsavat”a özəl açıqlamalar verib.
Ersin Tatar müxbirimizin “Azərbaycan tərəfindən Şimali Kipr Türk Respublikasının tanınması məsələsi qaldırıla bilərmi?” sualına belə cavab verib:
“Təbii ki, hazırda Azərbaycan və Şimali Kipr arasında mədəniyyət, iqtisadiyyat, turizm sahəsində olan əlaqələrimizi genişləndirməyə çalışırıq. Düşünürəm ki, o gün gələcək. Amma hazırda biz bu məsələnin təməlini qurmağa çalışırıq.
Bildiyiniz kimi, Türkiyənin bütün dünya dövlətlərinə “Şimali Kipr Türk Respublikası ilə əlaqələrinizi genişləndirin” deyə çağırışı var. Azərbaycanla əlaqələrimiz həmişə çox yaxşı olub. Biz Azərbaycanı Can Azərbaycan, qardaş ölkə olaraq gördük və bu, bundan sonra da belə olacaq. Biz eyni mədəniyyətə, eyni taleyə malikik, bizi bir-birimizə bağlayan çox böyük bir zənginlik var. Azərbaycanda böyük sevgi, məhəbbət gördüm və inanıram ki, bu gözəlliklər bizi daha böyük uğurlara aparacaq”.
Ersin Tatar qeyd edib ki, Azərbaycan Qarabağ zəfərindən sonra çox güclənib, Türkiyə ilə münasibətləri çox yaxşı şəkildə gedir və bütün bunlar Şimali Kipr Türk Respublikasına dəstək verir:
“Biz də eyni millətin Güneydəki türk dövləti olaraq, özümüzü bu dünyanın bir parçası olaraq görürük. İnşallah, yaxın vaxtlarda çox böyük irəliləyişlər olacağına ümid edirəm.
Mən Azərbaycan Prezidenti İlham Əliyevlə dəfələrlə görüşmüşəm. Həmçinin bizim nazirlər, millət vəkilləri mütəmadi olaraq Azərbaycana səfərə gəlirlər. Gördüyünüz kimi, bu gün bizim bayrağımız da Azərbaycanda, bu tədbirdədir. Buna görə, bizə verdiyi böyük dəyər üçün cənab İlham Əliyevə çox təşəkkür edirik. Hesab edirəm ki, bütün bunlar yavaş-yavaş rəsmiyyətə çevriləcək.
Bilirəm ki, bir sıra Avropa ölkələri Azərbaycana gələrək, təzyiq edirlər ki, “Qəti şəkildə Şimali Kipr Türk Respublikasını tanımayın!” və sairə. Bu, bizə qarşı edilən böyük haqsızlıqdır. Kiprdə iki respublika var – Kipr Yunan Respublikası, Şimali Kipr Türk Respublikası. Kipr Yunan Respublikasını tanıyırlar, amma Şimali Kipr Türk Respublikasını silməyə çalışırlar. Lakin biz bu mübarizədən geri çəkilmədik, necə ki, Azərbaycan heç vaxt geri çəkilmədi. Müstəqilliyimiz, azadlığımız bizim ən böyük zənginliyimizdir. Heç bir zaman da geri dönməyəcəyik və bu müqəddəs yolda irəliləyəcəyik. Çünki bizim arxamızda Türk dünyası, Türkiyə dövləti var. İnşallah ki, bundan sonra Azərbaycan da olacaq. Çünki biz sizlərin bir parçasıyıq. Eyni millət olaraq, haqqımızı almağa çalışırıq. Bizim heç kəsin haqqında gözümüz yoxdur, yalnız öz haqqımızı istəyirik.
Beləliklə, Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi bizim üçün çox önəmlidir. Bir daha qeyd edirəm, tanınma məsələsi bir qədər sonra ola bilər, amma indi əlaqələrimiz çox gözəl nöqtəyə gəlib çıxıb və bundan çox məmnun olduğumuzu bildirmək istərdim”.
Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ